• 25 Sentyabr 2020
logo
“Dövlət başçısının Gəncəyə səfəri də çox əlamətdar oldu”

“Dövlət başçısının Gəncəyə səfəri də çox əlamətdar oldu”

Naqif Həmzəyev: “Prezident Azərbaycan vətəndaşının sağlamlığı ilə yanaşı regionların sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayır”

“Dünyamızı hazırlıqsız yaxalayan koronovirus pandemiyasının ölkəmizdən də yan keçmədiyi bir dövrdə Prezident İlham Əliyevin bölgələrə səfərlərinin davam etməsi Azərbaycan vətəndaşının sözdə, fikirdə, əməldə xalqı ilə birlikdə olan liderlərinə inamını, güvəni daha da artırdı. COVİD-19 virusuna yoluxma təhlükəsinin olmasına baxmayaraq dövlət başçısının regionlara səfərləri, xoş günlərdə olduğu kimi ən çətin anlarda da ölkə vətəndaşının, xalqın yanında olması xalq-iqtidar birliyinin bariz göstəricisi kimi yaddaşlara həkk olur”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə ölkə Prezidenti Azərbaycan vətəndaşının sağlamlığı, təhlükəsizliyi ilə yanaşı regionların sosial-iqtisadi inkişafını, real vəziyyətini və perspektivlərini daim diqqətdə saxlayır: “Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağcabədi, Tərtər, Şamaxı rayonlarından sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Gəncəyə səfəri ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, eyni zamanda regionların uğurlu inkişafına əhəmiyyətli töhfə oldu. Aydındır ki, bu gün regionların simasının köklü surətdə dəyişməsi, inkişafı, tərəqqisi yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Məhz bunun üçün mütəmadi olaraq regionlara səfər edən dövlət başçısı vəziyyətlə yerindəcə tanış olur, vətəndaşlarla görüşüb, onların güzaranı, həyat səviyyəsi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir.
Ölkə Prezidentin Gəncəyə hər səfəri unudulmaz və əlamətdar olur, hər dəfə açılışlarda, təməlqoyma mərasimlərində iştirak edərək yeni obyektlərin, yeni mədəniyyət ocaqlarının, təhsil, səhiyyə müəssisələrinin, yolların, parkların istifadəsinə və ya tikintisinə xeyir-dua verir. Bu baxımdan dövlət başçısının iyunun 24-də Gəncəyə səfəri də çox əlamətdar oldu. Prezident İlham Əliyev hər zaman Gəncənin inkişafına, abadlığına, tarixinin təbliğinə xüsusi diqqətlə yanaşıb. Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə hazırda Qafqazın ən gözəl şəhərlərindən birinə, ölkənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilib. Müasirliklə qədimliyin vəhdət təşkil edən tikililər, dünyanın ən yüksək standartlarına cavab verən təhsil, səhiyyə ocaqları, yeni yollar qədim şəhərin inkişafının göstəricisidir. İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Gəncənin tarixi reallıqlarıdır. Gəncəlilər bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olublar”.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Gəncəyə 16 dəfə səfər edib: “Bu müddətdə dövlət başçısı Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında onlarla sərəncam imzalayıb. 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıbsa, 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıbsa, bütün bunların hamısı ölkə Prezidentinin Gəncəyə və onun sakinlərinə olan yüksək qayğısının, diqqətinin nümunələridir.
Bu gün də Nizaminin, Məhsətinin, Cavad xanın yurdunda infrastrukur layihələri həyata keçirilir, abadlıq işləri aparılır, yeni istehsal və emal müəssisələri açılır. Ölkə Prezidentinin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı ən yüksək standartlara cavab verən “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu istifadəyə verildi. Ümumi dəyəri 46,5 milyon manat olan müəssisədə 300-dən çox yeni iş yeri yaradılıb ki, bu da işsizlik probleminin həllində böyük əhəmiyyətə malikdir.
Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanışlıq bir daha göstərdi ki, dövlət başçısı hər bir işin gedişini, verilən tapşırığın icrasını nəzarətdə saxlayır, qarşıya çıxan çətinliklərlə maraqlanır, müvafiq tövsiyələrini verir. Xatırladaq ki, artıq tamamlanmaq üzrə olan Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub”.
Millət çvəkili bildirib ki, Gəncə ildən-ilə gözəlləşir və müasirləşir: “Bütün bu yeniliklər Gəncənin tarixi özəlliyini kölgədə qoymur, əksinə, tarixilik və müasirlik bütün görülən işlərdə vəhdət təşkil edir. Ölkə Prezidentinin və xanımı Mehriban Əliyevanın iştirakı ilə bərpadan sonra istifadəyə verilən “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi Gəncənin tarixi simasına yeni çalarlar qatıb.
Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay çayı üzərində eyni vaxta beş körpünün bərpası başa çatdırılıb və ölkə Prezidenti səfər çərçivəsində burada görülən işlərlə yaxından tanış olub.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin, ikinci Olimpiya İdman Mərkəzinin tikintisi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun istifadəyə verilməsi Gəncəni qədimliyi özündə qoruyub saxlamaqla, müasirliyi də özündə birləşdirən unikal bir şəhərə çevrib.
“Yaşıl şəhər” layihəsinin ölkəmizdə ilk dəfə olaraq Gəncə şəhərində həyata keçirilməsi, İdman Sarayının, Gəncə Dövlət Dram Teatrının, ikinci “ASAN xidmət” mərkəzinin, yeni ümumtəhsil məktəbi binasının tikintisinin davam etdirilməsi üçün ayrılan vəsait ölkə Başçısının Gəncə və gəncəlilərə olan diqqətin daha bir təzahürü olub.
1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Prezident İlham Əliyevin “Mənim üçün insanların sağlamlığı əsas prioritetdir” sözləri isə bu çətin şəraitdə maddi – mənəvi öz resurslarına söykənən Azərbaycan dövlətinin ən başlıca məqsədinin vətəndaşların sağlamlığı və onların təhlükəsizliyinin təmin edilməsinin olduğunun təsdiqidir.
Koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə qısa müddət ərzində ölkəmizdə sayca 5-ci modul tipli xəstəxananın Gəncədə istifadəyə verilməsi də dövlət başçısının “gözəgörünməz düşmən”lə mübarizədə atdığı zəruri addımlara nümunədir.
Gəncəlilər İlham Əliyevin xüsusi diqqəti və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər. “Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir” - ölkə başçısı İlham Əliyevin modul tipli xəstəxananın açılışında səsləndirdiyi bu fikirlər gəncəlilərə dəyərli töhfə olub. Prezident İlham Əliyevin regionlara, xüsusən də Şeyx Nizaminin, Məhsəti Gəncəvinin, Əbülüla Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın yurduna səfəri bir daha onu göstərdi ki, dövlət başçısının ürəyi, qəlbi Vətənimizin inkişafı, tərəqqisi, xalqımızın xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi üçün daim çırpınır”.

Əli Zülfüqaroğlu