• 19 Mart 2024
logo
Abbas Lisani yaxınları ilə görüşə bilməyəcək”

Abbas Lisani yaxınları ilə görüşə bilməyəcək”

Ərdəbil zindanının məsulları tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin yaxınları ilə görüşmək icazəsinin olmadığını bildiriblər.

Onların sözlərinə görə, fəal aclıq aksiyasını dayandırmayana qədər onunla ailəsi arasında heç bir görüşə icazə verilməyəcək.

Lisani ailəsi iyunun 11-də, fəalın aclıq aksiyasının 16-cı günündə zindana müraciət etdikləri zaman belə bir cavabla qarşılaşıblar.

Zindan məsulları aclıq aksiyası keçirilən müddətdə vəziyyətin dəyişməyəcəyini dəfələrlə vurğulayıb.

Abbas Lisani iyunun 10-da Ərdəbilin İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub.

Fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli Ettelaat əməkdaşlarının əhatəsində əl-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında prokurorun müavini və fəalın vəkili cənab Fəqihi də iştirak edib, məhkəmə prosesi 4 saatdan çox davam edib.

Fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir, onun təxminən 20-25 kq arası çəki itirdiyi bildirilir.

Abbas Lisani məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

Tanınmış fəal Təbriz İnqilab Məhkəməsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını xatırladaraq bu dosyeyə görə saxlanma qərarının qanunsuz olduğunu deyib. O ailəsi, vəkili və prokurorun nümayəndəsinin tələbinə rəğmən aclıq aksiyasını davam edəcəyini də vurğulayıb.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.