• 17 Oktyabr 2021
logo
“Əhalinin güzəranı ildənilə yaxşılaşır”

“Əhalinin güzəranı ildənilə yaxşılaşır”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənən Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov xalqcebhesi.az-a açıqlamasında bildirib ki, Azərbaycan prezidentinin sosial layihələri həmişə vətəndaşların sosial rifahının yaxşılaşmasına iatiqamətlənib: “Bu siyasəti təkcə pandemiya dövrünə aid etmək olmaz. Azərbaycan hökumətinin apardığı iqtisadi, sosial islahatlar vətəndaşın güzəranının yaxşılaşmasına yönəlib. Ona görədir ki, Azərbaycanda yoxsulluq aradan qaldırılır, yeni iş yerləri açılır. Bir sözlə, əhalinin günü-güzəranı get-gedə yaxşılaşır”.

QHT sədri onu da qeyd edib ki, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: “Statistikaya əsasən demək olar ki, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilir”.

F.Kərimov onu da vurğulayıb ki, əhalinin məşğulluq imkanlarının artırılması da hökumətin nəzarətindədir. Bununla bağlı prezidentin sərəncamları yerlərdə uğurla həyata keçirilir: “Dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb”.

QHT sədri sonda onu da qeyd edib ki, pandemiya dönəmində zərərçəkən sahibkarlara da maddi dəstək göstərilir ki, bu da birbaşa dövlət başçısının vətəndaşının yanında olduğu anlamıdır.

Cavid