• 25 Sentyabr 2020
logo
Vətəndaşların sosial rifahının yaxşılaşmasına yönəlik layihələr həyata keçirilir

Vətəndaşların sosial rifahının yaxşılaşmasına yönəlik layihələr həyata keçirilir

Dünyanı cənginə alan koronavirusa qarşı mübarizə, əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən Azərbaycan, eyni zamanda indiki çətin dövrdə də sosial dövlət olaraq çoxistiqamətli dəstək proqramları reallaşdırır.

Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində ötən dövrdə bütün istiqamətlərdə mövcud olan güclü iqtisadi potensial, uğurlu sosial siyasət, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar, "Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə pandemiyaya qarşı yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhranı uğurla adlayıb keçməyə imkan verir.
Bunu xalqcebhesi.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün istər pandemiyaya qarşı mübarizə və əhalinin sağlamlığının mühafizəsi, istərsə də pandemiyanın iqtisadiyyata və sosial rifaha mənfi təsirlərinin azaldılması sahəsində Azərbaycanın uğurlu iş təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir və bir örnək kimi qəbul olunur. Ölkəmizin pandemiya ilə mübarizədə təşəbbüsləri, təsirli tədbirləri başqa dövlətlər tərəfindən də tətbiq edilir: “O cümlədən həyata keçirilən uğurlu sosial layihələr. Bu layihələr pandemiya dönəmində zərər çəkən vətəndaşların sosial rifahının yaxşılaşmasına yönəlik bir proqramdır ki, yerlərdə razılıqla qarşılanır. Azərbaycan hakimiyyəti bu layihələri həyata keçirməklə hər zaman vətəndaşının yanında olduğunu göstərir. Bunlardan biri də işsizlərə birdəfəlik yardımların verilməsidir”.
Qeyd edək ki, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Azərbaycan Prezidentinin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.

D.Məmmədova onu da vurğulayıb ki, koronavirus epidemiyası dövründə də "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən İ.Əliyevin güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir: “Bu istiqamətlərə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. daxildir”.
Cavid