Azərbaycanda yeni publik hüquqi şəxslər yaradılıb.
Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana əsasən, yeni yaradılan publik hüquqi şəxslər - Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir.
Onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı həmin publik hüquqi şəxslərə keçir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə isə publik hüquqi şəxs statuslu Sosial Xidmətlər Agentliyinə keçib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etmək tapşırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli fərmanında publik hüquqi şəxs statuslu Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin yaradılması nəzərdə tutulmuşdu.