• 16 Aprel 2024
logo
"Azərbaycanın əsas strateji müttəfiqi qardaş Türkiyədir”

"Azərbaycanın əsas strateji müttəfiqi qardaş Türkiyədir”

Bədrəddin Quliyev: “Beşinci Kolon Azərbaycanda dövlət çevriliş etmək istəyirdi”

Qardaş Türkiyə 11 minlik qoşunu ilə Azərbaycanda hərbi təlimlər keçirdi. Eyni zamanda iki dövlət arasında hərbi-strateji baxımdan yeni anlaşmalar gündəmə gətirildi. Bu, ilk növbədə Azərbaycanda Türkiyəyə məxsus hərbi bazaların daimi fəaliyyəti mövzusu aparıcı faktora çevrildi. Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşməsinə qarşı çıxanlar və dəstək verənlər arasında müzakirələr oldu. Əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları Türkiyə hərbi bazalarının vacibliyini xüsusi şəkildə vurğuladılar. Türkiyənin bir sıra siyasi və ictimai qurumları ilə uzun illərdir sıx təmasda olan CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyev “Hürriyyət” qəzetinin müxbiri ilə söhbətində ilginc açıqlamalar verdi.

– Bədrəddin bəy, Türkiyə Milli Ordusuna məxsus hərbi bazaların Azərbaycanda mövcud olmasını necə qiymətləndirirsiniz?

–Türkiyə Milli Ordusunun 11 minlik əsgəri qüvvə ilə Azərbaycana gəlməsi heç də təsadüfi hadisə deyil. Çünki, tarixi proseslər yenidən təkrarlanır. 1918-ci ildə başda Nuru Paşa olmaqla 300 nəfərlik hərbi qüvvə ilə Batumi üzərindən gəlmək istəyirdi, bu zaman Gürcüstanın menşevik hökuməti cazə vermədi. Elə həmin çağda bir yandan ingilislər, digər yandan isə, bolşeviklər nəinki Bakını, hətta Gəncəni də ələ keçirərək Azərbaycan Milli Hökumətinin qurulmasına qarşı çıxırdılar. Belə bir məqamda Türk Ordusu 11 minlik qoşunla Dilican dərəsi üzərindən Qazaxa və Gəncəyə daxil oldular. Çünki, Qazax, Şəmkir, Tovuz və Ağstafa Azərbaycan üçün strateji baxımdan önəmli bölgə sayılır. Dəmir yolları və neft kəməri buradan Türkiyə ilə nəqliyyat baxımından xüsusi əhəmiyyət daşıyır. Türk qoşunları və Azərbaycan Hökumətinin hərbi kəşfiyyat idarəsinin səlahiyyətli nümayəndəsi Nağı Bəy Şeyxzamanlı Nəsib Bəy Usubəyli və Əhməd Bəy Ağoğlunun tapşırığı ilə Qarabağda Fransa, Rusiya və İngiltərənin dəstəyi ilə dövlətçiliyimizə qarşı çıxan ermənilərin yerində otuzdurulması üçün çox iş gördülər. Şuşa Qalası bizim tam nəzarətimizə keçdikdən sonra, ermənilər ağ bayraq qaldıraraq 24 maddəlik sənədə imza atdılar. Bu dövrdə Nuru Paşa təsadüfi olaraq seçilməmişdi. O, Osmanlının müdafiə naziri Ənvər Paşanın qardaşı idi. Nağı Bəy bildirmişdi ki, 1828-ci ildə Cənubi Qafqazın Çarlıq Rusiyası imperiyasının işğalından sonra, məqsədli şəkildə türk-müsəlman əhalisinin kütləvi şəkildə silahsızlaşdırılması siyasəti yürüdülübdür. Ona görə də bizim əhalinin çoxunun nə silahı var, nə də hərbi texnikadan istifadə etməyi bilmir.

–Hətta həmin dövrdə ayrıca “Bakı Respublikası”nın yaradılması təşəbbüsləri irəli sürülmüşdü.

–Bakını Azərbaycandan ayıraraq özlərinin imperiya və sömürgəçi siyasətinin təsiri altına almaq üçün, “denikinçilər”, “bolşeviklər”, “ingilislər”, “daşnaklar” və digər qüvvələr arasında mübarizə gedirdi. Onlar fərqli düşərgələrə malik olsalar da, hədəf olaraq, yerli türk-müsəlman əhalisini qətliam edirdilər. Belə bir ərəfədə iki dəfə ayrıca dövlət qurmaq təşəbbüsləri oldu. Bu, ingilislərin nəzarətində olan “Sentro Kaspi” və bolşeviklərin rəhbəri Stepan Şaumyanın elan etdiyi “Bakı Kommunası” ikili standartlı siyasətdən ibarət idi. Çünki, neft amlinin kimin nəzarətində olması strateji hədəf idi. Neft amilinə görə ingilislər və ruslar regiona sahib olmaq üçün mübarizə aparırdılar. Halbuki, neftin qanuni sahibi Azərbaycan Türkləridir. Nuru Paşanın komandanlığı altındakı Türk Ordusunun qələbələri imperialist güclərin hədəflərinə son qoydu. Bakının Türk Ordusu tərəfindən erməni, rus və ingilis qüvvələrinin təmizlənməsi həm də, Türküstanda 1914-1918-ci illərdə erməni- rus hərbi qüvəvlərinin törətdikləri və indi də tarixdən gizli saxlanılan soyqırımların qarşısının alınmasına xidmət etdi.

–Bədrəddin bəy, Türk Ordusunun Bakıya gəlməsi ilə nələr dəyişdi?

–Türk Qoşunlarının Bakıya gəlməsi bir sıra regional problemlərin həllinə nöqtə qoydu. Əli İhsan Sabis Paşanın komandanlığı altında 9-cu Kolordu Ordusu Güney Azərbaycanın Səlmas, Xoy, Urmu, Şəbüstər, Mərənd, Sulduz, Tikantəpə, Culfa, Qoşaçay, Meşkin kimi şəhərlərində Fransa, İngiltərə, Rusiyanın silahları ilə təmin edilmiş erməni-kürd-aysorların birlikdə Türk toplumuna qarşı yürüdülən soyqırımın qarşısı alındı. İzzət Yusuf Paşanın komandanlığı ilə Dağıstanda rus generalı Lazar Biçeraxovun idarə etdiyi Rus-Kazak ordusunun adı altında ermənilərin Dağıstanın Dərbənd, Kaspi, İnciqala, Boynak, Temirxanşura və digər şəhərlərdə törətdikləri kütləvi qətllərin qarşısı alındı və AXC hökumətinin ardından bütün Quzey Qafqaz toplumlarını bir araya gətirən, konfederativ “Dağlı Respublikası” yaradıldı. Naxçıvan, Qarabağ, Borçalı və Zəngəzurda ermənilərin quldur dəstələri tamamilə darmadağın edildi. Beləliklə Gürcüstan və Dağlı Respublikası AXC hökumətinin strateji müttəfiqi statusu ilə çıxış etdilər. AXC hökuməti Şərqin ilk demokratik dövləti kimi tarixdə əbədi bir iz buraxdı.

–Bu dəfə də Türk Ordusu 11 minlik qoşunla Azərbaycana gəldi. Sizin fikriniczə yarixi ədalət bir daha öz yerini tutacaqmı?

–Əlbəttə. Mən buna sadəcə bir partiya sədri kimi, həm də insan olaraq, çox inanıram. Ermənistanın silahlı qüvvələri 12 iyul tarixində Tovuz rayonu ərazisində bir sıra hərbi provakasiyaları törətməli idi. Çünki, buradan Azərbaycanın dünyaya çıxışı baxımdan strateji əhəmiyyət daşıyan dəmiryolu, neft və qaz kəmərləri, enerji xətləri çox vacib nədliyyat dəhlizi sayılır. Tovuzda bu provakasiyalar baş tutsaydı, Azərbaycanda son vaxtlar mövqeləri ciddi şəkildə sarsılan “Beşinci Kolon” hərəkətə keçərək dövlət çevrilişi etməklə ölkəmizi “Banan Respublikası”na çevirəcəkdi. Elə bu ərəfədə Türk Ordusu Azərbaycana gəldi. Onu da gizlətmək olmaz ki, 1919-cu il mart və 1920-ci ilin 28 fevral ssenarilərinin davamı kimi “Beşinci Kolon” hakimiyyəti ələ almaqda israrlı idi. Cənubda “Azərbaycan Şiə Dövləti”, Şimal üzərindən “Azsaylı Xalqların Hüquqlarını Müdafiə”si ilə separatizmə dəstək verən qüvvələr də hazır vəziyyətə gətirilmişdilər. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Mingəçevir və digər iri şəhərlərdə “Beşinci Kolon”nun dəstəyi ilə başıpozuqlar hərəkətə keçəcəkdilər. Eynilə 1993-cü il 4 iyun tarixində olduğu kimi.

–Bəs ermənilərin qazancı necə olacaqdı?

–Ermənistanın baş naziri Paşinyan olduqca bic oyun oynadı. Tovuz rayonundakı Azərbaycan üçün strateji əhəmiyyət daşıyan enerji koridorunun Rusiyanın nəzarətinə keçməsi sayəsində Fransanı Cənubi Qafqaz siyasəti məsələsində oyuna gətirməklə İrəvanın Avropanın yanında olduğunu nümayiş etdirmək istəyirdi. Ermənilər dərk edirlər ki, Rusiyanın artıq Cənubi Qafqazda dayaqları zəifləməkdədir. Bu yaxınlarda Türkiyənin müdafiə naziri Hülusi Akar Rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdə 1919-cu ildə ABŞ prezidenti Vudri Vilsonun ermənilərin təhlükəsizliyi üçün Qərbin sorumluluq vəkalətini ortaya qoydu. Şoyqu “Siz bununla nəyə işarə vurursunuz” sualını verdikdə, Hülusi Akar ona belə bir cavab verib: “Ermənilər yaxında Rusiyanı satacaqlar. Onlar tarixən kim güclü olubsa dərhal onun tərəfinə keçiblər”.

–Belə bir faktın Rusiya ilə nə kimi əlaqəsi var?

–Bu yaxınlarda İrəvanda “Fransızdilli Ölkələr” adlı böyük bir tədbir keçirildi. Halbuki, Ermənistanın Fransa bu məsələ ilə bağlı heç bir bağlılığı yoxdur. Ermənilər artıq dərk edirlər ki, dünyanın siyasi mənzərəsində tamamilə yeni proseslər önə çıxır. Ənənəvi şəkildə əgər “Anqlo-Saks və Rusiya işbirliyi”nin çərçivəsində ermənilər öz maraqlarını təmin edərək Cənubi Qafqazda, Anadoluda, Yaxın Şərqdə istədikləri ssenarilərdə asanlıqla yer alırdılarsa, bu dəfə həmin planların heç birində onlara yer yoxdur. Ona görə də Cənubi Qafqazda Rusiya ilə Türkiyəni üz-üzə qoymaq taktikası ilə hərəkət etmək istəyirlər. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsi əsasında Cənubi Qafqazda ermənilərin aktiv duruma gətirilməsi və indiki İraq, Suriya və İranda süni şəkildə kürd faktorunun önə çıxarılmasının ardından ermənilərin çoxlu terror təşkilatlarının üzə çıxması siyasəti artıq iflasa uğramaqdadır. İndi PKK, YPG, PJAK və digər onlarca terror təşkilatlarının acı məğlubiyyətə uğraması bu siyasətin iflasa uğramasını təsdiq edir. Belə bir məqamda Azərbaycan dövlətinin Qərblə ciddi münasibətlərinin inkişaf etməsi və Türkiyə ilə strateji müttəfiqliyi Rusiyanın imperiya siyasətinin Cənubi Qafqazdan uzaqlaşdırılması deməkdir. Bunun səbəblərindən biri də Rusiyanın Balkanlardan geri çəkilmək zorunda qalması, ölkədəki türk-müsəlman xalqlarının etnik separatizmlə deyil, tarixi coğrafi sərhədləri çərçivəsində milli-mədəni hüquqlarını tələb etməsi, Kremlin beynəlxalq səviyyədə iqtisadi baxımdan blokadaya alınması həm də Cənubi Qafqazda fərqli proseslərə yol açır.

(ardı var)
Söhbətləşdi: Ənvər Yusifoğlu