• 29 Mart 2024
logo
Düşmənlərimizi narahat edən xalqımızın mübarizə əzmidir

Düşmənlərimizi narahat edən xalqımızın mübarizə əzmidir

Azərbaycanın cəbhə xəttində, diplomatik müstəvidə əldə etdiyi uğurlar, xaricdə yaşayan həmvətənlərimizin Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi ilə bağlı fəallıq nümayiş etdirmələri təkcə işğalçı ölkənin siyasi dairələrini, ultramillətçi erməni təşkilatlarını deyil, tarix boyu “erməni məsələsi”ndən geosiyasi təzyiq aləti kimi istifadə edənləri, anti-Azərbaycan dairələrini də narahat edir.

Azərbaycanın diplomatik müstəvidə həmlələri gücləndikcə, xaricdə yaşayan həmvətənlərimiz öz tarixi Vətənlərinin haq səsini dünyaya çatdırmaq üçün səfərbər olduqca, ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyaları da daha intensiv, daha aqressiv şəkil alır.
Son günlər ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq”, “Amerikanın səsi” kimi radioların da anti-Azərbaycan kampaniyasının ön sıralarında yer almaları, ölkəmizə münasibətdə hər zaman olduğundan daha qərəzli və bir çox hallarda erməni təbliğat maşınının elementlərindən biri kimi davranmaları, prosesin Ermənistan, erməni diasporu, erməni lobbisi ilə sinxron həyata keçirildiyi, vahid mərkəzdən idarə olunduğu mənzərəsini yaradır. SSRİ dağıldıqdan sonra heç bir ideoloji önəm daşımayan, əslində öz missiyalarını başa vuran bu kütləvi informasiya vasitələri Azərbaycan kimi öz maraqlarını qorumaq üçün prinsipiallıq nümayiş etdirən, müstəqil hüququn subyekti kimi davranan, suveren hüquqlarını müdafiə edən ölkələrə münasibətdə “soyuq müharibə” dövrünün yazılmamış “qanunlarına”na uyğun rəftar etməyə çalışır, jurnalistikanın bütün dünyada qəbul edilmiş təməl prinsiplərini pozaraq, birtərəfli informasiya siyasəti həyata keçirirlər.
Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, işğal nəticəsində öz evlərindən didərgin salınan bir milyona yaxın insanın fundamental hüquq və azadlıqlarının pozulması, hərbi təxribatlarını davam etdirməsi, mülki vətəndaşları hədəfə alması, dinc sakinləri qətlə yetirməsi faktlarına heç bir reaksiya verməyən bu kütləvi informasiya vasitələri, azərbaycanlıların onların üzərindən sükutla keçdiyi həqiqətləri dünyaya çatdırmaq cəhdlərinin, soydaşlarımızın dinc etiraz aksiyalarının üzərinə kölgə salmağa, diqqəti erməni diasporu təmsilçilərinin cinayətkar əməllərindən yayındırmağa çalışırlar.
Hər zaman olduğu kimi, bu prosesdə də “beşinci kolon”un ənənəvi təmsilçilərinin, AXCP, “Milli Şura” və onların xaricdə məskunlaşmış xəyanətkar tör-töküntülərinin xidmətlərindən istifadə olunur, xaricdə yaşayan azərbaycanlıların aksiyalarınının gözdən salınmasına, Azərbaycan vətəndaşlarının, həmvətənlərimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından ermənilərin vəşhiliklərinə obyektiv münasinət göstərilməsi ilə bağlı tələblərinə başqa don geyindirilməsinə cəhd göstərilir.
Görünür, azərbaycanlıların fəallığı uzun illərdən bəri üzərində saysız-hesabsız oyunların qurulduğu, milyardlarla dollar vəsiatin mənimsənildiyi daşlaşmış erməni yalanlarını yerindən oynadıb. Düşmənlərimizi narahat edən də xalqımızın mübarizə əzmi, dövlətimizin qətiyyətli mövqeyidir.

Elçin Mirzəbəyli