• 28 Mart 2024
logo
“Prezidentin siyasətinin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanıb”

“Prezidentin siyasətinin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanıb”

“2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən 17 Davamlı İnkişaf Məqsədinin yekdilliklə qəbul edilməsi dövlətlər üçün iqtisadi və siyasi inkişaf siyasətlərinin hazırlanması baxımından tarixi anlam daşıyır. Bu qlobal sənəddən irəli gələrək Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli (DİM) Əlaqələndirmə Şurası heç bir sahəni diqqətdən kənarda qoymayaraq, onlar arasında tarazlı, inteqrə edilmiş və ardıcıllığı qorunmuş davamlı inkişafa yönəlik milli icra mexanizminin formalaşmasına nail olub”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Məzahir Əfəndiyev səsləndirdi. Millət vəkilinin sözlərinə görə, son illər Azərbaycanda aparılan dərin islahatların məntiqi nəticəsidir ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib: “Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, DİM-lə bağlı iki könüllü hesabat hazırlayıb və növbəti 3-cü hesabatın hazırlanması istiqamətində iş aparılır. DİM-lə əlaqədər olaraq 2018-ci ildə Azərbaycan “1-ci Bakı forumu”altında regional konfransa ev sahibliyi etmiş, bu il də oktyabr, noyabr aylarında “2-ci Bakı forumu”nun keçirilməsi üçün işlər aparılmaqdadır.
Bu il BMT tərəfindən hazırlanmış 2020-ci il “Davamlı inkişaf hesabatı” hesabatında da haqlı olaraq həyata keçirilmiş işlərin fonunda Azərbaycan layiqli yerini əldə edib. Belə ki, 166 ölkə arasında 54-cü yerdə qərarlaşıb. DİM-in əsas məqsədi heç kimi arxada qoymamaq, hər bir insanın yaşayış üçün bütün sahələrə əlçatanlığını təmin etməkdir və bu məqsədlərə nail olmaq üçün əsas məsələ idarəetmədir. Bütün bunlar Cənab Prezident tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi, dərin islahatların effektivliyini təmin etmək məqsədilə hərtərəfli və xüsusilə də elmə əsaslanmış idarəetmənin naticəsində mümkün olub. Bütün bunlar bir daha göstərir ki, hətta çətin pandemiya şəraitinə baxmayaraq, Azərbaycanda iqtisadi artım var və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanıb”.

Əli Zülfüqaroğlu