• 9 Avqust 2020
logo
“Nikol xilas ola bilməyəcək”

“Nikol xilas ola bilməyəcək”

Elçin Mirzəbəyli: “Çünki bir ölümcül nəticədən xilas olmaq üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasında Ermənistanın sərhəd təxribatı ilə bağlı səsləndirdiyi fikirlərin təsdiqini tapması özünü çox gözlətmədi.
Bunu BayMedia-ya açıqlamasında siyasi ekspert, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib.
"Hikmət Hacıyev açıqlamasında qeyd etmişdi ki, "Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır".
Paşinyanın parlamentdəki fraksiyasının rəhbəri Lilit Makuns Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və beynəlxalq təşkilatlardan baş verənlərə adekvat reaksiya verilməsini tələb etdi. Bundan dərhal sonra isə Ermənistanın Xarici işlər naziri ilə KTMT-nin baş katibi Stanislav Zas arasında birincinin xahişi ilə telefon danışığı baş tutdu.
Şübhəsiz ki, Makunsun bəyanatındakı "beynəlxalq təşkilatlar" ifadəsi müraciətin yayındırıcı, yaxud köməkçi hissəsidir. Əsas hissə, daha dəqiq desək müraciətin hədəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlıdır ki, bu da işğalçı ölkənin və maraqlı tərəflərin bu təxribata öncədən hazırlaşdıqlarını sübuta yetirir", - o, qeyd edib.
Elçin Mirzəbəylinin sözlərinə görə, KTMT-nin baş katibi ilə telefon əlaqəsi də, çox güman ki, öncədən hazırlanmış ssenarinin tərkib hissəsidir:
"Ermənistanın Azərbaycanla sərhəddə təxribatının başqa bir səbəbi isə, ənənəvi olaraq diqqəti daxili problemlərdən yayındırmaq cəhdidir. İşğalçı ölkədə COVİD-19 virusuna yoluxanların sayı 32 minə çatıb. Əhalisinin real sayı 1,5 milyon nəfər olan bir ölkə üçün bu, həddindən artıq böyük rəqəmdir. Ermənistanda indiyədək COVİD-19-a yoluxanları müəyyənləşdirmək üçün 5 aya yaxın bir zaman kəsiyində cəmi 135 minə yaxın test aparıldığını nəzərə alsaq yoluxanların sayının kifayət qədər yüksək olduğunu müəyyənləşdirmək olar. Müqayisə aparmaq üçün xatırladım ki, Azərbaycanda son 15-16 gün ərzində aparılan testlərin sayı Ermənistanda aparılan testlərin cəmindən çoxdur".
"Digər tərəfdən məlum olduğu kimi hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yaradıb. Azərbaycanla sərhəddə törədilrən təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyanın və komandasının sözügedən təxribatla paralel olaraq, nəzarətlərində olan bütün informasiya resursları ilə ölkə daxilində total təbliğat kampaniyasına başlamaları da sübuta yetirir ki, əsas məqsədlərdən biri parmaparça olmuş Ermənistan cəmiyyətini xarici təhlükə qarşısında cəhdidir. Erməni siyasətinin "küçə uşaqları" belə hesab edirlər ki, bu yolla getdikcə daha çox tərəfdar toplayan müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
Ermənistan mediasının və müstəqil ekspertlərin verdiyi məlumatlara görə, ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb.
Bunun əsas səbəblərindən biri, COVİD-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurlarla əhalinin minumum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Ermənistanın rəsmi qurumlarının verdiyi məlumatlara görə hər il 210 min nəfərdən çox ölkə vətəndaşı mövsümi işlərdə çalışmaq üçün Rusiya və digər ölkələrə getmək məcburiyyətində qalırlar. Bu şəxslərin 3-4 ay ərzində əldə etdikləri qazanc isə Ermənistanın illik ÜDM-nin 1/5 hissəsini təşkil edir. Ermənistan əhalisinin real sayını və gənclərin əhəmiyyətli hissəsinin ölkəni tərk etdiyini nəzərə alsaq, 210 min nəfərin, yəni bu ölkənin işçi potensialının təxminən, 35-40%-nin yalnız mövsümi işlərin ümidinə qaldığını müəyyənləşdirə bilərik. Bu isə indiki vəziyyətdə Ermənistanda işsizliyin sayının nə qədər yüksək olduğunu göstərir", - siyasi ekspert deyib.
"Ermənistan Mərkəzi Bankının verdiyi məlumata görə, hər il xaricdən ölkəyə 1,5 milyard ABŞ dollarından çox köçürmələr edilir. Bu köçürmələrin əhəmiyyətli hissəsini isə mövsümi işlərdə çalışan şəxslərin öz ailələrinə göndərdikləri vəsaitlər təşkil edir. Ermənistanın Əmək və sosial məsələlər nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyanın Ermənistan mətbuatına verdiyi açıqlamada isə Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin real göstəricilərdən dəfələrlə az olduğunu bildirib. Onun sözlərinə görə, mövsümi işlərdə çalışmaq üçün xarici ölkələrə üz tutan Ermənistan vətəndaşlarının çoxu qazandıqları vəsaitləri nəğd şəkildə, ölkəyə geri qayıdan zaman özləri ilə gətirirlər. Bu isə mövsümi işlərdən əldə edilən vəsaitlərin həcminin təxminən 3 milyard ABŞ dollarından çox olduğunu göstərir. Bi isə təxminən Ermənistanın dövlət büdcəsinə bərabərdir.
Göründüyü kimi, yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVİD-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir resursu yoxdur. Məhz bu səbəbdən Nikol bir ölümcül nəticədən xilas olmaq üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib", - o qeyd edib.