• 20 Sentyabr 2020
logo
Vüqar Rəhimzadə: 102 illik yol Azərbaycan Silahlı Qüvvələrinin dünəninin, bugününün və sabahının təqdimatıdır

Vüqar Rəhimzadə: 102 illik yol Azərbaycan Silahlı Qüvvələrinin dünəninin, bugününün və sabahının təqdimatıdır

“Xalqımız müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun yaradılmasının 102-cü ildönümünü qeyd etməyə hazırlaşır. 102 illik yol dünənimizə, bugünümüzə baxış fonunda perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bugünkü Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun layiqli varisidir. 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun əsasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Həmin tarixdən bu günədək Azərbaycan Ordusu zəngin inkişaf yolu keçib, müdafiə qabiliyyətini gücləndirib və bu gün böyük inamla qeyd edirik ki, işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olan güclü, qüdrətli ordumuz vardır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, 1918-ci ildə dost və qardaş Türkiyədən gələn Qafqaz İslam Ordusunun və Əlahiddə Azərbaycan Korpusunun bölmələrinin torpaqlarımızı, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub. 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə yanaşı, Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan hərbi parad keçirildi. Həmin paradda “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Azərbaycanın ən böyük dərdi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.

Baş redaktor bildirib ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyi, həmrəyliyi bu sahədə mövcud əlaqələrin inkişafından da aydın görünür. Ötən il Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin «Sarsılmaz qardaşlıq-2019» adlı birgə döyüş atışlı taktiki təlimləri də bunun təsdiqidir. Bütün bu addımlar birlik, həmrəylik çağırışları ilə yanaşı, Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatı, eyni zamanda, digər sahələr kimi, müdafiə qabiliyyətinin gücləndiriməsi istiqamətində birgə əməkdaşlığın göstəricisidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub: «Dövlətimizin hərbi qüdrətinin artması və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bugünümüzün reallıqlarındandır. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılan Müdafiə Sənayesi Nazirliyi gündən-günə çeşidlərini artırdığı hərbi təyinatlı məhsullarını həm ölkəmizdə keçirilən hərbi pardlarda, həm də beynəlxalq sərgilərdə təqdim etməklə bir daha ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirir.»

Tarixi paralellər fonunda ölkəmizin tərəqqisinin digər sahələr kimi, ordu quruculuğunun inkişafına da geniş yol açdığını diqqətə çatdıran baş redaktor bildirib ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqillyini əldə etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Ordusu özünün inkişaf dövrünü yaşadı, maddi-texniki bazasını daha da möhkəmləndirdi: “Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi bütün sahələrdə uğurlsuzluqlara yol açmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, silahlı qruplaşmalar arasında kreslo uğrunda savaş geniş vüsət alırdı. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının ifadəçisi kimi çıxış edərək, ərazilərimizin biri-birinin ardınca işğalına göz yumurdu. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı yaşadığı bu böhrandan, qarşıdurmalardan, xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycanda müasir ordu quruculuğunun əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Qısa müddətdə ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir olan mütəşəkkil hərbi qüvvəyə çevrildi. Son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu qabaqcıl orduların sırasında layiqli yer tutub. Ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Daim bu reallıq diqqətə çatdırılır ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.”

“Bu gün Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir” söyləyən V.Rəhimzadə diqqəti 2016-cı ilin Aprel döyüşlərinə və 2018-ci ilin Naxçıvan qələbələrinə yönəldib. Vurğulayıb ki, Azərbaycan Ordusu bu iki qələbə ilə bir daha hansı imkanlara malik olduğunu həm işğalçı Ermənistana, həm də dünyaya çatdırdı. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Bununla yanaşı, digər beynəlxalq təşkilatların və dövlətlərin qərar və qətnamələrində Azərbaycanın dəyişməz mövqeyi dəstəklənir. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğalçılıq niyyətindən əl çəkmir.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimiz, möhtərəm Prezidentmiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuza, onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir- Torpaqlarımız erməni işğalçılarından azad edilsin, dövlətimizin ərazi bütövlüyü, soydaşlarımızın pozulmuş hüquqları bərpa olunsun, regionda sülh, əmin-amanlıq bərqərar edilsin: “Dağlıq Qarabağ problemini ümumilikdə regionda iqtisadi tərəqqiyə, təhlükəsizliyə böyük əngəl kimi dəyərləndirən, qətnamələrində ədalət meyarını öndə saxlayıb, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına çağırış edən beynəlxalq təşkilatların, dövlətlərin işğalçı Ermənistana “dur” demələrinin zamanı çoxdan çatıb. Bu gün Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək, suvenerliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin etmək istiqamətində səylər göstərməklə yanaşı, sülhməramlı əməliyyatlarda da iştirak edərək beynəlxalq sülhə və təhlükəsizliyə ciddi töhfələr verməkdədir.”

26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı təbrik edən baş redaktor bu arzusunu, istəyini də ifadə edib ki, gün o gün olsun Azərbaycan mətbuatı işğal altında olan torpaqlarımızın azad edilməsi sevincinin müjdəçisi olsun: “Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, xalqımızın iradəsi, gündən-günə artan beynəlxalq dəstəyin, həmçinin güclü, qüdrətli ordumuzun sayəsində tezliklə torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız bütün Qarabağ ərazilərində də dalğalanacaq, Azərbaycanın ərazi bütövlüyünün təminatı, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan oğul və qızlarımızın ruhu şad olacaq.”