• 21 Sentyabr 2020
logo
Ermənistanın müstəqillik tarixi terror, kütləvi qətllər, korrupsiya və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir

Ermənistanın müstəqillik tarixi terror, kütləvi qətllər, korrupsiya və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir

Ermənistanın müstəqillik tarixində sivil, hüquqi dövlət anlayışları ilə üst-üstə düşə biləcək hər hansı bir fakta rast gəlmək mümkün deyil. Bu tarix siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert deyib ki, təkcə 1999-cu ilin payızında Ermənistan parlamentində hakimiyyətdəki hərbi cinayətkar xuntanın əsas rəqibləri sayılan baş nazir Vazgen Sarkisyanın, spiker Karen Dəmirçiyanın və digərlərinin xüsusi amansızlıqla qətlə yetirilməsi, terror aksiyasında iştirak edən cinayətkarların sonradan həbsxanada “yüksək cərəyan vurması” nəticəsində ölməsi, “intihar etməsi”, “ruhi xəstəyə” çevrilməsi işğalçı ölkənin siyasi sisteminin kriminal, terrorçu mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik edən şəxslər təkcə Azərbaycan ərazilərində qanlı cinayətlər, terror aksiyaları, soyqırımı aktları törətməyiblər, onlar Qarabağ münaqişəsi üzərindən Ermənistanda siyasi hakimiyyətə yiyələndikdən sonra da eyni davranışları davam etdirib, quldurluq, adam oğurluğu, terrorla məşğul olublar.
Elçin Mirzəbəyli vurğulayıb ki, son illər ərzində Ermənistanda açılan ağır cinayət işlərinin xeyli hissəsini bu ölkədə siyasi hakimiyyətdə təmsil olunan, orduya rəhbərlik edən şəxslərin kriminal əməlləri təşkil edir. Bu gün Ermənistanda diktatura hökm sürür. Siyasi hakimiyyət öz rəqiblərini ən müxtəlif yollarla sıradan çıxarmağa, bizneslərinə sahiblənməyə çalışır. Ermənistan hakimiyyətini tənqid edən siyasətçilər təqib edilir, barələrində cinayət işləri açılır, həbsxanalara atılır, intihara sövq edilirlər. Bu ölkədə kütləvi informasiya vasitələrinin redaksiyalarına hücumların təşkil edilməsi, jurnalistlərin döyülməsi, sərbəst toplaşmaq azadlığının ən amansız üsullarla məhdudlaşdırılması adi hala çevrilib. Amma buna baxmayaraq, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi, hüquq-müdafiə təşkilatları Ermənistanda getdikcə daha da azğınlaşmaqda olan diktatura rejiminin əməllərinə göz yumurlar. Çünki bu gün işğalçı ölkənin rəhbərliyində təmsil olunan şəxslər onların “öz uşaqlarıdır” dünyanı qanlı inqilablarda boğmaq istəyən siyasi biznes, maliyyə dairələrinin çoxsaylı layihələrindən çıxıblar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, postsovet məkanında, Orta Şərqdə, Aralıq dənizi hövzəsində dırnaqarası inqilabları, əslində isə qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır.
Erməni baş nazirin opponentləri onu maşın oğrusuna bənzədir, Paşinyanı oğurladığı sınıq-salxaq maşını idarə edə bilməyən sürücü ilə müqayisə edirlər. Artıq Paşinyanın, ailə üzvlərinin və yaxın ətrafının silah, brilyant, siqaret qaçaqmalçılığı ilə məşğul olması barədə faktlar Ermənistanda müzakirə olunan əsas mövzulardan biridir. Paşinyanın xanımı Anna Akopyanın rəhbərlik etdiyi “Gülümsəyən şəhər” fonduna köçürülən vəsaitlərin miqyası milyonlarla dollar təşkil edir və bu rəqəm 2018-ci ildən başlayaraq sürətlə artır. Əgər 2018-ci ildə Akopyanın fonduna ölkədə fəaliyyət göstərən şirkətlər tərəfindən, yəni ən çox vəsait köçürən bir şirkətin “ianəsi” 51 min ABŞ dolları təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 227 min ABŞ dollarına çatıb və fonda vəsait köçürən fiziki və hüquqi şəxslərin sayı minlərlədir. Əgər ölkədə olan əhalinin real sayının 2 milyon nəfərdən az olduğunu nəzərə alsaq, Ermənistanda bizneslə məşğul olan bir kimsənin Akopyanın “dinməver” vergisindən, yaxud məcburi ianəsindən kənarda qalmadığını deyə bilərik. Bu vəziyyət isə onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistanda yaxın zamanlarda ciddi qarşıdurmaların baş verəcəyi, siyasi-iqtisadi böhranın daha da dərinləşəcəyi ehtimalını yaradır.