• 29 Sentyabr 2020
logo
Azərbaycan Ordusu-102: Hərbi tibbimizin inkişafı zamanın tələbi və həyatımızın reallığıdır

Azərbaycan Ordusu-102: Hərbi tibbimizin inkişafı zamanın tələbi və həyatımızın reallığıdır

Silahlar təkmilləşdikcə, döyüş texnikası, taktika yeniləndikcə döyüşlərdə iştirak edənlərin sağlamlığının qorunmasının keşiyində duran hərbi tibb sahəsi də adekvat olaraq inkişaf prosesi keçir. Hərbi tibbin inkişafı müharibələrin tarixi, silahlar ilə daban-dabana inkişaf edib deməklə, nə isə bir kəşf etmiş deyilik. Amma zaman göstərdi ki, tibbin inkişafına, xüsusilə də hərbi tibbin inkişafına dövlətin verdiyi dəstək onun vətəndaşlara, insanlara, döyüşçülərə, qazilərə verdiyi dəyərlə düz mütənasibdir.

Son illər ölkəmizin rayonlarında və şəhərlərində yeni tikilən, əsaslı təmir edilərək ən müasir tibbi avadanlıqlarla təmin edilən tibb mərkəzlərinə, xəstəxanalara nəzər salmaqla dövlətimizin insanların sağlamlığına nə qədər önəm verdiyinin şahidi oluruq. Amma bu gün Azərbaycan Ordusunun 102-ci ildönümündə ümumilikdə ölkəmizdəki səhiyyədən deyil, hərbi tibb sahəsində dövlətimizin əldə etdiyi uğurlardan bəhs etmək istəyirik.
Bu barədə danışarkən ilk olaraq ümummilli lider Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasında söylədikləri “Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır” arzunu xatırlamaq yerinə düşərdi. Dahi şəxsiyyətin o illər uzaqgörənliklə ifadə etdiyi fikirlər artıq bu gün sözün həqiqi mənasında həyata keçmiş bir gerçəklik, qazanılmış bir nailiyyətdir.

Bu gün Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi qərarlar, verdiyi tapşırıqlar sayəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, Ümummilli Liderimizin arzularına uyğun olaraq hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilib.
Hərbi tibbə təkan verəcək tikinti-quruculuq işləri bu gün də davam edir. Buna misal olaraq son 4-5 il ərzində istifadəyə verilən, əsaslı təmir edilən tibb müəssisələrini, yeni inşa edilən hospitalları misal göstərmək olar. Sevindirici hallardan biri də dövlətimizin diqqət və qayğısı sayəsində həmin hərbi tibb müəssisələrinin dünyanın qabaqcıl ölkələrində istehsal olunan ən müasir, tibbin son nailiyyətlərini özündə əks etdirən avadanlıqlarla təchiz edilməsi, həmin avadanlıqlardan peşəkarlıqla yararlanaraq hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran hərbi həkimlərimizin olmasıdır.
Bu yazıda görülən işlərin hamısını deyil, sadəcə bir qismini sadalamaqla oxucularda müəyyən təsəvvür yaratmağa çalışacayıq. 8 müalicə və digər yardımçı korpuslardan ibarət olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının imkanlarına qısa nəzər saldıqda aşağıdakılar diqqəti cəlb edir. Hazırda hospitalda 6 şöbə, 50-dək müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Bölmələr tibb heyəti ilə komplektləşdirilib, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla təchiz edilib. Hospitalın 4 blokunun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı eyni zamanda aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar da istənilən mürəkkəb əməliyyatların aparılmasına imkan verir. Video-müşahidə otağında olan monitorlar vasitəsi ilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.
Hərbi qulluqçuların ailə üzvlərinə və Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçulara akuşer-ginekoloji xidmətin göstərilməsi məqsədi ilə hospitalda müvafiq bölmə də fəaliyyət göstərir. Yeni tikilmiş və əsaslı təmir edilmiş müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir. Hospitalın hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.
İstər Qarabağ müharibəsi zamanı, istər atəşkəs dövründə, istərsə də 2016-cı ilin Aprel döyüşləri zamanı hospitalın həkim və orta tibb heyəti öz vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Bu gün hərbi tibb sahəsində əldə edilən nailiyyətlərə nəzər salarkən Ulu Öndərin uzun illər qabaq dilə gətirdiyi arzunun artıq həqiqətə çevrildiyinin şahidi oluruq. Və bu gün fəxrlə qeyd etmək olar ki, hospitalda dünyada ilk dəfə və analoqu olmayan cərrahi əməliyyatlar da həyata keçirilib ki, bunun nəticəsində də xeyli sayda insanın sağlamlığını qorumaq mümkün olub.
Hərbi tibb sahəsindəki yeniliklərdən danışarkən cəbhəboyu zonada inşa olunan 150 çarpayılıq 6 hektar ərazini əhatə edən növbəti hərbi hospitalı misal göstərmək olar. Açılış mərasimində iştirak edən Müdafiə nazirinə məruz edilib ki, hospitalın fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi bina və qurğular inşa edilib və ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Hospitalın ərazisində qərargah binası, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib və lazım olan digər infrastruktur obyektlər inşa edilib.
Hərbi hospitalda ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, stomatologiya, oftalmologiya, ginekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya, efferent bölmələri, eləcə də digər lazımi tibbi strukturlar yaradılıb. Almaniya, ABŞ, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası da salınıb.
Daha bir nümunə göstərmək istədiyimiz, fərəh doğuran hərbi tibb müəssisəmiz isə Mobil Səhra Cərrahiyyə Hospitalıdır. İlk gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərən Mobil Səhra Cərrahiyyə Hospitalı 2016-cı ilin aprel döyüşlərində də yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Tibbin son nailiyyətlərini özündə cəmləşdirən hospital açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirməyə hazır ola bilir. Gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək imkanı olan səyyar hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı, çeşidləmə, idarəetmə, və diaqnostika çadırlarından ibarətdir. Eyni zamanda hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir.
Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospitalda dünyanın ən müasir tibb mərkəzlərində olduğu kimi bütün tibbi strukturların mobil versiyası mövcuddur. Mobil Səhra Cərrahiyyə Hospitalının tam həcmdə fəaliyyəti üçün nəzərdə tutulan 25 nəfər həkim və digər hərbi qulluqçularla, ümumilikdə 88 nəfərlə tam komplektləşdirilib.
Qazanılan müsbət nümunələrdən biri də həyata keçirilən effektiv tədbirlər sayəsində keçən dövrlərlə müqayisədə son illər kəskin respirator xəstəliklər, pnevmoniya, mövsümi və digər infeksion xəstəliklərə yoluxma hallarının azalaraq demək olar ki, yox dərəcəsinə enməsidir.
Belə ki, pandemiya dövründə də hərbi tibbimiz özünün effektivliyini bir daha nümayiş etdirmiş oldu. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Səhiyyə Nazirliyi, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahla və TƏBİB ilə koordinasiyalı fəaliyyəti nəticəsində hərbi qulluqçuların infeksion xəstəliklərə, o cümlədən koronavirusa yoluxması riskinin minimuma endirilməsi də məhz hərbi tibbimizin son illər nail olduğu inkişafın göstəricisidir.
Nazirlər Kabinetinin müvafiq qərarlarının icrasını təmin etmək və xüsusi karantin rejimimin tələblərinə hərbi qulluqçuların düzgün, dəqiq əməl etməsi məqsədilə Müdafiə naziri dərhal bütün vəzifəli şəxslər və hərbi tibb müəssisələri qarşısında tapşırıqlar qoyub. Bu istiqamətdə dövlət başçısının tapşırığına əsasən həyata keçirilən qabaqlayıcı tədbirlərə hərbi tibbimiz də çevik reaksiya verdi və praktiki işlər görüldü. Pandemiya dövründə şəxsi heyətin, eləcə də mülki əməkdaşlar və hərbi qulluqçuların ailə üzvlərinin təhlükəsizliyini tam qorumaq, mövsümi xəstəliklərə, o cümlədən koronavirus infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam edir. Azərbaycan Ordusunda bütün təhlükəsizlik tədbirlərinə hələ fevral ayından başlanılıb. Hərbi hissələr xüsusi məhlullar vasitəsilə davamlı olaraq dezinfeksiya olunur.
Tabelikdə olan hərbi hissə, idarə və təşkilatlarda, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində epidemioloji vəziyyət nəzarətdə saxlanılır, araşdırmalar həyata keçirilir, gün ərzində bir neçə dəfə termometriya aparılır və digər əks epidemioloji addımlar atılır. Müdafiə nazirinin tapşırığına əsasən Ordumuzun bütün qurumları fərdi qoruyucu vasitələrlə, yəni xüsusi tibbi geyimlər, əlcəklər, maskalar, dezinfeksiyaedici məhlullarla təmin edilib və onların ehtiyatı yaradılıb, hərbi həkimlər gücləndirilmiş iş rejiminə keçirilib, tibbi nəzarət tədbirləri icra edilir. Görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir narahatlığa əsas yoxdur, epidemioloji vəziyyət stabildir və tam nəzarət altındadır.
Hərbi tibbin nailiyyətlərindən biri də mülki vətəndaşlarımızın hərbi hospitallara axın etməsi və sağlamlıqlarını hərbi tibbimizə, hərbi həkimlərə etibar etməsidir. Heç kimə sirr deyil ki, nəinki hərbi qulluqçular və onların ailə üzvləri, həmçinin mülki vətəndaşlarımız da hərbi həkimlərimizin xidmətindən geniş istifadə edir və daima məmnunluq ifadə edirlər.
Uğurlardan danışarkən təbii olaraq bu işdə yetərincə payı olan hərbi tibbi təhsilimizi də unutmamalıyıq. İlk olaraq buna misal Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi Tibb Fakültəsini göstərmək olar. Burada müvafiq olaraq “"Hərbi həkim işi” və “Hərbi feldşer işi” ixtisasları üzrə təhsil həyata keçirilir.
Müdafiə Nazirliyinin və Azərbaycan Tibb Universiteti rəhbərliyinin iştirakı ilə açılışı olan və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində inşa edilən Hərbi Tibb Fakültəsinin yeni tədris binası isə gələcəyin hərbi tibb işçiləri üçün ən böyük hədiyyə oldu.
Açılış mərasimində rəsmi qonaqlara məlumat verilib ki, tibbi təhsilin yüksək səviyyədə təşkili üçün avadanlıqlar və bütün kommunikasiya sistemləri ilə təchiz edilmiş iki mərtəbəli yeni bina tibbin bütün yeniliklərini özündə ehtiva edir.
Bu gün bu təhsil ocağında tibb xidmətinin təşkili və taktikası, eləcə də hərbi tibbi profilaktika kafedralarının yerləşdiyi korpusda nəzəri və praktiki imkanları müasir tələblərə cavab verən müxtəlif tədris sinifləri, simulyasiya kabinetləri, laboratoriya otaqları və digər yardımçı bölmələrdə gələcəyin hərbi həkimləri və feldşerlər lazımi biliklərə yiyələnirlər.
Təntənəli mərasimdə çıxış edərkən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayan Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını daim artırdıqlarını, dərin biliklərə və geniş təcrübəyə malik olduqlarını da qeyd edib.
Həmçinin o da bildirilib ki, yeni binada təhsilin yüksək səviyyədə tədris olunması üçün bütün şərait yaradılıb və Azərbaycan Tibb Universiteti tərəfindən hərbi tibb kadrlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə hərtərəfli köməklik göstərilir. Eyni zamanda böyük fəxrlə demək olar ki, hərbi həkimlərimiz Türkiyə, Rusiya, Almaniya, ABŞ və digər qabaqcıl ölkələrdə təhsilə göndərilir, elmi konfranslarda, praktiki məşğələlərdə iştirak edir, dünya şöhrətli həkimlərlə birlikdə ən mürəkkəb cərrahi əməliyyatlar keçirirlər.
Sadalanan bütün bu uğurların təməlində təbii olaraq dövlətimizin iqtisadi gücünün, eləcə də ölkə prezidenti cənab İlham Əliyevin qətiyyətli addımlarının dayandığını da xüsusi vurğulamaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi görülən işlərdən yalnız bir neçəsini sadalamaqla ölkəmizin iqtisadi inkişafı barədə lazımi təəssürat yaratmaq mümkündür.
Hərbi tibb sahəsində qazandığımız uğurlardan danışarkən isə, cəmi haqqında danışdığımız 3 faktı qeyd etməklə bu sahədə əldə etdiyimiz nailiyyətlərin miqyasını görməyə kifayət edər. Bunlar isə yaxın zamanlarda həyata keçirilmiş və icrası yüksələn templə davam edən kompleks tədbirlərin yalnız bir sahəsidir.
Dəfələrlə ən yüksək tribunalardan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bəyan edib ki, ölkəmizdə Ordu quruculuğu prioritet məsələdir və bu istiqamətdə nə lazımdırsa həyat keçiriləcəkdir. Və təbii ki, bu tədbirlər hərbi tibbimizin də inkişafına öz müsbət töhfəsini verməkdədir.
Şahidi olduğumuz proseslər də onu göstərir ki, Azərbaycan Ordusunun döyüş hazırlığının artırılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaş¬dırıl-ması, hərbi qulluqçularımız və onların ailə üzvlərinin sağlamlığının qorunması, yeni hərbi obyektlərin inşası, eləcə də əsaslı təmir edilərək müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər inamla davam etdirilir və bu işlər hərbi tibb müəssisələrində də öz parlaq əksini tapır.