• 19 Sentyabr 2020
logo
MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb

MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Bu barədə Trend Hərbi Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.
Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.
Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.