• 19 Yanvar 2021
logo
BMTM rəhbərliyinin beynəlxalq mediada Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalələri dərc olunub

BMTM rəhbərliyinin beynəlxalq mediada Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalələri dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbərliyinin beynəlxalq mediada Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatla bağlı yazıları çap olunub.

BMTM-nin mətbuat xidmətindən verilən məlumata görə, Mərkəz rəhbərliyinin 3 müxtəlif nəşrdə bu mövzu ilə bağlı məqalələri dərc olunub.

Vyanada yerləşən Sülh üçün Beynəlxalq İnstitutun (İPP) saytında BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin baş məsləhətçisi Vasif Hüseynovun birgə müəllifi olduqları “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub” adlı məqalə dərc edilib. Məqalə daha öncə həmin saytda erməni tədqiqatçısının yazdığı məqaləyə cavab olaraq verilib. Həmin məqalədə guya Azərbaycanın Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasını (AES) vurmaq niyyətində olduğuna və Tovuz hadisələrini Azərbaycanın başlatdığına dair ittihamlar səsləndirilib. Buna dərhal reaksiya verən BMTM ekspertləri göndərdikləri məqalədə Ermənistan – Azərbaycan münaqişəsinin və sülh danışıqlarının qısa tarixi, BMT qətnamələri də daxil olmaqla, beynəlxalq hüququn tələbləri, Tovuz hadisələrində ölkəmizin üzləşdiyi təhdidlər barədə qeyd ediblər.

BMTM ekspertləri vurğulayıb ki, 2018-ci ildən etibarən münaqişənin həlli istiqamətində başlayan müsbət dinamika Ermənistanın Baş Naziri Nikol Paşinyanın ardıcıl təxribatçı addımlarından sonra dayanıb və bugünkü təhlükəli səviyyəsinə çatıb.

BMTM-nin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın ABŞ-da Corctaun Beynəlxalq Əlaqələr Jurnalında “Ermənistan-Azərbaycan kontekstində bərpaedici ədalət” adlı məqaləsində münaqişə tərəfləri arasında düşmənçiliyi sakitləşdirmək üçün mümkün tədbirlər nəzərdən keçirilir və bərpaedici ədalətin vacib faktor olduğu vurğulanır. Bildirilir ki, Azərbaycan torpaqlarının işğal faktı bərpaedici ədalət üçün perspektivləri təhlükə altına alır: “Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional stabillik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”.

BMTM-nin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “The London Post” internet saytında “Dərketmə uğrunda mübarizə: çevrilmiş gerçəklik” adlı məqaləsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və həll edilməsi ilə bağlı mövcud maneələr araşdırılır və bu kontekstdə Ermənistan dövlətinin və eləcə də erməni diasporunun münaqişənin mahiyyətini təhrif etmək istiqamətində apardıqları fəaliyyəti təhlil edilir.

Qeyd edilib ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməsi üçün ilk olaraq beynəlxalq ictimaiyyət Ermənistanın “cəzasızlıq sindromuna” son qoymalı, vahid və razılaşdırılmış tədbirlər həyata keçirməklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin erməni işğalından azad edilməsinə nail olmalı və tarixi Qarabağ bölgəsindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtması üçün müvafiq tədbirlər həyata keçirməlidir.