• 5 Avqust 2020
logo
“Dövlət başçısı Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü”

“Dövlət başçısı Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü”

Elxan Şahinoğlu: “Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir”

“Prezident İlham Əliyev iyulun 6-da verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlara və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə toxundu”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, birincisi, Prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər: “Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu dövlət başçısının qiymətləndirməsidir;
İkincisi, Prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı.
Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını da tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”.
Dördüncüsü, Prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”.
Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Müzakirələrdə koronavirus pandemiyası ilə mübarizənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə aidiyyatı var idi? Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Belə olan halda xarici işlər naziri Elmar Məmmədyarovun nədən hər dəfə erməni həmkarıyla onlayn müzakirələrə qatılması sual doğurur. Prezident bu müzakirələrin Azərbaycan üçün mənasız olduğunu bildirdi, xarici işlər naziri isə vasitəçilərin təklif etdikləri bütün mənasız onlayn konfranslara qatılmağa üstünlük verir.
Beləliklə, Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü. Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gətirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verir: “Heç kim Aprel döyüşləri yadından çıxmasın”.

Əli Zülfüqaroğlu