• 29 Mart 2024
logo
BAYRAĞINI BAYRAĞIMIN YANINA SANC, QARDAŞ!!! – AZƏRBAYCAN TÜRKÜNÜN TARİXİ ÇAĞIRIŞI

BAYRAĞINI BAYRAĞIMIN YANINA SANC, QARDAŞ!!! – AZƏRBAYCAN TÜRKÜNÜN TARİXİ ÇAĞIRIŞI

Tanınmış ictimai-siyasi xadim, türkçü alim, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, professor Əjdər İsmayılov türk dövlətlərinin başçılarına və bütün türk dünyası insanlarına tarixi çağırış edib.Çağırışda ta qədimdən ermənilərin türklərə qarşı apardığı məkrli siyasət, amansız soyqırım və terror əməlləri, 12 iyul Tovuz təxribatı və bu təxribatdan dünya ölkələrinə yayılan erməni vandalizmi pislənilir. Bütün türk dünyasının VAHİD MƏRKƏZDƏ birləşməsinin vacibliyi vurğulanır.

Müraciətin tam mətnini təqdim edirik;

Türk dünyasının Ağsaqqalı, Elbası cənab Nursultan Nazarbayevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevə, Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekova, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə, Türkmənistan Respublikasının Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədova, Macarıstan Respublikasının Prezidenti cənab Viktor Orbana, Quzey Kıprıs Türk Cumhuriyyətinin prezidenti cənab Mustafa Akıncıya və "Mən Türkəm" deyən, dədə kökünə bağlı qeyrətli bütün qardaş əhaliyə

Azərbaycan Türkünün tarixi çağırışı

Əziz qan qardaşlarımız, can qardaşlarımız, XXI əsr bəlalı əsrdir! Bu gün gözlərimiz qarşısında bəşər tarixində sağlam ağlın qəbul etməyəcəyi ölümlü, fəlakətli bir eranın əsası qoyulur. Türkün tarixən qanlı düşmənləri olmuş dünyanın məlum yırtıcı dövlətləri son illər daha da fəallaşmışlar. Onların məqsədi müxtəlif adda yaratdıqları qəddar terror dəstələrinin köməyi ilə Türkiyə Cümhuriyyətini parçalamaq, onu aradan götürmək və bununla da qonşu türk dövlətlərini ələ keçirməkdir.

Türk hansı coğrafiyada yaşayır yaşasın, düşmən üçün fərqi yoxdur, "Türk" adı onlar üçün fəlakətdir!

Dünyada baş verən hadisələri bu gün bir an da olsun nəzərdən qaçırmayan, şeytan siyasəti ilə "qarşılıqlı dostluq" diplomatiyası üzərindən hər şeyi izləyən, yaranacaq siyasi şəraitdən istifadə edərək, qəddar "parçala, yaşa!" iddiasında olan yırtıcı dünya cahangirləri də bizlərə məlumdur. Əgər ölkələrimizin suverenliyini, müstəqilliyini qorumaq üçün düşmənlərimizə qarşı bütün qüvvələrimizi bir yumruqda birləşdirəcək "Vahid Türk Birliyi" qardaşlıq qərargahı yaradılmasa, gələcək nəsillərimiz bizi bağışlamayacaq!

İyulun 12-də Erməni Respublikasının silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhəddinin Tovuz rayonu sahəsindən, Tovuz rayonunun kəndlərini güclü raket atəşinə tutdu, çoxsaylı qüvvə ilə Azərbaycan Pespublikasının dövlət sərhədini pozub, torpaqlarımızı işğal etməyə cəhd göstərdi. Ancaq rəşadətli ordumuz düşmənin kəndlərimizi atəşə tutan raket qurğularını, hərbi sursat anbarlarını, yüksək hərbi qərargahlarını aramslz raket atəşləri ilə darmadağın etdi. Onlarla canlı qüvvə itirən düşmən geriyə çəkilməyə məcbur oldu.

Erməni Respublikasının işğalçı və terrorçu ölkə olduğunu bütün dünyaya bəyan etmək üçün Los-Ancelesdə yaşayan Azərbaycan və Anadolu türkləri bayraqlarla şəhərin küçələrinə çıxdılar. Əziz qan qardaşlarımız, can qardaşlarımız! Sizin bayraqlarınızı bizim bayraqlarla bir sırada görməyən, "Türk" sözünə can verməyə hazır olan bir Azərbaycan türkü necə təəssüf etməsin? Axı, biz bu gün ayrı-ayrı cöğrafi ərazilərdə yaşasaq da, qədim tarixdən Şərqdən Qərbə nəhəng nəsil budaqları uzanan Böyük Turan ağacının qan bir, can bir övladlarıyıq. Əgər imkan versək, düşmən bu budaqları tək-tək budasa, o təkrar öz baltamızla Dədə kökümüzə amansız divan tutacaq. Tarix yenidən təkrar olacaq.

Dünyada terror təşkilatı kimi tanınan "ASALA" sayca bizimkilərdən dəfələrlə çox olan bir qüvvə ilə dünyadan haqq və ədalət tələb edən türklərə polisin gözü qarşısında əllərindəki soyuq silahlarla qəddarcasına divan tutdular.

Los-Anceles və Brüssel hadisələri gözümüzün önündə baş verdi. Amerika, Fransa və bəzi Avropa dövlətləri tərəfindən türklərə qarşı açıq şəkildə himayə edilən, qorunan başqa terror təşkilatları kimi, "ASALA" da ənənəvi terror planını həyata keçirmək üçün dünyadan çəkinmədən yenidən ayağa qalxmışdı. İnsanlıq düşməni olan "ASALA" hər hansı türkün evini nişan verən adama 500 dollar mükafat verəcəyini elan etdi. Unutmayın, qardaşlar, ermənilərin bu qanlı planında ancaq Azərbaycan və Anadolu türk ailələrindən söhbət getmir, istinasız bütün türklərdən söhbət gedir.

Əsrlərlə avropalı cahangirlərin - yunanların, romalıların qılıncı altında qan ağlamış qədimdən qədim türk torpaqlarımızı babamız Sultan Mehmet Fateh 1453-cü ildə işğaldan azad etdi, möhtəşəm çağdaş İstanbulu Turan elinin Avropa qapısı olaraq bizlərə miras qoydu.

XXI əsr Turan İntibahı əsridir! Türkün üzünə Avropa qapılarını taybatay açmış İstanbul Böyük Turan İntibahının başlanğıc rəmzidir!!! Tarixi zərurət Orta Asiyanın, Quzey Kıprısın və qədimdə avropalı əhali arasında "Avropanın sülh qılıncı" şöhrətilə tarixləşən Atilla babamızın macar-türk nəslinin qurucusu olduğu Macarıstanın dövlət bayraqlarının yan-yana dayanmasını diktə edir. Bunun üçün qardaş Türk dövlətlərinin Avropanın mərkəzi şəhəri kimi Sultan Mehmet Fatehin ruhunu yaşadan İstanbulu möhtəşəm qalaya çevirmək, orada dünyanın hansı coğrafiyasında yaşayırsa yaşasın, fərqi yoxdur, bütün Türk diasporlarını bir ailədə birləşdirəcək "Vahid Türk Birliyi" qərargahı yaratmaq bizim tarixi borcumuzdur!

Orta Asiyadan və Azərbaycandan keçən Şərqlə Qərbi birləşdirən, Türkün Qan Damarının mühafizi İstanbul tarixi düşmənlərimizin qarşısında gələcək nəsillərimizin Qara dənizdə, boğazlarda, Aralıq (Ağ) dənizində öz hakimiyyətlərini möhkəmləndirmək üçün Avropanın mərkəzi olaraq əbədi türk qalasına çevrilməlidir.

Günümüzədək beynəlxalq aləmdə türk dünyasının xilaskarı Mustafa Kamal Paşa Atatürkün qurucusu olduğu Türkiyə Cümhuriyyətinin və Milli xilaskarımız Heydər Əliyevin banisi olduğu Müstəqil Azərbaycan Respublikasının dövlət bayraqları yanaşı dalğalanmaqdadır.

Ümidvaram ki, tezliklə bütün Türk dövlətlərinin bayraqları da qanı bir, canı bir olan qardaş bayraqları arasında sancılacaqdır. Bu, qədim ümumtürk tarixinin XXI əsr epoxasının başlanğıc tarixi olacaqdır, inşallah! Odur ki, bayrağını bayrağımın yanına sanc, QARDAŞ!!!

Hörmət, ehtiram və qardaş məhəbbəti ilə:

"Turan Araşdırma Mərkəzi" İB-nin sədri, professor Əjdər İsmayılov (Tağıoğlu)