• 19 Mart 2024
logo
Əli İnsanovun “Ermənistanlı azərbaycanlıların etimad hökuməti” planı...

Əli İnsanovun “Ermənistanlı azərbaycanlıların etimad hökuməti” planı...

Hakimiyyətə qorxlu iddia və ya YAP-ın təlaş səbəbləri...

Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən azad olunandan sonra bəziləri maraqla, bəziləri həyəcanla gözləyirdi, o neynəyəcək?

...O, Haqq Ədalət Partiyasını (HƏP) elan etdi. Mövcud müxalifəti, radikallı, neytrallı bir masada topladı. Onları çeşidlədi. Bir qismi ilə əməkdaşlıq planladı. Digər qismini ikinci dönəmə saxladı. Yəni istəkləri səssiz reallaşmasa dönəminə, daha radikal addımlar üçün. AXCP və Musavat bu planın ikinci hissəsində qaldı. Onlar daha az, bəlkə də etimad göstərilməyəcək güc kimi nə yaxın buraxıldı, nə uzaq tutuldu. Çoxu bu detalı fərq etmədi. Ə.İnsanovun yeni partiyasından gedənləri iki-üç adamı gündən elədilər, gülüb keçdilər. Və bu, ölkə siyasi səhnəsində olanların nə böyük qüsurudur. Siyasi rəqibini küçümsəmək.Ən xırda rəqibi belə küçümsəməyəcəksən. Bu son dəcərə vacib qaydadır.

İndi Ə. İnsanov siyasi fəalyyətinə müsahibələrlə davam edir. Ölkənin bu durumunda ən yaxşı variant məh budur. Hər kəsin başı bir işə qarışıqdır. Hamı səni unudub, sən altyapı hazırlamaqla məşğulsan. Məsələ o deyil ki, bu alınacaq və ya alınmayacaq. Məsələ o ki, bu işlər görülür və ciddiliyini nəzərə alan tərəflər var. Məsələn, hakim YAP, Ə.İnsanovun “dinməzcə” fəaliyyətindən çox narahatdır.
Başlayaq ondan ki, YAP və onun siyasi çox məlumatlı simaları nədən, niyə narahatdır?

***

...1996-cı ildə, keçmiş səhiyyə naziri Əli İnsanov, mərhum Prezident Heydər Əliyevin yanına yeni layihə ilə gəlir. “Ermənistanlı Azərbaycanlıların Etimad Hökuməti” adlanan layihədə, kimlərin hansı yeri alacağı belə dəqiq məlum idi. Bəzi mənbələrin məlumatına görə, həmin dönəmdə mərhum Prezident layihə haqda nə mənfi, nə müsbət mövqe ortaya qoymayıb. Yəni layihəyə start verilməyib. Sadəcə Ə.İnsanova gözləməyi tövsiyyə edib. O, yaxından tanıdığı Əli İnsanovun yerlipərəstlik hikkəsinə yaxşı bələd idi. Eyni zamanda gözəl anlayırdı ki, bu etimad hökuməti DQ münaqişəsinin həllindən dolayı Azərbaycana son dərəcə vacibdir. Məsələ orda düyünə düşürdü ki, bu layihəni H.Əliyevə Ə.İnsanov təqdim etmişdi. Bu isə məlum şəxsi keyfiyyətlərdən dolayı həm siyasi hakimiyyətə, həm də bütövlükdə dövlətə ziyan vuracaqdı. Ə.İnsanovun şəxsi keyfiyyətindəki yerlipərəslikdən doğan “alman hikkəsi” real vəziyyəti dəyərləndirməyə imkan verməyəcəkdi.

***

Bu qısa xatıratmanı etməyi niyə lazım bildim? YAP yetkililəri ona görə narahatdır ki, onlar sözügedən layihə barədə daha detallı məlumatlıdır. Və o layihədə kimlərin adbaad yer aldığından xəbərdardılar. Bəli, bu gün həmin insanların bir qismi artıq həyatda deyil. Tanrıdan rəhmət diləyirəm. Amma sələfləri və böyük bir qismi hələ də həyatdadır.
İndiki ehtimallara görə Ə.İnsanov 1996-cı ildə həyata keçirə bilmədiyi “Ermənistanlı Azərbaycanlıların Etimad Hökuməti” layihəsini siyasi məqsədləri üçün istifadə edir. Yəni zamanında mərhum Prezident Heydər Əliyevin ehtiyatlı davranışının əslində ciddi əsasları ortaya çıxır. Bir ermənistanlı sözünü sənəddən çıxarmaqla, cəmiyyətə və siyasi çevrələrə etimad hökuməti təklif edirlər. Bu yöndə çox “etibarlı” dəstək də var, Qərb, Avropa. Siyasi simaları, çevrəsi və hətta media gücü ilə.

***

Onu da xatırladaq ki, YAP-ın nüfuzlu siyasi simalarından, Eldar Sabiroğlu, Alqış Musayev , Əli İnsanova simpatiyalarına görə, artıq siyasi idarəçilikdən uzaqlaşdırılan, “boz kardinal” Ramiz Mehtiyev tərəfindən “vurulmuşdu”. Bu günlərdə adıgedənlərin hər biri “boz kardinal”la bağlı media üzərindən kəskin çıxışları ilə diqqət çəkir.

Diqqət etsək daha bir maraqlı məqam var. Hakim YAP, prosesi iki yandan qorumalıdır. Bir tərəfdən incik komanda yoldaşlarının Ə.İnsanova sarı getməsinə yol verilməməlidir. İkincisi, R.Mehtiyev dönəmində “vurulanlar” qarşısında “günahlar yuylmalıdır”. Etiraf, bu istiqamətdə ən yaxşı variantdır. Məsələn, Alqış Musayev barədə “o, “Yeni Azərbaycan” qəzetinin ən yaxşı rəhbəri idi” fikri, çox ağıllı düşünülmüş variantdır.

***

Digər vacib məqam, Əli İnsanov bir neçə yerli internet TV-nin, o cümlədən idarçiliyi Qərb və Avropadan olan xarici mediaların daim diqqətindədir. Məhz bu söhbətlərdə ciddi mesajlar ötürülür. O, hər kəsi bağışlayan adam təəssüratı yaradır. Əslində psixoloji məqamdır. Sənə həyatının böyük pisliyini edən adamı və ya adamları “bağışlayırsan”, ya da “hamıya belə etməsini mən demişdim” söyləyirsənsə, daha böyük məqsədin və ya missiyan var.
Mətləbdən çox uzaqlaşmayaq. Diqqətinizi doxsanıncı illərdə “Avrasiya” qəzetini təsis etmiş, həm də Azərbaycanda siyasi hakimiyyətə yaxınlığı ilə seçilən, yaxşı bir biznes quran, tanınan jurnalist İrfan Sapmaza yönəltmək istəyirəm. Öncə bu suala cavabdan başlayaq: Çox sadə və səmimi biri təəsüratı yaradan İrfan bəy, əslində siyasət aləmi üçün kimdir?

İrfan bəy Azərbaycanla sıx bağlılığı olan, ölkəni yaxşı tanıyan, on beş ildən çox zaman kəsiyində Azərbaycanda baş verən hər hansı siyasi prosesə reaksiya verməyən dünya çapında tanınan, milliyyətcə türk jurnalistdir. İrfan bəy həm də o şəxsdir ki, Azərbaycan-Türkiyə münasibətlərində, hər zaman amerikan münasibəti sərgiləyib. Amma mərhum Heydər Əliyevin hakimiyyəti dönəmində ona qəzetçiliyə paralel, biznes imkanları yaradıb neytrallaşdıra bilmişdilər. Bu fikri təsdiqləmək üçün daha bir faktı da təqdim edirəm diqqətinizə.

2003-cü il, 26 iyulunda Azərtac Dövlət Agentliyi “Uzanlar, onların “Star yayım qrupu” və İrfan Sapmaz, Can Ataklı kimi muzdlularla əməkdaşlıq, Musavat partiyasının xəyanətkar mövqeyini bir daha göstərdi...” başlıqlı yazı dərc edib. Yazıda İrfan bəy haqda belə qeyd olunur:

- Dünənə qədər Azərbaycan Prezidenti Heydər Əliyev haqqında yüzlərlə müsbət yazıları çıxan, onu yerlərə-göylərə sığışdırmayan İrfan Sapmaz qəzetçilik etikasını tamamilə bir tərəfə qoyaraq, büsbütün “dönmüşdür”. Bunun səbəbini anlamaq çətin deyildir: verilən vədlər və kim bilir, nələr hesabına əlindəki qəzetdən və imtiyazlardan Azərbaycan Prezidentinə qarşı istifadə etməyə başlamışdır. Lakin hər kəsə məlumdur ki, İrfan Sapmaz Azərbaycanda, sadəcə, “Avrasiya” qəzeti buraxmaqla kifayətlənməmiş, həm də ticarətlə məşğul olaraq külli miqdarda pul qazanmışdır. Azərbaycandan isə borclarını ödəmədən qaçmışdır.

İndi guya Elçibəyçi kimi müxalif mövqe sərgiləyən Sapmazı qaynar bölgələrdən Azərbaycanın iç siyasətinə düşürən görəsən hansı maraqdır? Yuxarıda qeyd etdim ki, İ.Sapmaz Türkiyə-Azərbaycan münasibətlərində həmişə amerikan mövqeyi sərgiləyib. Və təbii ki, biznesindən dolayı Azərbaycandan incikliyi də var. Bu halda müxalif mövqe sərgiləmək və Vaşenqtondan Əli İnsanovla müsahibə aparmaq heyif çıxmaq üçün olduqca uyğun addımdır. İndi gələk ona ki, İ.Sapmaza müsahibəsi daxil, çoxunun diqqət etmədiyi söhbətlərdə Ə.İnsanov hansı siyasi mesajları verib?

Əli İnsanov hazırki Prezident İlham Əliyevə münasibətinin açıq etiraf edir:

-İlham Əliyevə münasibətim pis deyil. Ona kömək etməyə də hazır idim, əgər Avroalantik məkana üz tutsaydı.

Əli İnsanov siyasi çevrəsi barədə mesaj ötürür:

-Hətta uzun müddətdir Azərbaycandan çıxmış insanlar sırasında mənəvi bacısının, çoxlu dostlarının olmasına işarə edir.

Əli İnsanov şübhələndirir:

-Hakimiyyətdə təmsil olunan tam əksəriyyət məni təbrik elədi, kim necə, bundan danışmağa ehtiyac yoxdur.

-Əli İnsanov xatırladır:

-Heydər Əliyevin qılıncı göydə “oynayanda” onların neçəsini xilas eləmişəm, yaxşı xatırlasınlar.

Əli İnsanov bağışladığını deyir, bu, onun hədəfinin daha böyük olmasına işarət də hesab oluna bilər:

-Hökumətdə təmsil olunanları zamanında düz edib məni söyüblər. Özlərini, ailələrini, yaxınlarını qoruyublar. Mən də belə etmələrini istəmişdim.

Əli İnsanov bütün rədd cavablarına rəğmən, YAP-a koalisiya təklif edir:

-YAP-la etimad hökuməti yaratmağı təklif edirik. Sonra təkrar seçki keçiriləcək.

Əli İnsanov siyasi məqsədinə nail olarsa öz kursunu da elan edir:
Avroatlantik məkana doğru bütün sənədlər imzalanacaq. Mən bu prosesdə iddialıyam. O, heç bir milli dəyərin nəzərə alınacağına vəd vermir.

Əli İnsanov deyir:

-Siyasi hakimiyyətin ötürlməsinə yol vermək kimi niyyətləri yoxdur. Əgər etimad hökumətu qurulmazsa, ehtiyatda saxlanan siyasi güclərlə mübarizə yolu tutulacaq. Bu təbii ki, mitinqlər, digər aksiyaların təşkilindən xəbər verir. Dolayısı ilə ölkəni xaosa aparmaq iddiasını ortaya qoyur.

Əli İnsanov quracaqları parlamentin tərkibi barədə indidən mesaj ötürür:

-Ölkədə qırxa yaxın partiya var. İcazə versinlər biz, beş partiya ilə etimad hökumətini quraq, sonra hamısı parlament seçkilərinə qatılacaq, layiqli siyasətçilərdir.

Əli İnsanov missiya daşıyıcıı olmasını istisna etmir:

-Ola bilər xırda bir partiyanın layiqli namizədi Prezident olsun.

Bu ardıcıllıqdan sonra nəsə deməyə lüzum görmürəm. Hə bəlkə çoxları düşünər ki, Ə.Insanov dönəmi bitmiş biridir. Onun özü demiş, şərt o deyil ki, hakimiyyətə gələcək. Rəhbər başqası da ola bilər....

Bir sözlə, Tanrı bu qaranlıq durumdan Azərbaycanı qorusun!

Jalə Mütəllimova

10.07.2020