• 19 Mart 2024
logo
“Dağlıq Qarabağda gərginlik artır”

“Dağlıq Qarabağda gərginlik artır”

Şair Ramaldanov: “Ermənistan Azərbaycana müharibə yolundan başqa seçim qoymur”
Qabil Hüseynli: “Sonuncu təxribat cəhdi həm də bir növ bizim aviasiya üçün özünütəsdiq imkanıdır”
Xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirlərin görüşü iyunun 20-də Vaşinqtonda olacaq.
İşğalçı rejim isə bütün görüşlərdən əvvəl cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır.
Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan silahlı qüvvələri "OSA" zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.
Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, əgər düşmən qısa zamanda özünə nəzarət edə bilməsə, Azərbaycan düşmənə öz gücünü göstərib torpaqlarını müharibə yolu ilə azad edərək ərazi bütövlüyünü bərpa etməlidir. O qeyd edib ki, Silahlı Qüvvələrimiz bu təxribatın qarşısını almaqla bir daha ordumuzun nəyə qadir olduğuna düşmənə sübut etdi: “Bu təxribatlar onu göstərir ki, Dağlıq Qarabağda gərginlik günü-gündən artmağa davam edir. Digər tərəfdən, biz Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanda daxili gərginlik yarandıqda və ya danışıqlar ərəfəsində düşmən cəbhə bölgəsində təxribatların sayını artırır və atəşkəs daha çox pozulur. Amma bu günə qədər ermənilər heç vaxt bizim pilotumuza atəş açmayıb. Düşmən son illərdə ilk dəfədir hava hücumundan müdafiə sistemini işə salıb və Azərbaycana qarşı təxribat həyata keçirib. Bizim pilotlarımız bu təxribatın qarşısını məharətlə alıb və düşmənin istəyinə çatmasına mane olublar. Ordumuz bununla bir daha göstərdi ki, onlar düşmənin bütün təxribatlarına tam hazırdır”. Hərbi ekspert Ermənistan tərəfinin Azərbaycana müharibə yolundan başqa seçim qoymadığını bildirib: “Ölkə başçısı bundan əvvəl çıxışlarında sərt şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisində baş verəcək toqquşmalara görə, münaqişənin həll prosesində maraqlı olmayan tərəf məsuliyyət daşıyır. Bundan sonra Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər. Artıq ciddi hərbi təlimlərin start götürməsi sübut edir ki, Ermənistan Azərbaycana güc yolundan başqa seçim qoymur. Bunun üçün bu təlimlərin həyata keçirilməsi həm bəzi beynəlxalq qurumları, həm də erməni rəhbərliyini ciddi narahat edir. Yayılan informasiyalara görə, Ermənistan rəsmiləri artıq beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanın hərbi addımlarından sığortalanmağa çalışırlar. Azərbaycan Silahlı Qüvvələrinin bu cür ciddi təlimləri etməsi əlbəttə ki, düşmən tərəfini narahat edir. Beləliklə, istər beynəlxalq təşkilatlar, istərsə də Ermənistan tərəfi bilməlidir ki, bundan sonra da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istiqamətində konkret addımlar atacaq”.
Hərbi ekspert Üzeyir Cəfərov diqqətə çatdırıb ki, cəbhənin Füzuli istiqamətində baş vermiş hadisədən sonra biz yenə də səbr və dözüm nümayiş etdirməməliyik. Üzeyir Cəfərov hesab edir ki, cəbhədə gərginliyin olmasına birbaşa ATƏT-in Minsk qrupunun xeyir-duası ilə həm razılıq verilib, həm də Ermənistan qarşısında bir qədər də sərt tələblər qoyulub: “O üçlüyə və onların başbilənlərinə çoxlu qan-qada lazımdır. Özləri də hiss edirlər ki, onlara olan inam və etimad çox mənfidir, demək olar sıfırdan da aşağı səviyyəyə düşüb. Onların guya rolunu bir balaca qabartmaq üçün fərq etməz, azərbaycanlı olsun, ya erməni yaramazı, ölməlidir, ya yaralanmalıdır, əsir də götürülə bilər. Təki tərəflər bir birini "qırıb-töksünlər".
Bir neçə gün öncə ATƏT sədrinin şəxsi nümayəndəsi, erməni agenti, erməni maraqlarını birbaşa müdafiə edən polşalı diplomat Anjey Kaspşik Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı qapılar arxasında çox mühüm və Azərbaycan üçün heç də yaxşı olmayan planları müzakirə edib və yaxın günlərdə siz bu müzakirələrin necə acı nəticələrlə müşaiyət olunacağını özünüz də görəcəksiniz. Son vaxtlar iki Azərbaycan igidinin-mayor Aqil Ömərovun Ağdam istiqamətində, əsgər Elşən Xəlilovun isə Tərtər istiqamətində qətlə yetirilərək şəhid olmalarına görə Ermənistan siyasi və hərbi rəhbərliyini topa tutmağa borclu olan bir qurum, sadəcə susur və təxribatların miqyasının daha da çoxalmasını arzulayır və istəyir.
Allah Azərbaycanın mərd oğulllarını qorusun. Onlar haqq işində şəhid olurlar, amma biz də düşmənə layiqli cavab verməliyk".
Hərbi ekspert bildirib ki, Qarabağda yaxın günlərdə çox ağır lokal xarakterli toqquşmaların olması qaçılmazdır: "Müdafiə Nazirliyimiz düşməni susdurmaq və onun ağılsızlığının qarşısını almaq üçün qabaqlayıcı, profilaktik addımlar atmalıdır ".
Politoloq Qabil Hüseynli deyib ki, əgər Ermənistan tərəfi sərhəddən xeyli uzaq məsafədə təlim keçirən, təmas xəttini keçməyən və erməni hərbi hissələrinin üzərindən uçmayan hərbi təyyarələri vurmağa cəhd edirsə, bu, atəşkəsin kobud şəkildə pozuntusudur. O, bu təyyarələrin mürəkkəb müharibə şəraitinə yaxın döyüş hazırlıqları, bomba, raket atma, eləcə də digər növlü silahlardan atəş açmaq təlimləri həyata keçirdiyini bildirib: “Birdən-birə Azərbaycan ərazisi üzərində, təmas xəttindən xeyli kənarda aviasiya vasitələrinə atəş açılması beynəlxalq hüquq normalarına, eləcə də müharibəylə bağlı razılaşmalara kökündən ziddir. Bu, erməni tərəfinin növbəti provokasiyasıdır. Əvvəla, bu təyyarələr təmmas xətti boyunca uçsa belə, ən azından təyyarənin uçuş xətti ilə sərhəd xətti arasında 50 km məsafə olur. Hərbi təlimlər əsasən döyüş hazırlığı xarakteri daşıyır. Bu təyyarələr çox böyük səs gücünə malikdir və cəbhəboyu xəttində erməni əsgərlərinə və burada yaşayan erməni əhalisinə mesaj məqsədi güdür. Azərbaycanın hərbi aviasiya təlimlərini keçirməkdə əsas niyyəti müharibə başlayacağı təqdirdə aviasiyanın gücündən tam istifadə ediləcəyini göstərməkdir”. Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin növbəti dəfə belə təxribatçı addım atması Azərbaycanı müharibəyə təhrik etmək xarakteri daşıyır: “Bütün bunlar onu göstərir ki, ermənilər özlərini həddindən artıq həyasız və davakar ruhda aparırlar. Onlar Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər, amma Azərbaycan bilir ki, bu prosesləri nə vaxt və necə yerinə yetirmək lazımdır. Bu gün aviasiya sahəsində tam üstünlük Azərbaycana məxsusdur. Azərbaycanın qırıcı, bombardmançı eləcə də pilotsuz kamikadze təyyarələri Ermənistan ərazisində istənilən nöqtəni vurmaq qabiliyyətinə malikdir”.
Q.Hüseynlinin fikrincə, sonuncu təxribat cəhdi həm də bir növ bizim aviasiya üçün özünütəsdiq imkanıdır: “Düşünürəm ki, bu uçuşlar ermənilərin potensial imkanlarını öyrənmək üçün yaxşı bir şəraitdir. Onsuz da aviasiya təlimləri artıq bir neçə gündür başlayıb. Ordumuzun istismarında olan bütün qırıcı, qırıcı-bombardmançı, həmçinin pilotsuz kamikadze təyyarələrindən geniş istifadə edilir. Bu, indiyə qədər keçirilən yerüstü hərbi təlimlərin sonuncu fazasıdır. Bu təlimdə həm əməliyyat şəraitinin öyrənilməsi, həm də düşmən tərəfinin özünün əhval-ruhiyyəsinə təsir üçün çox prinsipial əhəmiyyətə malikdir”.
Əli