• 24 Aprel 2024
logo
Türkiyə ilə hərbi ittifaqı üst səviyyəyə qaldırmalıyıq

Türkiyə ilə hərbi ittifaqı üst səviyyəyə qaldırmalıyıq

Elxan Şahinoğlu: “Qardaş ölkənin hərbi baza quracağı növbəti ölkə Azərbaycan olmalıdır”

“Azərbaycanın əsas strateji müttəfqinin Türkiyə olduğu bir daha sübut olundu. Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda sərhəddəki son insidentdə birmənalı Azərbaycanı müdafiə etdi, xarici işlər naziri Mövlüd Çavuşoğlu “Ermənistan ağlını başına toplasın” sözləri ilə günə damğasını vurdu. Mövlüd Çavuşoğlunun bir cümləsi də diqqəti çəkdi. Türkiyənin xarici işlər naziri dedi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq. Mövlüd Çavuşoğlu bu cümlə ilə demək istədi ki, bir gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, xarici təzyiqlərə rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək: “Türkiyə hazırda Liviyada iki hərbi baza formalaşdırmağa başlayıb. Türkiyəni Aralıq dənizində sıxışdırmaq istəyən dövlətlər var. Türkiyə son illərdə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə Cumhuriyyəti tarixində bu ölkə eyni zamanda sərhədlərindən kənarda 3 ölkədə - İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlar həyata keçirir. Bu Türkiyənin bölgədə hərbi bazalar yaratmasını da aktuallaşdırır. Vaxtilə deyirdilər ki, Türkiyə NATO üzvü olduğundan qurumun kollektiv icazəsi olmadan başqa ölkədə hərbi baza yarada bilməz. Ankara bu arqumenti Qətərdə hərbi baza yaratmaqla ortadan qaldırdı. Həmin hərbi bazalar ilk növbədə Qətərin özünə lazım idi. Çünki, bir neçə il əvvəl Qətərin qonşu ərəb dövlətləriylə münasibətləri gərginləşdi. Səudiyyə Ərəbistanı Qətərə qarşı bir neçə maddəlik ultimatum irəli sürdü, ətrafında ittifaq yaratmaqla Dohaya qarşı sanksiyalar tətbiq etdi. Türkiyə Qətərdə hərbi baza yaratmasaydı, Dohanın ciddi təhlükəsizlik problemləri yaranacaqdı. Türkiyənin Qətərdəki hərbi bazası Ankaranın bölgədə artan roluna işarə idi. Bundan sonra Türkiyə İraqda PKK ilə mübarizə aparmaq üçün dağ massivlərində hərbi postlar yaratdı. Əslində həmin postları da kiçik hərbi bazalar hesab etmək olar. Türkiyə Somaliyə humanitar və iqtisadi yardım etdikdən sonra bu Afrika ölkəsi ilə hərbi əməkdaşlıq imkanlarını hərəkətə gətirdi. Türkiyənin Suriyada hərbi varlığı da inkarolunmaz faktdır2.
Politoloq əlavə edib ki, hazırda Türkiyə Liviyada möhkəmlənir: “Keçmişdə bəziləri deyirdi ki, Türkiyənin Liviyada və ya Suriyada nə işi var? Bu sual hazırda aktuallığını itirib, Türkiyədə hakimiyyətə müxalif olanlar belə anlamağa başlayıblar ki, Türkiyə İraqda, Suriyada, Liviyada və Somalidə hərbi varlğını ortaya qoymasa, oralarda Türkiyəni qəbul etməyən dövlətlərin hərbi bazaları olacaq və bu amil Türkiyə üçün gələcəkdə ciddi təhdidə çevriləcək. Bu baş verməsin və Türkiyənin bölgədəki rolu hamıya aydın olsun deyən Ankara dost dövlətlər və qüvvələlər hərbi əməkdaşlığını genişləndirmək siyasətinə üstünlük verir və bu strateji baxımdan doğru siyasətdir.
Türkiyənin hərbi baza quracağı növbəti ölkə Azərbaycan olmalıdır. Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Biz Ermənistanla qarşı-qarşıya qalsaq Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması məsələsini çoxdan həll etmişdik, bunu ermənilərin özləri də etiraf edirlər. Ancaq Ermənistanın arxasında Kreml və Rusiyanın Ermənistandakı hərbi bazaları dayanır. Azərbaycanın müdafiə naziri Zakir Həsənov da son müsahibəsində etiraf etdi ki, 2016-cl ilin aprel savaşının 4-cü günündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ona zəng etdi və hücumu dayandırmağı xahiş etdi. Yəni bu zəng olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Bu ondan xəbər verir ki, növbəti savaşda Rusiya yenidən bizə torpaqlarımızı azad etməyə mane olacaq. Biz bu əngəllərə rəğmən, döyüşləri davam etdirsək, Rusiyanın Ermənistandakı hərbi bazaları 1990-cı illərin əvvəllərində olduğu kimi erməni separatçılarına dəstək verəcəklər. Bunun qarşısının almağın yolu Türkiyənin Liviyada olduğu kimi Azərbaycanda iki hərbi bazasının yaradılmasından gedir.
Birinci baza Naxçıvanda, digəri Abşeronda formalaşdırılmalıdır. Türkiyənin Abşeronda hərbi hava qüvvələrinin yerləşdirilməsi zəruridir. Bu həm işğalçı Ermənistana, həm də Rusiyaya ciddi mesaj olacaq. Biz də təhlükəsizliyimizə təminat almıq olarıq ki, kimsə Azərbaycana hücum etməyəcək, dövlətimizi bölməyə çalışmayacaq. Bəziləri bu fikrin əleyhinə çıxaraq deyir ki, guya Türkiyə Azərbaycanda hərbi bazalar yaratsa, biz qardaş dövlətin təsiri altına düşəcək və ondan asılı olacağıq. Əlbəttə, hərbi bazaların yaradılması halında Türkiyədən asılılığımızın artacağını istisna etmirəm. Aydındır ki, bir dövlət səni qoruyursa, həmin dövlətin maraq və istəklərini nəzərə almalısan. Ancaq hazırki vəziyyətdə hesab edirəm ki, bizim üçün vacib olan dövlətimizin təhlükəsizliyini sonsuzadək təminat altına almaq və işğalçıya, o cümlədən onun arxasındakı dövlətlərə və güclərə göz dağı verməkdir. Biz tək Ermənistanla bacararıq, ancaq onun arxasındakı güclərə müqavimət göstərmək üçün Türkiyənin yardımına ehtiyacımız var. Bunun yolunda xarici və təhlüksəzilik siyasətini Türkiyə ilə uzlaşdırmağa dəyər. Məgər Türkiyənin hərbi bazalarının var olduğu Qətər Ankaradan tam asılı vəziyyətə düşüb? Bəli bunun qarşlığında Qətər Türkiyəyə milyardlarla dollar yatırım qoymağa boyun olub. Ona qalsa Azərbaycan hərbi bazalar mövzusu olmadan da Türkiyəyə ən böyük yatırım qoyan ölkələrdəndir. Türkiyənin Azərbaycanda hərbi bazalar yaratmasına heç nə mane olmur, yetər ki, biz bunu istəyək”.

Əli Zülfüqaroğlu