• 28 Mart 2024
logo
"Bütün bunlardan sonra yenə də məsuliyyətsizcəsinə deyirlər ki, müharibəyə başlasaq Rusiya qarışmayacaq..."

"Bütün bunlardan sonra yenə də məsuliyyətsizcəsinə deyirlər ki, müharibəyə başlasaq Rusiya qarışmayacaq..."

"Amma demirlər ki, beynəlxalq hüquq bizim tərəfdə ola-ola cuppulu Ermənistan necə torpaqlarımızın 20 %-ni 30 ilə yaxındır işğal edib"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb:

- Qüdrət bəy, son vaxtlar ziyalıların ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməmələri ilə əlaqədar tənqidi fikirlər səslənməkdədir.

- Dilimizdə ziyalı sözü latın sözü olan "intelligensiya" sözünün qarşılığıdır. O şəxslər ziyalı hesab olunur ki, onlar ali təhsillidirlər, əqli (zehni) əməklə məşğul olurlar, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə mədəniyyətin və siyasətin formalaşmasında yaxından iştirak edirlər. Adətən tanınmış yazıçılar, artistlər, alimlər istimai-siyasi həyatda fəal iştirak edirlərsə onlar ziyalı hesab olunurlar. Ona görə də biz ziyalıların passivliyindən yox, onların sayının az olmasından gileylənə bilərik.
Amma ədalət naminə onu da qeyd edim ki, heç bir siyasi qüvvə, yaxud siyasətçi o iddiada olmamalıdır ki, ziyalılar onun kimi düşünməli, məsələlərə onun kimi münasibət bildirməlidirlər. Bəzən susqunluq etirazın və ya təqdirin ifadə forması ola bilər. Bu zaman hər kəs, ittihamlardan öncə, baş verənləri dərindən təhlil etməli, müvafiq nəticələr çıxarılmalıdır. O cümlədən niyə ziyalılarımızın sayı azdır sualına da cavab axtarılmalıdır.

- Qüdrət bəy, Tofiq Zülfüqarov tez-tez Qarabağda yeni savaşın baş vermə ehtimalının yüksək olmasından danışır. Siz necə düşünürsünüz?

- Tofiq bəy xarici işlər naziri olub və gözəl anlayır ki, hal-hazırda dediklərinin heç bir əsası yoxdur. Rusiyanın razılığı olmadan müharibə etmək çox risklidir. Ona görə də belə bir razılıq olmadan bizim hökumət heç vaxt müharibə etməz. 2016-cı ilin aprel savaşı mənim dediklərimin təsdiqidir. O zaman onlarla qəhrəman zabit və əsgərimizin qanı bahasına düşmənin müdafiə xəttini yardıq, amma nə baş verdi? Rusiya müdafiə naziri Şoyqu Zakir Həsənova zəng etdi ki, dayanın. Bütün bunlardan sonra bəzi adamlar məsuliyyətsizcəsinə təkrar - təkrar bəyan edirlər ki, biz müharibəyə başlasaq Rusiya qarışmayacaq, çünki beynəlxalq hüquq bizim tərəfdədir. Amma demirlər ki, beynəlxalq hüquq bizim tərəfdə ola-ola cuppulu Ermənistan necə torpaqlarımızın 20 %-ni 30 ilə yaxındır işğal edib. Rusiyanın Qarabağ siyasəti dəyişməyib. Ona görə də mən zaman-zaman Qarabağın azadlığı üçün forpost adlandırdığımız Ermənistanla yox, Rusiya ilə danışıqlar aparmağı təklif edirəm. Petrosyan getdi, Köçəryan gəldi, o getdi Sarkisyan gəldi, sonra Paşinyan gəldi, nə dəyişdi? Heç nə. Rusiyanın və erməni xalqının razılığı olmadan Ermənistanda heç bir lider bu problemin ədalətli həllinə dair qərar qəbul edə bilməz. Əks halda 1999-cu ildə palamentdə baş nazirlə spikeri publik edam etdikləri kimi onu da edam edərlər. Qarabağı azad etmək üçün biz Rusiyanı razı salmalı, erməni xalqını isə döyüş meydanında məğlub etməliyik. İşğala son qoymağın böyük risksiz başqa yolunu görmürəm.