• 3 İyul 2020
logo
Ermənistan korona qarşısında diz çöküb

Ermənistan korona qarşısında diz çöküb

Ermənistanda koronavirusa yoluxanları və ölənlərin sayın gündən-günə artmaqdadır. Ermənistan Səhiyyə Nazirliyinin dünən yaydığı məlumata görə, koronavirusa yoluxanların sayı 415 nəfər təşkil edib.

Bununla Ermənistanda koronavirusa yoluxanların sayı 26 065-yə yüksəlib.

Bu günə olan statistikaya əsasən koronavirusdan ölənlərin sayı 10 nəfər artaraq, 453 olub. Koronavirusdan yatan, amma paralel xəstəlikdən öldüyü bildirilən şəxslərlə birgə ölənlərin ümumi sayı isə 590-a qalxıb. Bu göstərici ilə Ermənistan ABŞ, İsveç, İtaliya, İspaniya və Rusiya kimi ölkələrdən irəli keçib.

Erməni siyasi şərhçi Yervand Bozoyan qeyd edir ki, iyunun sonunda 1 milyon nəfərin hesablanması ilə infeksiyanın yayılma göstəricilərinə görə Ermənistan dünyanın demək olar bütün ölkələrini üstələyib.

“Beləliklə, iyunun 28-nə olan məlumata görə, bu göstərici bizdə 8317 nəfər təşkil edir. Halbuki, məsələn, Gürcüstanda bu göstərici 232-dir, yəni bizdən 35 dəfədən çox daha kiçikdir. Azərbaycanın göstəricisi 1620-dir, yəni bizdən 5 dəfədən çox daha kiçikdir. Digər qonşumuz Türkiyənin göstəricisi 2323-dür, yəni bizdən 3,5 dəfə daha kiçikdir”, - deyə o bildirib.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev xalqcebhesi.az-a açıqlamasında Ermənistanda virusa yoluxan və ölüm sayının artığını ağır iqtisadi durum, sosial səfalət və yoxsulluğun, eyni zamanda bütün sahələrdə əhaliyə göstərilən xidmətin aşağı səviyyədə olması ilə əlaqələndirib.

BAP sədri deyib ki, bu gün Ermənistan pandemiya ilə mübarizədə aciz durumla üzləşib: "Bunu biz yox, elə onların ekspertləri söyləyirlər, həyacan təbili çalırlar. Hələ may ayında Ermənistanın “Politeconomy” tədqiqat institutunun siyasi şərhçisi Yervand Bozoyan institutun “Facebook” səhifəsində hökumətə sual ünvanlamışdı ki, "Niyə koronavirusa qarşı mübarizədə Ermənistan Azərbaycana məğlub olur?” Yəni işğalçı ölkə koronavirusla mübarizədə də Azərbaycandan geri qaldığından narahat olub. Amma bunun səbəbini özündə, hökumətin həyata keçirdiyi naşı siyasətində, əhalinin ağır sosial durumunda axtarmır".

Partiya sədri qeyd edib ki, Azərbaycan və Ermənistanın təbii ki, iqtisadi gücləri və potensialı fərqlidir. Ermənistan bu məsələdə Azərbaycandan çox zəifdir: "Biz də bu potensialımızdan səmərəli istifadə etməyi bacarmalıyıq. Azərbaycan bir sıra səbəblərdən dünya üçün daha əhəmiyyətli ölkədir. Ermənistan özünü təcrid vəziyyətə salmış, potensialı olmayan ölkədir. Ondan Rusiya kimi ölkələr maşa kimi istifadə edirlər".

E.Musayev onu da vurğulayıb ki, Ermənistan 1 milyon nəfərin hesablanması ilə koronavirusa yoluxma və xəstəlikdən ölüm göstəricilərinə görə bölgədə liderdir. Virus Ermənistan ordusuna, hakimiyyət rəsmilərinə, hətta Paşinyanı ağuşuna alıb: "Azərbaycana gəldikdə isə burada vəziyyət bir qədər fərqlidir. Azərbaycanda koronavirusla mübarizədə hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində yoluxma və ölüm sayı azalmışdı. Lakin karantin rejiminin yumşaldılması nəticəsində əhalinin bir qisminin məsuliyyətsizliyi yoluxma və ölüm sayını artırdı. Pandemiya yalnız Azərbaycanın deyil, bütün dünyanın problemidir. Ona görə də, bu problemdən qurtarmaq üçün dövlətlərlə bərabər vətəndaşlar da çaba göstərmək məcburiyyətindədir. Amma təbii ki, əsas yük dövlətin üzərinə düşür. Dövlət istər biznes strukturlarına, istərsə də aztəminatlı ailələrə xeyli maliyyə yardımı etdi. Amma problemlər, narazılıqlar, natamamlıqlar da üzə çıxdı. Bu da təbiidir. Hesab edirəm ki, dövlət həm yardımları davam etdirməli, həm də buraxılmış səhvləri düzəltməlidir. Biz bu bəladan birlikdə çıxmalıyıq".