• 1 Oktyabr 2020
logo
Prezident İlham Əliyev: Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi

Prezident İlham Əliyev: Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi

Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi.

Bunu Prezident İlham Əliyev iyunun 25-də əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə tanışlıqdan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.

Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi – 1981-ci ildə. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır.

Təbii ki, ondan sonra, xüsusilə son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim – “Cənub” təxminən 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox, “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat, ondan əvvəl “Şimal-1” 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır. Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ona görə bu gün Ulu Öndərin abidəsi önündə onun bu xidmətlərini biz xüsusilə qeyd etməliyik.

Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi. Düzdür, energetika sistemimiz köhnəlmişdi, amma yenə də öz istismar müddətini uzada-uzada generasiya davam edirdi. O illərdə biz böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerjisi kəsilirdi, rayonlarda ümumiyyətlə elektrik enerjisi fasilələrlə verilirdi, gündə iki saat, Bakı şəhərində də həmçinin. Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaranlığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. Göstəriş vermişdim ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. O vaxt 800 meqavat generasiya gücü itirilmişdi, - bu stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi və belə bir fikir var idi ki, bunu bağlamaq, yaxud da söküb yenidən tikmək lazımdır, təmir etmək mümkün deyil. Bu 2400 meqavat gücü yenidən bərpa etmək neçəyə başa gələr, bunu hamı yaxşı bilir - milyardlarla dollara, milyardlarla. Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq.

Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisini ixrac edirik. Bu gün mənə təqdim edilən “Qobu” Elektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıracağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik. Əhali artır, sənaye artır, biznes fəaliyyəti artır – bütün bunlar enerji tələb edir. Bizim təbii resurslarımız var – qaz, neft. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir. Yəni, dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsini isə idxal edir, asılıdır. Biz tamamilə müstəqilik və iqtisadi-enerji müstəqilliyi budur. Biz bunu əldə etmişik, Ulu Öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik. Burada və bütün başqa sahələrdə onun yolu ilə irəliyə, inkişafa, tərəqqiyə doğru gedirik.

Xahiş edirəm, bütün energetiklərə mənim salamlarımı çatdırın, Mingəçevir sakinlərinə də həmçinin. Mən bu stansiyanın yenidən qurulmasında əməyi keçən hər bir insana təşəkkür edirəm və sizə yeni uğurlar arzulayıram".