• 24 Sentyabr 2020
logo
İşğalçı ölkə dünya azərbaycanlılarının gücündən təşvişə düşüb

İşğalçı ölkə dünya azərbaycanlılarının gücündən təşvişə düşüb

Azərbaycan xalqının sərgilədiyi yüksək vətənpərvərlik‚ həmrəylik və birlik nümayişi düşmənin və bütün havadarlarının iradəsini və ruhunu öldürdü. Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Mirsamir Məmmədov deyib.
Xalqımızın düşmən ölkəyə qarşı mübarizə əzmindən və güclü vətənpərvərliyindən danışan M.Məmmədov bildirib ki‚ Azərbaycan xalqının sərgilədiyi güclü birlik və vətənpərvərlik bütün dünyanı heyrətə gətirib.
Onun fikrincə, iyulun 12-dən‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində düşmən ölkənin dövlət sərhədlərimizə qarşı həyata keçirtmək istədiyi təxribat‚ diversiya hərəkətləri başlayan andan indiyə qədər bütün Azərbaycan xalqı və dünyanın bütün ölkələrində yaşayan‚ sayı on milyonlarla olan qəhrəman soydaşlarımız birmənalı olaraq vətənimizin‚ dövlətimizin müdafiəsinə qalxdılar‚ onlar var qüvvəsilə dünyanın hər yerində əsgərlərimizlə və Azərbaycanla birlikdə olduqlarını ifadə etdilər və hal hazırda da dünyanın aparıcı ölkələrinin paytaxtlarında və mərkəzi şəhərlərdə kütləvi şəkildə küçələrə və meydanlara çıxıb bütün dünyaya səslənərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına‚ erməni işğalına son qoyulmağa çağırışlar edirlər: "Xaricdəki soydaşlarımız "Qarabağ Azərbaycandır" şüari ilə bütün dünyanın diqqətini bu mövzuya çəkə bildilər. Bu mövzuda çox güclü təşkilatlanma oldu. İnsanlarımız xaricdə var qüvvəsilə vətənimizi və Dövlətimizi müdafiə edirlər. Bu isə bütün düşmənləri qorxuya saldı. Bu səbəbdən ermənilər və bir çox qüvvələr tərəfindən xaricdəki soydaşlarımıza qarşı genişmiqyaslı təxribatlar yaşandı. Amma bütün bütün erməni təxribatlar xaricdəki vətənpərvər soydaşlarımızın mənfur düşmənə qarşı mübarizə əzmini daha da gücləndirdi".
Politoloq qeyd edib ki, baş verən erməni təxribatları işğalçı ölkənin özünə qarşı çevrildi və bu isə erməni lobbisinin Azərbaycan dövləti qarşısında ölümcül zərbə alması deməkdir: "Los-Anceles polisi erməni təxribatçılarını həbs etdi. Avropa ölkələrində də ermənilərin təxribatları araşdırılır və hər birinə lazımı hüquqi qiymət verilir və veriləcəkdir
Xalqımız tarixən hər zaman vətənpərvər və qeyrətli xalq olub. Son günlərin hadisələri də erməni lobbisini‚ eləcədə ona yaxın çevrələri və bir çox siyasi dairələri vahiməyə salıb. Beynəlxalq dairələr indiyə qədər Azərbaycanda xalqın vahid birliyinin olmadığını zənn edirdilər. Lakin ermənilərin törətdiyi təxribatlar zamanı yaranan gərginliklərdə xalqımızın hər bir nəfəri dövlətimiz və vətənimiz üçün gözünü qırpmadan ölümə gedəcəyini ortaya qoydu".
M.Məmmədov qeyd edib ki, artıq hesab etmək olar ki‚ xalqımız bütün düşmən qüvvələrin dərsini verdi. Bu son günlərin gərgin anları xalqla dövlətin mükəmməl birliyini və xalqın dövlətə olan dəstəyini təzahür etdi. Hər kəs əmin olsun ki‚ Azərbaycan dövləti bütün diplomatik və siyasi danışıqları böyük məharətlə həyata keçirtməkdədir. Düşmən ölkə və onun bütün havadarları‚ erməni lobbisi və ermənipərəst siyasi dairələr‚ qarşılarında hər sahədə inkişaf etmiş‚ mükəmməl və güclü Azərbaycan gördülər.