• 29 Mart 2024
logo
“Qarabağ” mehmanxana kompleksi yenidən inşa edilsin

“Qarabağ” mehmanxana kompleksi yenidən inşa edilsin

Cümhuriyyət Xalq Partiyası Azərbaycan Respublikasının I Vitse-Prezidentinə müraciət ünvanlayıb
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev vaxtilə paytaxt Bakının nadir memarlıq incilərindən sayılan “Qarabağ” mehmanxana kompleksinin yenidən inşa edilməsi ilə bağlı Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Hörmətli Mehriban xanım,
Vaxtilə paytaxt Bakının müasir memarlıq incilərindən biri də “Qarabağ” mehmanxanası olub. Paytaxta gələn bütün qonarların ilk olaraq tanış olduğu və şəhərin hündür yerində inşa edilmiş bu nadir memearlıq abidəsi - “Qarabağ” mehmanxanası füsunkarlığı ilə hər kəsin gözünü oxşayırdı. 1976-cı ildə istismara verilmiş bu nadir memarlıq incisi, həm də paytaxt Bakının simvollarından biri sayılırdı. Qayalı təpənin üzərində ucaldılan bu memarlıq abidəsi 1978-ci ildə ABŞ-ın Nyu-York şəhərində nəşr edilən "Dünyanın Memarlıq Ensiklopediyası”na daxil edilmişdi. Binanın layihəsi zərifliyinə görə, “Qarabağ” mehmanxanası 1979-ci ildə Fransada "Le Korbyuze” mükafatını almışdı.
“Qarabağ” mehmanxanası Bakı amfiteatrının qayalı yüksəkliyi üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən görünürdü. Sütunlar üzərində dayanan 10 mərtəbəli bu unikal memarlıq nümunəsinin üzərini Azərbaycan monumental rəssamlıq məktəbinin böyük ustadları Oqtay Şıxəliyev və Hacıbala Rəcəbovun nadir sənət əsərləri – xalq məişət və müasir incəsənət elementlərinin vəhdət təşkil etdiyi mozaikalar bəzəyirdi.
2004-cü ildə "Uğur 97" adlı bir şirkət mehmanxananın binasını almış, sonra isə, bəlli olmayan səbəblər ucbatından Azərbaycanın və onun paytaxtı Bakının rəmzlərindən biri sayılan “Qarabağ” tamamilə məhv edilmişdir. Mehmanxana ərazisi əvvəlcə pullu dayanacaq kimi fəaliyyət göstərmiş, sonradan tamamilə sökülmüşdür. İndi həmin ərazidən topdansatış inşaat mallarının ticarət mərkəzi kimi istifadə olunur. Bizim fikrimizcə, “Qarabağ” adının bəzi qaranlıq qüvvələrin əli ilə silinməsi siyasətini yürüdənlər bu addımı da eyni niyyəylə həyata keçiriblər. Biz inanırıq ki, “Qarabağ” adının yenidən Bakının ən hündür məkanında görünməsi xalqımızın milli-vətənpərvərlik ruhunu, milli birliyini özündə əks etdirəcəkdir.
Hörmətli Mehriban Xanım!
Çox istərdik ki, tarixi ədalət öz yerini tutsun və “Qarabağ” adı yenidən ən uca məkandan göz oxşasın. Qeyd edək ki, həmin ərazidə, yəni Təbriz prospektində son zamanlar yeni yaşayış binaları və parklar inşa edilir. Belə layihələr paytaxt Bakını daha da gözəlləşdirir. Ona görə də həmin əraziyə Sizin rəhbərliyiniz altında Qarabağın adının qaytarılması və memarlıq abidəsinin yenidən xalqın istifadəsinə verilməsi hər kəsi sevindirərdi. Qarabağımızın adını simvolizə edən mehmanxana kompleksinin bərpası, həm də şəhərimizin qonaqları üçün önəmli bir informasiya daşıyıcısı rolunu oynaya bilərdi.
Biz inanırıq ki, Sizin himayənizlə “Qarabağ” mehmanxana-kompleksi əvvəlki memarlıq görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək və yenidən paytaxtımızın rəmzlərindən birinə çevriləcəkdir”.