• 16 Aprel 2024
logo
“Başlıca vəzifəmiz ölkəmizi bu virusdan qorumaqdır”

“Başlıca vəzifəmiz ölkəmizi bu virusdan qorumaqdır”

“Qlobal bəla statuslu koronavirusun yayılmağa başladığı ilk gündən ölkəmizdə pandemiyanın fəsadlarından əhalinin qorunması naminə zəruri qabaqlayıcı, təxirəsalınmaz və mübarizə xarakterli tədbirlərin görüldüyü danılmazdır”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkli qeyd edib ki, virusun yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən kompleks tədbirlər Azərbaycanın öz gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunun nümayişi oldu: “Prezident İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində ölkəmizdə vətəndaşların təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların sosial təminatına və məşğulluğuna yönəldilib. Dövlətin hazırladığı dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığının təmin edilməsi mərhələli şəkildə həyata keçirilir. Məhz bunun üçün Azərbaycan koronavirusla mübarizədə uğurlu ölkə kimi nümunə göstərilir.
Acınacaqlı haldır ki, koronavirus bəlasının insanların sağlamlığı üçün real təhlükə və ciddi təhdid mənbəyinə çevrildiyi bir zamanda ölkəmizin koronovirusa qarşı apardığı mübarizə tədbirlərinə kölgə salmağa çalışanlar da tapılır. Müasir dövrdə insanların xəbər almaq, eləcə də yaymaq imkanlarının kifayət qədər genişləndiyi sosial şəbəkələrdən öz çirkin niyyətlərini həyata keçirməyə çalışanlarla da rastlaşırıq.
Dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərə, görülən işlərə ləkə yaxmaq üçün əllərindən gələni edənlər klaviaturanın düymələrinə güc verərək həqiqəti əks etdirməyən ağ yalanlarını cəmiyyətə ötürürlər. Bu da rəsmi, dəqiq məlumatlardan çox, sosial şəbəkələrdə bəzilərinin düşməncəsinə virusla bağlı yaydığı dezinformasiyaların yayılmasına zəmin yaradır”.
“Təəssüflər olsun ki, dünyanın bir çox ölkələrində sosial mediadan maariflənmə və ya biznes məqsədilə istifadə olunduğu halda, ölkəmizdə bəzi vətəndaşlar sosial şəbəkələri daha çox əsası olmayan mövzuların müzakirə olunduğu qeybət ocağına çeviriblər”, - deyən millət vəkili bildirib ki, cəmiyyətdə təşviş yaratmaq məqsədi güdən koronavirus xəstəliyi ilə əlaqədar şayiələrin, təxribat xarakterli məlumatların yayılması yolverilməzdir: “Bu cür şayiələri yayanlar cəmiyyət arasında narahatlıq yaradır, səbəbsiz stresə, həyəcana səbəb olurlar. Buna cəhd edənlərin əməlləri qanun çərçivəsində layiqli cavabını almalıdır. Çünki burada söhbət əhalinin əsassız halda narahatlığına səbəb olmaqdan, eyni zamanda, müstəqil Azərbaycanın nüfuzuna xələl gətirməkdən gedir.
Doğrudur, Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatlarını gündəlik olaraq bir neçə dəfə ictimaiyyətə çatdırılması sosial şəbəkələrdə informasiya manipulyasiyalarının qarşısına sədd çəkir. Lakin bəzi vətəndaşlar sosial şəbəkələrdə yayılanlara üstünlük verirlər.
Ölkəmizlə bağlı ajiotaj yaradan xəbərləri yayanları, informasiya ilə manipulyasiya edənləri ciddi nəzarət altına almalı, eyni zamanda, cəmiyyətin hər bir üzvü ən sərt və kəskin qınaq nümayiş etdirməli, onlara cavab verməlidir.
Unutmayaq ki, belə bir çətin zamanda hər birimizin ən başlıca vəzifəmiz özümüzü, həmvətənlərimizi və ölkəmizi bu virusdan qorumaqdır”.

Əli Zülfüqaroğlu