• 12 Avqust 2020
logo
BAMF-ın prezidenti Umud Mirzəyev media mənsublarına, sosial şəbəkə istifadəçilərinə səsləndi

BAMF-ın prezidenti Umud Mirzəyev media mənsublarına, sosial şəbəkə istifadəçilərinə səsləndi

Bu gün Vətənimiz ciddi təhlükə ilə üz-üzədir. Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən dövlət sərhədi boyunca Ermənistan hərbi qüvvələri tərəfindən törədilən təxribatçı və beynəlxalq hüququn normalarına sığmayan təhrikedici hərəkətlər şiddətli döyüşlərə səbəb oldu. Düşmənə layiqli cavab verildi. Düşmənin təxribatçı hərəkətlərinin qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri, zabitlərimiz, generalımız qəhrəmancasına şəhid oldu. Ölkəmizin informasiya məkanı da ard-arda hücumlara məruz qaldı, çaxnaşma, nifaq dolu feyk xəbərlər yayıldı. Bu həm də informasiya savaşıdır. Hər birimiz ayıq-sayıq olmalıyıq. Çoxsaylı insanlar sərhəd bölgələrinə səfərlər edir, döyüşlərə qatılmaq üçün on minlərlə insan orduya yazılmaq üçün müraciətlər edib, dövlətimizin, əsgərlərimizin yanında olduğunu müxtəlif formalarda nümayiş etdirirlər. Lakin ordumuza dəstək xarakterli yürüşlərdə baş verən qanuna zidd əməllər qəti şəkildə yolverilməzdir. Xalqımızın inamını sarsıtmağa yönələn, daxildə iğtişaşlara sövq edən bu hərəkətlər milli iradəmizin ifadəsini kölgə altına alır. Biz belə bir dövrü 90-cı illərin əvvəllərində yaşadıq, yaranmış hərc-mərclikdə torpaqlarımızı itirdik, informasiya savaşını uduzduq.
Bu günlərdə baş verənlər onu deməyə əsas verir ki, doğru xəbərə məhəl qoymadan jurnalistikaya aid olmayan, özünü media işçisi kimi qələmə verməyə çalışan şəxslər tərəfindən dezinformasiya xarakterli məlumatlar yaymağa çalışanlar var. Hətta şəhidlərimizin dəfnində, anım yürüşlərində, pozuculuq etməyə, insanlarımızın heysiyyatı ilə oynamağa cəhd edənləri gördük. Bəzi sosial şəbəkə istifadəçiləri, özlərini müxtəlif qurumların nümayəndələri adlandıran insanlar bilərəkdən və yaxud bilməyərəkdən qeyri-peşəkarlıq nümayiş etdirir, bununla da düşmən dəyirmanına su tökməklə məşğuldurlar.
Xaricdə yaşayan həmvətənlərimizə müraciət edirik. Ölkəmizin mənafeyinə uyğun olmayan, düşmən tərəfinin məqsədlərinə xidmət göstərən istənilən yayıma, istənilən çağırışa yol verməməliyik. Çaşdırıcı çıxışlar, həqiqətə uyğun olmayan dezinformasiyalar yaymaq, qızışdırıcı materiallar ölkəmizin haqq işinə xidmət etmir. Əli beynəlxalq media qurumlarına çatan, hər bir azərbaycanlı xəbər agentliklərində, jurnalist təşkilatlarında çalışan media təmsilçilərimiz mənbəsindən asılı olmayaraq informasiyaların təhrif edilməsinə, manipulyasiyalara göz yummamalıdır. Heç bir xəbər manipulyasiyası, içimizdə olan və ya kənardan idarə oluna bilən şayiələr bizləri yolumuzdan, fikrimizdən, haqq işindən döndərməməlidir, çaşdırmamalıdır. Unutmayaq ki, saxta məlumat, yanlış mövqe dövlətimizə atılan çamur, millətimizə yönəldilən mərmidir. Onsuz da beynəlxalq informasiya cəbhəsində düşmənin imkanlarını yaxşı bilirik. Bu sahədə bir azərbaycanlı olaraq hər birimiz səsimizi ucaltmalıyıq. Bu gün birliyimiz, vəhdətimiz, vətən uğrunda elliklə savaşımız, dəyanət göstərib, əsl kişilik nümayiş etdirməyimizdən vacib heç nə yoxdur. Hər birimiz dövlətimizin yanında olmalıyıq, dövlətimizin apardığı haqq işinə dəstək olmalıyıq. Vətənimizi qorumaq naminə, ona bir vəfa borcumuz, vicdan borcumuzu yerinə yetirmək naminə etməliyik bunu. Siyasi əqidəsindən, milliyyətindən, dinindən asılı olmayaraq ürəyimiz bir yerdə döyünməli, yumruğumuz bir yerə vurulmalıdır. Bu vətən torpağınının hər kəndini, hər oymağını, hər daşını müdafiə etmək üçün sipər olmalıyıq, dostlar. Düşmənlə çox ağır savaş zamanıdır. Hər birimiz özümüzü ön cəbhədə, səngərdə hesab etməliyik, çiyinlərimizdə daşıdığımız məsuliyyəti dərk etməliyik, provokasiyalara uymamalıyıq. Coşğulu, vətən yolunda savaşmaq eşqi ilə alışıb-yanan gənclərimiz təhrikedici hərəkətlərə yol verməməlidir, haqqın, ədalətin, qanunçuluğun yanında olmalıdır.
Bizə zəfər lazımdır ! Son günlər, dünya azərbaycanlılarının, postsovet məkanında yaşayan həmyerlilərimizin, bütövlükdə xalqımızın sıravi vətəndaşdan tutmuş ziyalısına, məmuruna qədər hər kəsin həmrəylik coşqusu, yüksək vətənpərvərlik əhval-ruhiyyəsi onu göstərdi ki, o gün uzaqda deyil. İnanırıq ki, bu ağır durum dövlətimizin gücü və xalqımızın milli birliyi sayəsində tez bir zamanda arxada qalacaq, qələbə sevincini birlikdə yaşayacağıq. Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızda dalğalanacaq.
Bununçün bir olaq, birlikdə olaq !

Beynəlxalq Avrasiya Mətbuat Fondu
Mətbuat departamenti