• 1 Oktyabr 2020
logo
Afət Həsənova: Hər kəs yaşlılarımızı qorumaq üçün qaydalara riayət etməlidir

Afət Həsənova: Hər kəs yaşlılarımızı qorumaq üçün qaydalara riayət etməlidir

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə istiqamətində bütün zəruri addımları atır. Lakin görülən işlərin tam müsbət nəticə verməsi üçün ictimaiyyətin bütün üzvlərinin dəstəyi olduqca vacibdir. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, bu gün çoxlu sayda həkimlərimiz, polislərimiz insanları bu virusdan qorumaq üçün gecə-gündüz iş başındadır:

“Hər bir xəstənin müalicəsi üçün bir neçə həkim cəlb olunur. Onlar çox çətin şəraitdə, kombinezon, maska, eynək və əlcəklə faziləsiz çalışırlar. Digər tərəfdən həkimlər arasında da yoluxma halı baş verir və onlar öz işini yerinə yetirə bilmirlər. Yoluxanların sayı artdıqca onların xəstəxanalara yerləşdirilməsi, onları müalicə edən tibbi personalın təmin edilməsi də çətinləşir. Vəziyyət elə həddə çata bilər ki, xəstələri müaicə etməyə həkim tapılmaz.

Əlbəttə bu cür duruma düşməmək üçün hər bir insan öz məsuliyyətini dərk etməli və qoyulan qaydalara riayət eməlidir. Burada çətin heç nə yoxdur. Üç sadə qaydaya əməl etmək lazımır – tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət etmək lazımdır. Burada hər kəs təkcə özünü deyil, doğmalarını, yaxınlarını, öz ətrafını, ümumilikdə cəmiyyəti düşünməlidir.

Bu elə bir virusdur ki, kimsə bunu hiss etməyə bilər, ancaq onun yoluxdurduğu şəxs ağır duruma düşə bilər. Xüsusilə burada yaşlı insanlar risk qrupuna daxildir. Bu baxımdan hər kəs yaşlı insanlarımızı da qorumaq üçün qaydalara riayət etməlidir.

Biz görürük ki, möhtərəm Prezident İlham Əliyev müxtəlif obyektlərin açılışında tibbi maskadan istifadə edir, sosial məsafəni gözləyir. Əgər dövlət başçısı bu qaydalara əməl edirsə, hər bir vətəndaş bundan nümunə götürməli və riayət etməlidir. Digər tərəfdən qaydalara riayət etməyənlərə qarşı ciddi ictimai qınaq olamlıdır. Qaydalara əməl edən vətəndaşlar əməl etməyənləri qınamalıdır, onları doğru yola çəkməlidir.

Son günlərin statistikası vəziyyətin heç də yaxşı olmadığını göstərir, yoluxanların sayı durmadan artır, xəstəxanalarda vəziyyət çətinləşir. Əgər qaydalara riayət olunmasa, vəziyyət daha ciddiləşə və itkilərimizin sayı arta bilər. Ona görə də mən hər bir vətəndaşımzı qoyulan sadə qaydalara əməl etməyə çağırıram. Biz nə qədər bu qaydalara əməl etsək, virus o qədər tez bitər və biz tez bir zamanda normal həyatımıza qayıda bilərik”.