“Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlarımızla bir sıra görüşlər keçirilib”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib: “Hər il iyunun 30-da BMT-nin qərarı ilə Beynəlxalq Parlamentarizm Günü qeyd edilir. 1918-ci ildə Xalq Cümhuriyyətinin qurulması, bu gün müasir dövlət qurulması Azərbaycan xalqının demokratik prinsiplərə sadiq olduğunu göstərir. Cümhuriyyət dövründə ilk dəfə qadınlara səsvermə hüquqları verilib. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətə malik olsa da, Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub. Sovet dövrü müstəqillik üçün əsasların formalaşması üçün mühüm rol oynayıb. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında mühüm quruculuq işləri görülüb. 1991-ci ildə müstəqillik bərpa ediləndə Azərbaycanın böyük potensialı vardı. Ancaq dövlətimiz 20-ci əsrin əvvəlindəki taleyi yaşamaq təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan və süqutdan xilas etdi. Heydər Əliyev prezident seçilənə qədər 4 ay parlamentə sədrlik edib. Heydər Əliyevin sədr seçilməsi parlamentin nüfuzunu yüksək səviyyəyə qaldırıb. Müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən Konstitusiya əsasında real hakimiyyət bölgüsü həyata keçirilib, peşəkar parlament formalaşdırılıb”.