• 27 Sentyabr 2020
logo
Deputat: “İstanbul konvensiyasını ratifikasiya etmiş ölkələrdə ciddi narahatlığın şahidiyik”

Deputat: “İstanbul konvensiyasını ratifikasiya etmiş ölkələrdə ciddi narahatlığın şahidiyik”

"Avropa Şurasının Qadınlara və məişət zorakılığına qarşı 2011-ci ildə İstanbulda keçirilən iclasda qəbul olunmuş İstanbul konvensiyası Avropa Şurası və bir sıra Qərb dövlətləri tərəfindən ciddi şəkildə təşviq olunur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızı qeyd edib ki, konvensiyanın məqsədlərindən biri qadın hüquqları, gender bərabərliyi mövzusunu daha da aktual və prioritet problem kimi gündəmdə saxlamaq, bunların həyata keçirilmə vəziyyətinin təşviqidirsə, digər tərəfdən bu sahədə mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsidir: “Azərbaycanda isə qadın hüquqları sahəsində zəngin qanunvericilik bazası var. Konstitusiyadan irəli gələn “Gender bərabərliyi haqqında”, “Qadınlara qarşı məişət zorakılığına qarşı mübarizə haqqında” xüsusi qanunlarla bərabər, müvafiq qanunlarımızda da qadın hüquqları tam tənzimlənir. Lakin İstanbul konvensiyasında bəzi məqamlar Avropa Şurasına üzv olan bəzi ölkələrin cəmiyyətlərində çox ciddi narahatlıq yaradıb. Əslində, bu cəmiyyətlərdə yaranmış narahatlıq anlaşılandır. Bu narahatlıqlar əsasən konvensiyada olan cinsi azlıqların hüquqları ilə bağlıdır. Belə ki, üçüncü cinsin hüquqlarının təmin və tənzim edilməsinin təşviqi, eynicinsli nikahları tanınmasının ailə ənənələrini zədələyəcəyi və xalqların milli dəyərlərinin assimilyasiya olunma təhlükəsi ilə üzləşdiyi düşünülür. Ümumiyyətlə isə konvensiyanın 4-cü bəndində “sexual orientation, gender identity” ifadəsi yer alır”.

Azərbaycan ilk gündən bu konvensiya ilə bağlı mövqeyini ortaya qoyduğunu qeyd edən M. İbrahimqızı Azərbaycanın bu konvensiyaya qoşulmadığını deyib: “AŞPA-ya üzv ölkələrdən yalnız Azərbaycan və Rusiya bu konvensiyaya qoşulmayıb. AŞPA-ya üzv ölkələrin bir qismi bu konvensiyanı imzalayıb, bəziləri isə imzalamaqla bərabər, həm də ratifikasiya edib. Bəzi ölkələrdə isə konvensiyaya uyğun olaraq, hətta müvafiq qanunlar da qəbul olunub. Ancaq üzv ölkələrin heç də hamısı konvensiyanı ratifikasiya etməyib. Ukrayna, Moldova, Macarıstan, Çex Respublikası, Slovakiya, Bolqarıstan, Litva, Latviya, Lixtenşteyn, Böyük Britaniya və Ermənistan konvensiyanı ratifikasiya etməsə, də imzalayıblar. Konvensiyanı ratifikasiya edən bəzi ölkələr isə yuxarıda göstərilən narahatlıqları öncədən nəzərə alaraq, konkret qeyd-şərtlər irəli sürüblər. Məsələn, Xorvatiyanın qeyd-şərtində göstərilir ki, konvensiyanın müddəaları Xorvatiyanın hüquq və təhsil sisteminə gender ideologiyasının daxil edilməsi və nikahın konstitusion tərifini dəyişmək öhdəliyi qoymur. Bu gün bu konvensiyanı ratifikasiya etmiş digər ölkələrdə də ciddi narahatlıqların şahidiyik”.

Deputat xatırladıb ki, Polşa hətta İstanbul Konvensiyasından çıxmaq niyyətini bildirib: “Bütün bunlar konvensiya ilə əlaqədar ciddi narahatlıqların olmasını göstərir. Azərbaycanda isə bəzi qüvvələr bu konvensiyanın xalqımızın milli dəyərləri ilə uzlaşmayan müddəalarını nəzərə almadan onun imzalanması və ratifikasiya olunması tələbi ilə ölkədə narahatlıq yaratmaq istəyirlər. Sözsüz ki, “5-ci kolon”dan dəstək alan bu qüvvələrin məqsədi cəmiyyətdə hansısa problem yaratmaqdır. Lakin bu, mümkün deyil. Çünki xalqımızın min illər boyu yaratdığı milli-mənəvi dəyərlərin qorunması, mühafizə olunması və gələcək nəsillərə ötürülməsi tək dövlətin işi deyil, həm də ümumxalq vəzifəsidir”.