• 28 Mart 2024
logo
Rusiyalı politoloq: "Ermənistanın məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməkdir, KTMT üzvləri bu hiyləni yaxşı başa düşür"

Rusiyalı politoloq: "Ermənistanın məqsədi KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməkdir, KTMT üzvləri bu hiyləni yaxşı başa düşür"

"Azərbaycan-Ermənistan sərhədində baş verənlər onu göstərir ki, bu münaqişə olduqca qaynardır. Münaqişə nizamlanmayıb və hər an partlaya bilər". Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib. Rusiyalı siyasi ekspert baş vermiş toqquşmanın bir sıra səbəblərinin olduğunu söyləyib: "Bu səbəblərdən biri Ermənistanda daxili siyasi və iqtisadi böhranın olmasıdır. Paşinyan hakimiyyəti verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Ölkədə koronavirus pandemiyası fonunda iqtisadi və siyasi vəziyyət gərginləşib. Ona görə də, hansısa yolla ictimai rəyi başqa yönə istiqamətləndirmək lazımdır. Bu, birinci səbəb. İkinci səbəb isə Ermənistanın hazırkı rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin Rusiya tərəfindən hazırlanan Kazan formulu əsasında nizamlanmasından qorxmasıdır. Bu formulun məğzi hər kəsə məlumdur. Burada söhbət ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında rayonların Azərbaycana qaytarılmasından və bunun qarşılığında Ermənistan və Dağlıq Qarabağın blokadasının götürülməsindən və Qarabağın yekun statusunun müzakirə olunmasından gedir. Ermənistan rəhbərliyi bu formulu imzalamaqdan qorxur. Ona görə qorxur ki, ölkədəki radikal qüvvələrin təzyiqi ilə qarşılaşacağını bilir. Bu şərtlərdə Ermənistana kiçik hərbi əməliyyatlara başlamaq sərf edir. Ona görə sərf edir ki, beynəlxalq vasitəçilər əllərini masaya çırparaq Ermənistanı hədələsinlər, Paşinyan da əhalisinə beynəlxalq təzyiq nəticəsində güzəştə getməli olduqlarını göstərsin". S. Markov Ermənistanın Azərbaycanla sərhəddə təxribat törətməkdə əsas məqsədinin isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək olduğunu vurğulayıb. Rusiyalı siyasi ekspert hərbi əməliyyatlar davam edəcəyi təqdirdə KTMT-nin hansı mövqedən çıxış edə biləcəyinə də aydınlıq gətirib: "KTMT hər zaman öz mövqeyini dəqiq ortalığa qoyub. KTMT Dağlıq Qarabağı Ermənistan ərazisi hesab etmir. Ona görə də Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar başlayacağı təqdirdə bu təşkilat tamamilə neytral mövqe sərgiləyəcək. KTMT Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməyəcək. Ona görə də düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sərhəddə hərbi toqquşma çox davam etməyəcək. Çünki Azərbaycan bunda maraqlı deyil. Bu, Ermənistanın təşəbbüsüdür. Ermənistanın Azərbaycanla sərhəddə hərbi əməliyyatlara başlamaqda məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsini bu münaqişəyə cəlb etməkdir. Lakin KTMT və bu təşkilata üzv dövlətlər çox yaxşı başa düşür ki, Ermənistan tərəfi hiyləgərlik edir. Hesab edirəm ki, Azərbaycan Ermənistanla sərhəddə ermənilərin təxribatına atəşlə cavab versə belə, KTMT buna müdaxilə etməyəcək. Çünki KTMT-yə üzv dövlətlər Ermənistanın hiyləsini yaxşı başa düşürlər".