• 16 İyul 2020
logo
“Siyasi hakimiyyət  naminə xalqı  parçalamaq olmaz”

“Siyasi hakimiyyət  naminə xalqı  parçalamaq olmaz”

Qüdrət Həsənquliyev: “Əlahəzrət zaman hər şeyi olduğu kimi ortaya qoyacaq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik

-Qüdrət bəy 24 iyun Elçibəyin doğum günüdür,həm də bu il onu itirməyimizdən 20 il keçir,i llər ötdükcə Elçibəyə münasibət necə dəyişir?

-Elçibəy dövlət başçısı kimi 4 iyun qiyamının qarşısını alıb uğurla öz vəzifə müddətini başa vura bilmədi. Ona görə də biz torpaqlarımızı işğaldan azad edə, hüquqi dövlət quruculuğu istiqamətində gərəkən islahatları həyata keçirə bilmədik. Amma Elçibəy tarixdə SSRİ-ni çökdürən və Azərbaycana, o cümlədən digər sovet respublikalarına müstəqillik qazandıran Milli Azadlıq Hərəkatının lideri kimi qalacaq. O həm də xalqı necə sevməyin və təmiz siyasətçi olmağın nümunəsini yaratdı. Prezident kimi uğursuzluğuna gəldikdə isə, bu onun və komandasının çətin bir şəraitdə idarəetmə təcrübəsinin, xalqımızın demokratik cəmiyyət quruculuğuna və bu istiqamətdə fədəkarlıq etməyə hazır olmaması ilə bağlıydı... Həmçinin dostlu-düşmənli regionun heç bir dövləti türk millətçisi olan bir şəxsin hakimiyyətdə qalmasında maraqlı deyildi.

-Qüdrət bəy, Elçibəy hakimiyyəti Heydər Əliyevə versə də, onun dünyasını dəyişməsinə və 27 il keçməsinə baxmayaraq iqtidar təmsilçiləri zaman-zaman onu aşağılamaqdan çəkinmirlər. Sizcə bu nə ilə bağlıdır?

-Elçibəy komandasında yüksək dövlət postları tutmuş adamlar bu gün iqtidara qarşı barışmaz mövqe sərgiləyirlər. Təbii ki, bəziləri bunu üzdə edir. Bu zaman utanmadan hakimiyyətə dəvət etdikləri Heydər Əliyev haqqında da çox təhqiramiz fikirlər səsləndirirlər. Çox təəssüf ki, qarşı tərəf də bəzən onların təhqirlərinə Elçibəyi aşağılamaqla cavab verir...

-Qüdrət bəy Heydər Əliyevin aşağılanması Prezidentin sözü ilə desək "antimilli şuraya" nə verir?

-Heç nə. Əksinə onları xalqdan bir az da uzaqlaşdırır. Onlar başa düşmürlər ki, Heydər Əliyev Azərbaycanı dağılmaqdan qoruyan, neft kontraktlarını imzalamış, silahlı müxalifəti aradan qaldırmış, ölkəni sabit inkişaf yoluna çıxarmış bir dövlət adamı kimi tarixdə qalacaq. Bu adamlar hələ də fərqində deyillər ki, Heydər Əliyevi söyməklə əhalinin böyük kəsiminin nifrətini qazanırlar. Elçibəy və Əliyevin bir-birilərini müdafiə etdikləri və bir-birinə qarşı müxalifətdə olduqları zaman olub. Amma bu onların böyük tarixi şəxsiyyətlər kimi üzərlərinə kölgə salmır. Əminəm ki, Heydər Əliyev Elçibəydən tez dünyasını dəyişsəydi Heydər Əliyevin etdiklərini o edib Heydər Əliyevin cənazəsi önündə sayğı duruşunda dayanardı. Ona görə adlarını xalqımızın tarixinə yazmış hər iki şəxsin ruhunu incitməməli, onları rahat buraxmalıyıq.

-Qüdrət bəy, Siz özünü Elçibəy davamçıları adlandıran şəxslərə nə məsləhət verərdiniz?

-İlk növbədə Elçibəyi öyrənməyi. Elçibəy deyirdi ki, elə məsələlər var ki, onun həlli zamana bağlıdır. Öz millətindən olanlara qarşı siyasi mübarizəni nifrətlə yox, sevgi ilə qazanmalısan - Mahatma Gandi kimi. Siyasi hakimiyyət naminə xalqı parçalamaq olmaz. Rəqibi etika çərçivəsində tənqid etməklə yanaşı, dövlətin idarə olunmasına dair alternativ proqram ortaya qoyub onun təbliği ilə məşğul olmalısan. Həm mənəvi, həm siyasi baxımdan rəqibindən daha üstün olduğunu göstərməlisən. Daha çox təbliğat imkanlarını söyüşə yox, buna yönəltməlisən. Digər tərəfdən, bu adamlar müstəqilliklərini itirdiklərinə görə onlarınkı məsləhətdən keçib. Onlar hakimiyyətə susuyublar, bunu görən xarici dairələr bundan məharətlə istifadə edib hökumətə təzyiq edib öz maraqlarını təmin etmək istəyirlər. Xalqımız bunların agent Rüstəm İbrahimbəyovu agent "dindarlarla" birlikdə “prezident” edib vəzifə almaq istəmələrini heç vaxt yaddan çıxarmayacaq.

-Sonuncu sualımız... Antimilli Şura gecə-gündüz təbliğat aparır ki, güc strukturları ölkənin müdafə qabiliyyəti eleyhinə büdcə vəsaitlərini Böyük Britaniyanın ofşorlarına köçürüb. Hökumət bu ittihamlara niyə cavab vermir?

-Hesab edirəm ki, belə bir fakt varsa və həmin pullar həqiqətən rəsmi dövlət orqanlarının hesabından köçürülübsə, deməli bu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi naminə silah alınması üçün edilib. Yoxsa iqtidarın ölkə daxilində istədiyi qədər böyük maliyyə imkanlarına malik, heç kimdə şübhə doğurmayacaq şirkətləri, bankları var. Qarabağ savaşına görə müasir silah istehsal edən bəzi ölkələr həmin silahları açıq formada bizə satmır. Görünür həmin əməliyyatları ofşor zonalar üzərindən həyata keçirmək lazım gəlib. Ermənistan bundan xəbər tutub, yaxud bu informasiya onlara ötürülüb, onlar da bunu mətbuta ötürməklə Cəmil Həsənlidən tələb edirlər ki, gecə-gündüz bundan danışsın. Maliyyə əməliyyatlarının silah alınması üçün həyata keçirildiyi açıqlansaydı bu Ermənistnda daha çox vahimə yaradardı. Ona görə də, ola bilsin, hesablayıblar ki, bu korrupsiya əməliyyatı kimi açıqlansa Azərbaycana daha çox ziyan vurar, həm də hökumətin cavab vermək imkanı olmayacaq. Əlbəttə bunların hamısı ehtimallardır.Gec-tez əlahəzrət zaman hər şeyi olduğu kimi ortaya qoyacaq.