• 19 Mart 2024
logo
Babək qalasında azadlıq tələbi

Babək qalasında azadlıq tələbi

İki gün öncə bir neçə azərbaycanlı fəal Babək qalasına çıxıb, onlar qalaya çıxarkən ətrafdakı daşlara milli şüarlar yazıblar.

Məlumata görə, onlar əsasən azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən şüarlar yazıb.

Fəallar mayın 20-də qalaya çıxıb, onlar ən çox “Abbas Lisani azad olunsun” şüarı yazmaqla İran həbsxanalarında məhbus həyatı yaşayan azərbaycanlı fəalların sərbəst buraxılmasını tələb ediblər.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. O hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun qondarma 4 ağır ittihamla üzləşdiyi məlum olub.

İnsan haqları qurumları və azərbaycanlı fəallar inanır ki, Abbas Lisaninin son saxlanması ona qarşı gizli ssenarinin qurulduğu və bu istiqamətdə dosye təşkil olunduğundan xəbər verir.

Azərbaycanlılar siyasi məhbuslarımız, o cümlədən Abbas Lisaninin azadlığa buraxılması üçün divarlara şüar yazmaq, stadionlarda şüar səsləndirmək, 30 saniyyəlik danışıq videosu yaymaq, səlahiyyətli beynəlxalq qurumlara müraciət etmək, Avropa ölkələrində yığıncaq keçirmək və s. kimi üsullardan istifadə edirlər. Siyasi məhbuslara dəstək verən soydaşlarımızın sayı günü-gündən artır.