• 12 Avqust 2020
logo
“Azərbaycanda yeni siyasi sistem inkişaf edir”

“Azərbaycanda yeni siyasi sistem inkişaf edir”

Bədrəddin Quliyev: “Ermənistanda isə “5-ci Kolon”un mövcud iqtidara qarşı savaş açması onun dövlət olaraq iflasına gətirib çıxaracaq”

Ermənistan yenidən işğalçılıq siyasətinə baş vurmaq istədi. Azərbaycanı və Cənubi Qafqazı təhdid etməklə dünyanın böyük strateji layihələrinə qarşı təhlükə mənbəyi olduğunu nümayiş etdidi. Bu hədəflər ilk dəfə beynəlxalq miqyasda qınaq mənbəyinə çevrildi. Hətta 30 ildir ölkəni hər mənada dəstəkləyən Rusiya və İran səssiz qaldılar. Azərbaycan tərəfi ölkə daxilində və beynəlxalq miqyasda böyük dəstək qazandı. Son günlər yaşanılan olayların ardında nələrin durduğunu və yaxın zamanda daha nələrin ola biləcəyi barəsində CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyevin proqnozlarını öyrənməyə çalışdıq.

–Bədrəddin bəy, Ermənistanın gözlənilmədən aktivləşməsi və hərbi qüvvələrinin ölkəmizi təhdid edən təşəbbüslərini necə qiymətləndirirsiniz?

– 2018-ci ildə Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanla bağlı qapalı şəkildə bəzi razilaşmalar əldə edilmişdi. Bu kontekstdə müzakirə olunan məsələlərdən biri də İrəvanda 20 ildir ki, iqtidarda olan “hərbi xunta” rejiminin Serj Sarqsyanın timsalında hakimiyyətdən uzaq saxlanılmasıydı. Çünki, həmin ərəfədə Azərbaycanda hakimiyyətdə olan ağırçəkili fiqurların uzaqlaşdırılmasına başlanılmışdı. 22 il baş nazir olan Artur Rəsizadənin istefaya göndərilməsi Azərbaycanda köklü islahatların aparılacağına açıq şəkildə bir işarə idi. Ermənistanda isə, “hərbi xunta” rejiminin hakimiyyətdən uzaqlaşdırılması, mülki cəmiyyət siyasəti tərəfdarlarının gəlməsi planlaşdırılmışdı. Bütün bunlarla yanaşı, Azərbaycanın Tovuz rayonu ərazisindən beynəlxalq iqtisadi əlaqələrə görə nəqliyyat dəhlizinin təhlükəsizliyi təminatı başlıca şərtlərdən biri kimi qiymətləndirilmişdi. Elə bunun nəticəsində “Soros uşaqları” başda Nikol Paşinyan olmaqla inqilabi addım ataraq, iqtidara gələ bildilər. O zaman razılığa görə “Dağlıq Qarabağ”a aralıq statusunun verilməli və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təmin edilməliydi. Ermənilərin təkliflərindən biri Tovuz və Qazaxın Ermənistanla sərhəddində hərbi qüvvələrimizin çıxarılması və sərhəd qoşunlarının yerləşdirilməsiydi. Erməni tərəfi sadəcə polis qüvvələri ilə öz sərhədlərinə nəzarət edəcəkdi. Ermənilərin bu fitnələrinin arxasındakı strateji hədəf, öz qoşunlarını Qarabağda və işğal altında olan ərazilərimizdə yerləşdirməklə ölkəmizə qarşı yeni ərazi iddialarını sərgiləmək idi. İki il bundan öncə Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna qarşı baş qaldıran ərazi iddiası məhz bu ideyadan qaynaqlanırdı.

– Bəs ermənilərin bu planları niyə reallaşmadı?

– Onlar fürsət gözləyirdilər. Tovuz rayonu ətrafında baş verən son hadisələr onların bütün ümidlərini puça çıxardı. Çünki, xalqla dövlət vahid mövqedən çıxış etdi. Erməni tərəfinin hazırladığı strateji planlar tamamilə iflasa uğradı. Bunun əsas səbəblərindən biri də, “Z nəsli” adlanan gəncliyin paytaxt Bakıda ayağa qalxması, ölkəmizin bütün bölgələrində xalqın hərbi vətənpərvərlik hissələrini nümayiş etdirməsi və 47 siyasi partiyanın vətən məsələsində vahid mövqedən çıxış etməsi ermənilərə elə sarsıdıcı zərbə vurdu ki, onlar bir daha özlərinə gələ bilməzlər. Xalqın və siyasi qüvvələrin Milli Ordunun yanında yer alması, döyüşən əsgər və zabitlərimizə mənəvi baxımdan çox böyük güc oldu.

– Bununla yanaşı, məğlubiyyətə bərabər hadisələr də baş verdi. Xarici işlər nazirliyi tamamilə iflasa uğradı.

– Əslində indi sabiq nazir adlandırılan Elmar Məmmədyarov və onun komandasının keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış və indi Rusiyanın FSB-nə xidmət edən şəbəkəsinin ifşa olunması cəmiyyətdə normal qarşılandı. Biz CXP olaraq XİN-nin yarıtmazlığı ilə bağlı on ildən çoxdur həyəcan təbili çalırdıq. Çünki, orada çalışanların əksəriyyəti “rusdilli” kadrlardan ibarət idi. Vaxtilə BMT-də Azərbaycanın səfiri işləmiş Eldar Quliyevin Rusiyanın FSB-nə xidmət etməsi ilə bağlı ABŞ-ın xəbərdarlıq etməsi və onun himayəsi altında Elmar Məmmədyarovla işbirliyi şübhələrimizin əsasını təşkil edirdi.

– Siz necə bilirsiniz, bundan sonra, XİN-də milliləşmə olacaqmı?

– Azərbaycan iqtidarı belə bir addım atmağa məhkumdur. Bir də son hadisələr sübut etdi ki, vətəndaş cəmiyyətinin ictimai nəzarəti olmadan problemlər vaxtında öz həllini tapmayacaq. XİN-nin keçmiş rəhbərliyinin Azərbaycana deyil, Rusiyanın kəşfiyyat sisteminə və eləcə də erməni lobbisinə işlədiyi sübut və dəlillərlə ortaya çıxdı. Təbii olaraq, həmin məmurlar vətəndaş cəmiyyətinin qınağına tuş gəldilər. Bundan sonra onlar hansı üzlə cəmiyyətin içinə çıxacaqlar. Mən şəxsən buna inamıram. Onu da hər hər kəs bilməlidir ki, bir dövlət o zaman milli olur ki, millətinə bağlı milli kadrlar iş başında olsunlar. Azərbaycan Türk Dünyasını birləşdirən körpüdür. Ona görə də Rusiyanın imperiyapərəst qüvvələri ermənilərin əli ilə fitnələr törədirlər. Dünyanın başqa böyük gücləri bölgəmizdə mümkün qədər özlərinin təsir imkanlarını yaratmaq üçün siyasət yürüdüblər. Ermənilər və rusların dəstəyi ilə bütün gərginlikləri birbaşa Azərbaycanın daxilinə keçirmək taktikasını sərgiləməyə çalışırlar. Qeyri stabil bölgə anlayışını ortaya atmaqla Türk Dünyasının bütövlüyünü əngəlləmək istəyiblər. Ermənilər son olaylar zamanı Azərbaycanın beynəlxalq miqyasda müdafiə olunması faktının qarşısında əməlli başlı çaşbaş qaldılar.

– Siz necə bilirsiniz Azərbaycana qarşı planlaşdırılan bütün provakativ tədbirlər iflasa uğradımı?

– Bumeranq kimi məkrli planlar İrəvanda ermənilərin öz başlarında çatladı. Demək olar ki, Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə qalıb. Erməni kilsəsi bir neçə yerə bölünüb. “Hərbi xunta” rejimi hakimiyyətə gəlmək üçün sponsorlar axtarır. Mövcud iqtidar bölgədəki ağır sosial-iqtisadi problemlərin məngənəsində çabalayır. Covid -19 bəlasından erməni cəmiyyətinin necə qurtulacağı da qeyri müəyyəndir. Ermənilər bu gün Türkiyənin Yaxın Şərqdə güclənməkdə olan nüfuzunu qəbul etməyən Səudiyyə Ərəbistanı, Misir. İran və bəzi dövlətlərdən imdad diləyirlər. Qul kimi xidmətlərini təklif edirlər.

– Bütün bunların fövqündə durmaqla necə fikirləşirsiniz, Türk Dünyası inteqrasiyası güclənəcəkmi?

– Adım kimi əminəm. Azərbaycanda son olaylarda Türk kimliyi qabarıq şəkildə özünü göstərdi. Türkiyə prezidenti, xarici işlər və müdafiə nazirlərinin verdikləri bəyanatlar, sərhəddə Türkiyənin qırıcı təyyarələrinin havaya qalxaraq Ermənistana öz gücünü nümayiş etdirməsi, MDB-nin Təhlükəsizlik Şurasında Qazaxstan və Qırğızstanın Ermənistana Rusiya birlikdə hərbi dəstək verilməsi qərarına qarşı çıxması, Özbəkistanın Ermənistanı dövlət kimi 30 ildir tanımamaq haqqında verdiyi qərara sadiq olması kimi strateji faktlar bir daha sübut edir ki, artıq ermənilərin ekspansionist siyasəti tamamilə uğrayıb. Türk Dünyası artıq güclü şəkildə vahid orqanizmə çevrilib. Dünya Birliyinin bu faktı inkar etməməsi və Türk Dünyası faktoruna yeni güc mərkəzi kimi yanaşım artıq rəsmi status qazanmaqdadır.

– Bəzən siyasi kluarlarlda belə bir deyim işlənirlir: “Türk Dünyasına beynəlxalq aləmdə ehtiyac var”.

– Dünyanı təkqütblü şəkildə idarə etmək tamamilə yalnış fikirdir. Supergüclərin siyasi və hərbi baxımdan konsolidasiyası çox vacibdir. Türkiyə öz daxilində PKK problemini çözdüyü üçün, bu gün Aralıq dənizi və eləcə də Yaxın Şərq böhranlarını da asanlıqla həll edə bilir. Halbuki, 90 ildən çoxdur bölgədə yaşanılan savaşlar tükənmək bilmirdi. Bu prosesin Cənubi Qafqazda öz həllini tapacağı gün çox uzaqda deyil. Erməniləri qorxuya salan bu amildir.

– Bəs anqlo-saks siyasəti buna görə bizə qarşı çıxmayacaqmı?

– Onlar öz maraqları çərçivəsində dərin siyasətlər yürüdürlər. 1945-ci ildə ABŞ prezidenti Franklin Ruzvelt dünyasını dəyişəndə Sovet diktatoru İosif Stalin ölkədə üç günlük matəm elan etmişdi. Rusiya və Anqlo-Saks əlaqələri “Soyuq savaş” iflasa uğrayana kimi davam etdi. İndi dünya tamamilə dəyişib. Bunu Rusiya qiymətləndirə bilmədi. Çünki, dünya birliyi müstəmləkəçi siyasətləri qəbul etmir. İndi anqlo-saks düzəni Türk Dünyası faktoruna qarşı çıxmamaqda haqlı mövqedədir. 51 ingilisdilli ölkədə fəaliyyyət göstərən diasporumuzun son olaylarda vahid mövqedən çıxış etməsi, Azərbaycanın ərazi bütövlüyü naminə keçirdiyi aksiya və etiraz nümayişləri bir daha sübut etdi ki, işğal edilmiş ərazilərimizin qaytarılması artıq an məsələsinə çevrilib. Çünki, Azərbaycanda yeni siyasi sistem inkişaf edir. Bu, həm də ölkəmizdə “5-ci Kolon”un iflasa uğraması ilə müşahidə olunur. Ermənistanda isə “5-ci Kolon”un mövcud iqtidara qarşı savaş açması onun dövlət olaraq iflasına gətirib çıxaracaq.

Söhbətləşdi: Ənvər Yusifoğlu