• 5 Avqust 2020
logo
Afət Həsənova: Suraxanıda qəzalı binada yaşayanların yeni mənzillərə köçürülməsi çox mühüm və sevindirici haldır

Afət Həsənova: Suraxanıda qəzalı binada yaşayanların yeni mənzillərə köçürülməsi çox mühüm və sevindirici haldır

Epidemioloji vəziyyətlə əlaqədar yaşadığımız bu çətin günlərdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi 72 ünvanda yerləşən qəzalı yaşayış binasının təhlükəli şəraitdə yaşayan sakinləri yeni mənzillərə köçürülüb. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, sakinlərin Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsində inşa edilən Hövsan Yaşayış Kompleksində yeni təmirli mənzillərlə təmin olunması çox sevindirici hal olmaqla bərabər Azərbaycan vətəndaşına diqqət və qayğının bariz nümunəsidir.

Deputat vurğulayıb ki, bu olduqca mühüm bir hadisədir: “Dövlətimizin qayğısı nəticəsində sakinlərin böyük bir problemi öz həllini tapdı. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə sakinlər tam təmirli və yeni mənzillərlə təmin olundular. Bu hadisə sakinlərin böyük sevincinə səbəb oldu. Onlar bu problemlərinin həllinə görə cənab Prezidentə dərin təşəkkürlərini bildiriblər”.

A.Həsənova bildirib ki, ümumilikdə son illərdə ölkəmizdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər həyata keçirilib.

Deputat vurğulayıb ki, əhalinin mənzil şəraitinin yaxılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri 2006-cı ildə İpoteka Fondunun yaradılması idi:

“Bu gün öz fəaliyyətini İpoteka və Kredit Zəmanət Fondu kimi davam etdirən qurum ölkədə sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması istiqamətində çox uğurlu bir mexanizmdir. Bu fondun yaradılması vətəndaşlara əlverişli kredit şərtlərindən istifadə etməklə mənzil sahibi olmaq, öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı verdi. Fondun vəsaiti hesabına bu günə qədər 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ümumilikdə isə verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır”.

A.Həsənova qeyd edib ki, ölkəmizdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan digər bir mühüm addım isə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi tətbiqinə başlanılması oldu.
Deputatın sözlərinə görə, fond tətəfindən hazırlanan bu mexanizm kirayədə yaşayan ailələr üçün geniş imkanlar açır: “Bu mexanizmə əsasən, alilələrin verdiyi kirayə haqları hədər getmir. İnsanlar kirayə haqlarını ödənməklə sonda mənzilə sahib olurlar. 10 mart 2020-ci il tarixindən istifadəyə verilsə də qısa müddət ərzində 6 mindən çox vətəndaş müraciət edib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib”.

A.Həsənova əlavə edib ki, digər mühüm addım isə ölkəmizdə sosial mənzillərin tikintisinə başlanması oldu: “Bu sahədə həyata keçirilən islahatların davamı olaraq cənab Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Artıq xeyli sayda vətəndaşımız bu imkandan faydalanaraq mənzil sahibi olublar”.

Deputat vurğulayıb ki, bu gün koronavirus pandemiyası dünyanı cənginə alıb: “Bildiyinz kimi bu gün dünyada iqtisadi böhran yaşanır, bir çox layihələr təxirə salınır. Lakin belə bir çətin dövürdə də Azərbaycanda heç bir sosial layihənin həyata keçirilməsi dayandırılmayıb.

Çox sevindirici haldır ki, deputat seçildiyim Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi 72 ünvanda yerləşən qəzalı yaşayış binasında yaşayan sakinlər də dövlətin yaratdığı bu imkandan faydalanaraq yeni mənzil sahibi oldular. Bu olduqca mühüm hadisədir. Evlər sakinlərə tam təmirli vəziyyətdə təqdim olunub. Və ən mühümü isə odur ki, pandemiya dövrünə baxmayaraq həmin sakinlər dövlətin diqqətindən kənarda qalmadılar”.