• 23 Sentyabr 2020
logo
Prezident İlham Əliyev: Döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq

Prezident İlham Əliyev: Döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq

Döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq.

Bunu Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı nitqində deyib.

Dövlət başçısı bildirib:

"Əlbəttə ki, əsas döyüş qabiliyyətimizdir. Bütün digər amillər ki, mən qeyd etdim bunun məqsədi var, o da döyüş qabiliyyətini artırmaqdır. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır.

İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik".