• 26 Sentyabr 2020
logo
Operativ Qərargah koronavirus testlərinin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir

Operativ Qərargah koronavirus testlərinin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir - Musa Quliyev

Nazirlər Kabineti yanında Operativ Qərargah özəl klinikalarda koronavirusa görə aparılan testlərin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, özəl klinikalarda aparılan testlərin qiyməti kifayət qədər bahadır: "Koronavirus pandemiyası hələ uzun müddət davam edəcək. İnsanların da müxtəlif səbəblərdən koronavirusa görə testdən keçməsinə ehtiyacı yaranacaq. Kimsə xəstəlik səbəbinə görə, kimsə xaricə səfərlə bağlı, kimsə də özünə arxayın olmaqdan ötrü testdən keçməli olacaq. Bu testlər dövlət tərəfindən pulsuz aparılır. Amma özəl sektorda bu testlər pulla aparılır və qiymət də kifayət qədər bahadır. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu qiymətlərin optimallaşdırılması üçün tədbirlər görməlidir və bunu edə də bilər”.

M.Quliyev qeyd edib ki, qiymətlərin optimallaşdırılması üçün dünya təcrübəsi öyrənilməlidir: “Koronavirusa görə müxtəlif testlər var. İlkin məlumat vermək üçün diaqnostik testlər, qan analizi vasitətəsilə aparılan və s. testlər var. Testlərin müxtəlif ölkələrdən gətirilməsi və bir neçə şirkətdən alınması imkanları da var. Koronavirusa görə aparılan testlərin gətirilməsi üçün özəl sektora da imkan vermək olar ki, onlar özləri daha uyğun qiymətə test alıb gətirsinlər, qiymətlər optimallaşdırılsın. Ya da əgər Operativ Qərargah bu məsələnin daha çox dövlətin nəzarətində saxlanılmasını, diaqnozun daha dəqiq və təhlükəsiz olması baxımından onun bir əldən gətirilməsini istəyirsə, onda bunun daha ucuz formalarını tapmalıdır. Biz ən azından qonşu Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Bu ölkədə bir deyil, bir neçə formada testlər var və bu testlər müxtəlif şirkətlərin istehsalıdır. Onlar da özəl klinikalarda müxtəlif qiymətlərə təqdim edilir və qiymətlər də kifayət qədər ucuzdur”.

Komitə sədrinin qənaətincə, Operativ Qərargah bütün bu məsələlərə qısa zaman ərzində öz fikrini bildirməlidir.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 12 özəl klinikaya laboratoriyasında COVİD-19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparmağa icazə verilib.

Klinikalarda testin aparılması təxminən 100-120 manata başa gəlir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Trend-ə bildirib ki, testlərin aparılması üçün seçilən klinikalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib. Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib.