• 29 Mart 2024
logo
Ekspert: Azərbaycan Prezidentinin Minsk qrupunun fəaliyyəti barədə söylədikləri real vəziyyətin obyektiv təhlilidir

Ekspert: Azərbaycan Prezidentinin Minsk qrupunun fəaliyyəti barədə söylədikləri real vəziyyətin obyektiv təhlilidir

Prezident İlham Əliyevin Azərbaycanın danışıqları imitasiya üçün aparmaq niyyətində olmadığını bəyan etməsi, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyət daşımadığını bildirməsi ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanmış mesaj, danışıqlar prosesindən mövcud status-kvonun qorunması üçün istifadə etməyə çalışan Ermənistana ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert bildirib ki, Azərbaycan Prezidenti bundan əvvəl də öz müsahibələrində və beynəlxalq platformalardakı çıxışlarında ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini, işğalçı ilə işğala məruz qalan ölkə arasında paralellər aparmaq cəhdlərini kəskin şəkildə tənqid edib. Amma dövlətimizin başçısının Xarici İşlər nazirlərinin videokonfransının Minsk qrupunun sanki fəaliyyətdə olduğunu nümayiş etdirmək üçün keçirdiyini qeyd etməsi, yaranmış vəziyyətin bütün qaranlıq məqamlarını gün işığına çıxarır. Bu o deməkdir ki, Minsk qrupunun danışıqlar prosesini davam etdirməkdə məqsədi heç də münaqişənin real olaraq tənzimlənməsi deyil, Minsk qrupunun bir format olaraq qoruyub saxlamaqdır. Bunun isə bir sıra səbəbləri var:
- Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsindən, Azərbaycan torpaqlarının işğal altında qalması faktından Minsk qrupunun regiona təsir imkanlarını qoruyub saxlamaq üçün istifadə etmək;
- Münaqişənin həllini uzunmüddətli bir prosesə çevirməklə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətini, soyqırımı aktlarını qismən də olsa unutdurmaq, yaxud Azərbaycan tərəfinin müqavimətini qırmaq, müxtəlif vasitələrlə ölkəmizi təslimçiliyə sövq etmək;
- Ermənistanın böhrandan çıxması üçün işğalçı ölkəyə vaxt qazandırmaq və Azərbaycanın artmaqda olan hərbi gücü ilə nisbi də olsa balans yaratmasına imkan yaratmaq;
- Minsk qrupu formatının ayrı-ayrı diplomatların iş yeri və fəaliyyət yeri olan beynəlxalq təsisat kimi qorunub saxlanılmasına nail olmaq;
- Həmsədrlərin sülhyaratma missiyası həyata keçirdiyi görüntüsünü yaratmaqla beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktlarından diqqəti yayındırmaq;
- Bir çox hallarda güc mərkəzlərinin maraqlarının təmin edilməsinə, uzlaşdırılmasına xidmət edən beynəlxalq təşkilatların fəaliyyətinin əhəmiyyətsizliyini pərdələmək üçün münaqişələrin sülh yolu ilə həllinin mümkünlüyü barədə beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək və s.
Elçin Mirzəbəyli söyləyib ki, Azərbaycan Prezidentinin Minsk qrupunun fəaliyyəti haqda söylədikləri real vəziyyətin obyektiv, ətraflı təhlilidir və mövcud vəziyyətin tam mənzərəsini nümayiş etdirir. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupundan konkret bəyanatlar tələb edir, ölkəmizin manipulyativ söz oyunlarının yorulduğunu və prosesin belə davam etməsinin mümkünsüzlüyünü onların diqqətinə çatdırır. Dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun hansı səbəblərdən Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına niyə cavab vermədiyini sual etməklə, əslində, həmsədrlərin vasitəçilik missiyasının artıq heç bir əhəmiyyət kəsb etmədiyinə diqqət çəkir. Yəni, əgər işğalçı ölkə öz iddialarından geri çəkilməyəcəyini israrla bəyan edirsə və danışıqlar prosesinin davam etdirilməsini əhəmiyyətsiz edən bu iddialara tutarlı cavab verilmirsə, işğalçıya qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn addımlar atılmırsa, o zaman ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasının heç bir önəmi də qalmır. Çünki “Qarabağ Ermənistanındır” iddiası danışıqlar prosesinin mahiyyətinin alt-üst edilməsi deməkdir. Prezidentin də qeyd etdiyi kimi, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.
“Ermənistan tərəfi artıq iki ildir ki, danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. İşğalçı ölkənin bu iddiasına da adekvat cavab verilir? Prezident İlham Əliyevin dediyi kimi, qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilmir. Deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil. Yaxud Ermənistan artıq uzun illərdir ki, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Azərbaycan şəhərlərinin tarixi adları dəyişdirilir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Azərbaycan xalqına məxsus tarixi, mədəni irs məhv edilir. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözlədiyi halda, onlar baş verənlərə heç bir reaksiya vermirlər;
Cavab verəndə də bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər.
O zaman ortaya haqlı olaraq başqa bir sual çıxır. Əgər ATƏT-in Minsk qrupu Ermənistanın danışıqlar prosesini pozma və uzatma cəhdlərinə nala-mıxa vurmaqla, yayındırıcı ifadələrlə cavab verirsə, həmçinin münaqişənin hərb yolu ilə həllinin mümkün olmadığını bildirirsə, o zaman işğala necə son qoyulacaq? Qaçqın və məcburi köçkünlər öz evlərinə necə qayıdacaq? Münaqişə hansı yolla və vasitə ilə həll olunmalıdır? Məsələ orasındadır ki, artıq təkcə danışıqlar prosesi deyil, prosesi uzatmaq üçün istifadə olunan bütün variantlar, bəhanələr də tükənib. BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub. ATƏT Minsk qrupu özünü BMT-nin Nizamnaməsindən üstün hesab edir. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Bu hüququ isə heç kim Azərbaycanın əlindən ala bilməz”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.