• 9 Dekabr 2024
logo
Vəfat edən əlilliyi olan şəxslərin yaşayış sahəsinə uçotunun ailə üzvləri üçün saxlanılması qaydası təsdiqləndi

Vəfat edən əlilliyi olan şəxslərin yaşayış sahəsinə uçotunun ailə üzvləri üçün saxlanılması qaydası təsdiqləndi

Nazirlər Kabineti “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nı təsdiq edib.
Trend-in məlumatına görə, qaydaya görə, əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində uçota alınmanı həyata keçirən orqana müraciət edir.
Təmsilçilik barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir.
Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan bu barədə təmsilçiyə 1 iş günündən gec olmayaraq yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır.
Sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir.
Qaydada vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina halları da qeyd edilib.
Qaydaya görə, tələb edilən sənədlər təqdim edilmədikdə, əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Mənzil Məcəlləsinə əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə, təmsilçi Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.
Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi inzibati icraat və ya məhkəmə qaydasında şikayət verilə bilər.