• 5 Avqust 2020
logo
Millət vəkili: “Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi Azərbaycana böyük etimadın göstəricisidir”

Millət vəkili: “Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi Azərbaycana böyük etimadın göstəricisidir”

“Azərbaycanda yeni növ koronavirusa (Covid-19) yoluxmanın artmasını nəzərə alaraq, dövlət lazımi tədbirləri davam etdirir”.

Bunu açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər: “800 çarpayılıq xəstəxana istifadəyə verildi. 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Modul tipli beş xəstəxana artıq fəaliyyətdədir. Daha beşi inşa olunacaq. Dövlət başçısının qeyd etdiyi kimi, biz koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq”.

Millət vəkili nəzərə çatdırıb ki, hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alır ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə tikilib: “Xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycanla müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmadan sığortalanmış deyil. Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız da nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı da davam edir. ÜST direktoru Azərbaycanın Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib”.

M. İbrahimıqızı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün həyata keçirilən siyasətdə ön planda insanların sağlamlığı olduğunu vurğulayıb: “Eyni zamanda COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyev tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə mühüm təşəbbüslər irəli sürülüb. Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Millət vəkili qeyd edib ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və fraqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Artıq 130-dan çox dövlət Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyib. Eyni zamanda iyulun 8-də BMT-nin Baş katibi Antonio Quterreş telefon danışığı zamanı Prezident İlham Əliyevə təşəkkür edib və BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu nəzərə çatdırıb. 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi və BMT Baş katibinin də bu təşəbbüsə dəstək verməsi beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevə və Azərbaycana olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oluи. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya Ermənistanın əsl irticaçı mahiyyətinin bir daha şahidi oldu. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə, Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Dövlət başçısının da vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır”.