• 18 Sentyabr 2020
logo
Prezident İlham Əliyev: Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir

Prezident İlham Əliyev: Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir

Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.

Bunu Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı nitqində deyib.

Dövlət başçısı bildirib:

"Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Bu gün keçirdiyim müşavirədə mənə məruzə edilən məsələlər, o cümlədən cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib.

Yerli istehsala gəldikdə, deyə bilərəm ki, mənim Sərəncamımla 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bizdə heç vaxt hərbi sənaye yox idi. Əgər biz bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb. Biz onlarla ölkəyə hərbi məhsul ixrac edirik. Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə.

Ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir. İndi dünya xəritəsinə baxmaq kifayətdir ki, görək, adı var, amma faktiki olaraq müstəqil ölkə deyil. Nə üçün? Çünki müstəqil siyasət apara bilmir, başqasının təsiri altındadır. Biz son vaxtlar nə qədər belə ölkə görmüşük ki, özünü qoruya bilmir, faktiki olaraq parçalanır, məhv edilir, insanlar həlak olur, bütün infrastrukturu dağıdılır. Nəyə görə? Çünki özlərini qoruya bilmədilər. Qorumaq üçün gərək həm güc, həm də güclü iradə, inam olsun".