• 24 Sentyabr 2020
logo
Özbəkistan portallarında Azərbaycanla bağlı məqalə yerləşdirilib

Özbəkistan portallarında Azərbaycanla bağlı məqalə yerləşdirilib

Özbəkistanın orol24.uz portalı öz səhifəsində Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun dosenti Sübhan Talıblının rus dilində “Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, Dağlıq Qarabağın və ətraf rayonların işğalı” sərlövhəli məqaləsini yerləşdirib.

AZƏRTAC xəbər verir ki, məqalədə Dağlıq Qarabağın tarixinə nəzər salınır, Ermənistan tərəfindən Dağlıq Qarabağdan əlavə daha 7 rayonun işğalı haqqında məlumat verilir.

Materialda birinci Pyotrun istəyi ilə torpaqlarımızın ermənilərə verilməsi, Azərbaycan Xalq Cümhuriyyəti illərində Dağlıq Qarabağ probleminin həlli məsələləri, Nəriman Nərimanov və Mircəfər Bağırovun bu məsələ ilə bağlı mövqeləri, Xocalı faciəsi haqqında da söhbət açılır.

İnterpress.uz portalı isə “Azərbaycanın dini konfessiyalarının başçıları dünya birliyinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ediblər” sərlövhəli sənədi rus dilində yayıb.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev və Alban-udin xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.

Müraciətdə deyilir: “Biz-Azərbaycanın dini konfessiyalarının başçıları, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış məntəqələrini atəşə tutmasını qətiyyətlə pisləyir, dünya birliyini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, öz mövqelərini bildirməyə çağırırıq”.

Materiallar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.