• 8 Avqust 2020
logo
Tahir Tağızadə: “Beynəlxalq ictimaiyyət erməni təcavüzünü qınamalıdır”

Tahir Tağızadə: “Beynəlxalq ictimaiyyət erməni təcavüzünü qınamalıdır”

“Erməni təcavüzü beynəlxalq ictimaiyyət tərəfindən adekvat şəkildə qınanmalıdır”.

Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “The London Post”a müsahibəsində deyib.

O bildirib ki, bu gün bütün dünya Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatlar törətmək üçün növbəti cəhdinin şahidi olub.

T. Tağızadənin sözlərinə görə, işğal edilmiş Azərbaycan torpaqlarının infrastrukturunu, demoqrafik və sosial landşaftını, hətta toponimikasını dəyişdirməyə yönəlmiş uzunmüddətli erməni siyasəti beynəlxalq ictimaiyyət tərəfindən adekvat şəkildə qınanmalıdır.

Səfir vurğulayıb ki, Ermənistanın hazırkı hücumları münaqişə zonasını Dağlıq Qarabağdan və ona bitişik işğal olunmuş rayonlardan daha da genişləndirmək və Azərbaycanı beynəlxalq sərhəd boyu hərbi münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirilməlidir.

O, Britaniya Xarici İşlər Nazirliyinin (XİN) münaqişə ilə yaydığı bəyanatı alqışladığını da qeyd edib: “Mən Britaniya XİN-in təmkinli olmağa və nəticə yönümlü danışıqlara başlamağa çağıran bəyanatını alqışlayıram. Həmin bəyanat münaqişənin davamlı həllini tapmağın vacibliyinə diqqət çəkir. Bundan əlavə, İcmalar Palatasına Ermənistanın növbəti təcavüzünün qınanması və eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına çağırış edilməsi barədə yazılı təklif irəli sürülüb. İcmalar Palatasının bu vaxtında və adekvat reaksiyası çox təqdir olunur. Əvvəlki hallardan fərqli, ənənəvi olaraq Azərbaycana qarşı qərəzli olduğu bilinən Böyük Britaniyanın bəzi kütləvi informasiya vasitələrində davam edən erməni təcavüzünün nisbətən obyektiv şəkildə işıqlandırılması məni ruhlandırır”.

T. Tağızadə onu da qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar misli görünməmiş qlobal böhran dövründə Ermənistanın hərbi təcavüzə başlamaq cəhdi bütün mövcud vasitələrlə beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir.