• 20 Aprel 2024
logo
Azərbaycan Prezidenti: “Bu gün ABŞ-la münasibətlərimiz çox yaxşı səviyyədədir”

Azərbaycan Prezidenti: “Bu gün ABŞ-la münasibətlərimiz çox yaxşı səviyyədədir”

“Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var. Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyalarda göstərdiyi səylər Amerika tərəfindən yüksək qiymətləndirilir. Bildiyiniz kimi, Azərbaycan üzərindən çox önəmli nəqliyyat dəhlizi keçir və buna Şimal Nəqliyyat Dəhlizi deyilir. Əslində, bu, hava nəqliyyatıdır və yüklərin təhlükəsiz şəkildə nəql edilməsi bu gün hər bir ölkə üçün çox önəmlidir”.

Bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bizim siyasi münasibətlərimizin inkişafına gəldikdə, hesab edirəm ki, bu gün bu münasibətlər çox yaxşı səviyyədədir.

“Prezident Trampın mənə göndərdiyi bir çox məktublarda Amerika Birləşmiş Ştatlarının Azərbaycana xoş münasibəti öz əksini tapıb. Son məktubunda qeyd etmişdi ki, bizim iki böyük dövlətimiz birlikdə bundan sonra da çalışacaq.

Mənim də Prezident Trampa göndərdiyim məktublarda bizim münasibətlərimizin əhəmiyyəti qeyd olunur və əminəm ki, bundan sonra da bu əlaqələr uğurla inkişaf edəcək. Hesab edirəm ki, bu əlaqələrin gələcəyi çox müsbət olacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.