• 27 İyul 2024
logo
Ordumuz qürurumuzdur!

Ordumuz qürurumuzdur!

Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var. Tabor komandiri Əlyar Əliyev, Xocalının müdafiəçisi Əlif Hacıyev, Tərtər rayonunu son nəfəsinə kimi müdafiə edən Vəzir Orucov kimi, ... qəhrəmanları olub. Əsgərlərimiz bu qəhrəmanları özünə örnək bilir.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.
Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.
C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.
Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.
Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub.
Əsgər olmaq, hərbi xidmət keçmək şərəfdir
...Əsgərik. Zabitin bu sözü məni duyğulandırır. Aprel döyüşlərinin qazisi, Vətəninin cəsur, mərd, igid oğullarından olan Kamil Musaevin televiziya kanallarına verdiyi müsahibələrin birində dediyi "Sizlər üçün əsgər, əsgərlərim üçün komandirəm" sözlərini xatırlayıram. Bəli, bu gün hamımız əsgərik. Bizim üçün darıxan ata-baba yurdumuz var. Müqəddəs torpaqlarımız adət-ənənələrimiz üçün darıxıb. Novruz tonqallarına, Qurban bayramlarına, iftar süfrələrinə, üçrəngli bayrağın kölgəsinə, saza, sözə, şeirə həsrət qalıb. Bu həsrəti biz dindirməliyik, dindirəcəyik də!..
Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən beşi il ötür. Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi.
Bu döyüşlər Ermənistan silahlılarının atəşkəsi pozması nəticəsində baş verib. 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.
Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür.
Ordumuz aprel ayının əvvəllərində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.
Əmin olduğumu bildirirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq
Cənab zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar,əsgərlər və matroslar! Sizi 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Sahib Hacıyev İctimai fəal