• 28 Mart 2025
logo
"Məsuliyyət, nizam-intizam göstərilməli, məsuliyyətsiz adamlara qarşı ictimai qınaq olmalıdır"

"Məsuliyyət, nizam-intizam göstərilməli, məsuliyyətsiz adamlara qarşı ictimai qınaq olmalıdır"

Azərbaycan dövləti yeni növ koronavirusa yoluxma hallarının qarşısının alınması, vətəndaşların sağlamlıqlarının qorunması, həyati təhlükəsizliklərinin təmin edilməsi, sosial problemlərinin həlli, sahibkarlıq subyektlərinin, iş yerlərinin qorunması istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirib və pandemiya dövründən az ziyanla çıxılması məqsədilə antiböhran tədbirlərini davam etdirir.
Bunu Milli.Az-a siyasi ekspert Elçin Mirzəbəyli ölkə başçısı cənab İlham Əliyevin Gəncədə modul tipli xəstəxananın açılışı zamanı söylədiyi nitqi şərh edərkən deyib.
O bildirib ki, Covid-19 virusunun ölkə həyatının bütün sahələrtində yaratdığı böhranlı vəziyyət və mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında danışarkən, ilk növbədə bir mühüm məqamı nəzərə almaq lazımdır: "Problem qlobal xarakter daşıyır və nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi iqtdisadiyyatın bütün sahələrini, beynəlxalq iqtisadi münasibətlər sistemini, sosial həyatı iflic edən bu ehtimal olunamayan vəziyyətə hazır olmayıb".
Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı nitqində bütün bu məqamlara detallı şəkildə aydınlıq gətirdi və son bir neçə ay ərzində, ilk növbədə Azərbaycan vətəndaşlarının hər birinin sağlamlığının qorunması, həyati təhlükəsizliyini təmin edilməsi, sosial problemlərin həlli, iqtisadiyatın postpandemiya dövrünə mümkün qədər az itkilərlə çıxması üçün görülən tədbirlər haqqında söhbət açdı. Cənab Prezidentin nitqindən və istinad etdiyi faktlardan da göründüyü kimi, Azərbaycan dövləti son 4 ay ərzində bugünədək yaşanan, təbii fəlakətlərdən və digər amillərdən qaynaqlanan böhran vəziyyətlərində gerçəkləşdirilməsi mümkün olmayan tədbirlər həyata keçirib. Qoruyucu və dezinfeksiyaedici vasitələrin istehsalı ilə məşğul olan müəssisələrin açılışından başlamış çoxsaylı modul tipli xəstəxanaların inşasınadək görülən işləri hətta zaman etibarilə 4 aylıq müddətə sığışdırmaq mümkün deyil. Bu sıraya adi vaxtlarda ölkə həyatı üçün vacib olan məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirləri, yol və infrastruktur layihələrinin icrasını, ayrı-ayrı bölgələrin su və digər probleminin həlli üçün fasiləsiz həyata keçirilən tədbirləri də əlavə etsək, görülən işlərin miqyasını müəyyən edə bilərik. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə həyat davam edib və Azərbaycan azsaylı dövlətlərdəndir ki, öncədən həyata keçirilməsi nəzərdə tutulan bütün layihələrin icrasını təmin etməyi bacarıb.
Azərbaycan Prezidentinin də nitqində qeyd etdiyi kimi bütün bunlar və həyata keçirilən digər tədbirlər, düşünülmüş qabaqlayıcı addımlar əhalinin böyük fəlakətdən qorunmasına zəmin yaradıb. Azərbaycanda Covid-19 virusuna yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İnfeksiyaya yoluxanların böyük əksəriyyətinin sağaldığını və xəstəxanalardan çıxdığını nəzərə alsaq, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydasının olduğunu görə bilərik. Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi də, ölkə başçısının qeyd etdiyi kimi, yoluxmanın sürətini azaltmaqdır. Bu bağlamda bir məqama da diqqət çəkməyi vacib hesab edirəm: Bəzən xüsusi karantin rejiminin sərtləşdirilməsini, yaxud vaxtının uzadılmasını hansısa fantastik siyasi mülahizələrlə bağlayanlar da tapılır. Xüsusilə də "5-ci kolon" və onların ölkə xaricindəki tör-töküntüləri belə məsələlərdə absurd iddialarla çıxış edirlər.
Bütün bu heç bir əsası olmayan mülahizələrin qarşılığında bir məqamı qeyd etmək istəyirəm: Onların ictimai rəyin çaşdırılmasına, neqativ də olsa populyarlıqlarının artmasına yönəlmiş iddialarından fərqli olaraq, Azərbaycan hökumətinin vətəndaşların sağlamlıqlarının qorunması, həyatlarına yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlərin heç biri populyar addımlar deyil. Kimsəyə sirr deyil ki, sosial izolyasiya tədbirləri insanlara psixoloji baxımdan mənfi təsir göstərir, onların adi məişət məsələlərindən belə qıcıqlanmalarına zəmin yaradır. Heç bir siyasi hakimiyyət bütün bunları bilə-bilə, zəruri omadığı halda belə məhdudlaşdırıcı tədbirlərə əl atmaz. Azərbaycan hökumətinin bu yalançı "qəhrəman"lardan fərqi də, vətəndaşların sağlamlığını öz populyarlığından üstün tutması, insan amilinin Prezident İlham Əliyev üçün ön cərgədə dayanmasıdır".
O bildirib ki, həyata keçirilən son məhdudlaşdırıcı tədbirlərin də məqsədi, bilavasitə ölkə vətəndaşlarının sağlamlığını qorumaqdır: "Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır və atılan addımların da məqsədi ondan ibarətdir ki, yoluxmanın sürəti azalsın, həmvətənlərimiz sağlam olsunlar.
Lakin bu məsələdə bütün məsuliyyətin dövlətin üzərinə qoyulması, dövlət qurumlarının fəaliyyəti nəticəsində virusun birdən-birə yoxa çıxacağını gözləmək, ən azı sadəlöhvlükdür. Prezidenti İlham Əliyev də öz nitqində bu məqamlara diqqət çəkdi və bildirdi ki, dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq.
Dövlətimizin başçısı çox haqlı olaraq qeyd etdi ki, üç adi qayda gözlənilməli, həmrəylik, birlik göstərildiyi kimi, məsuliyyət, nizam-intizam göstərilməli, məsuliyyətsiz adamlara qarşı ictimai qınaq olmalıdır. Çünki Covid-19-a - görünməyən düşmənə qalib gəlməyin yeganə yolu vahid orqanizm kimi hərəkət etməkdir. Həmrəylik mühüm faktordur, amma sözdə yox, əməldə. Vətəndaşlar dövlətlə, onun həyata keçirdiyi tədbirlərlə iç-içə, bütöv olmalıdır. İctimai qınaq tədbirlərinin yalnız dövlət qurumları nümayəndələrinin, polisin, kütləvi infornasiya vasitələri təmsilçilərinin vasitəsilə həyata keçirilməsini gözləməməlidir. O ehtiyac duyulduğu halda ictimai məsuliyyəti öz üzərinə götürməli, qaydalara əməl etməyənləri etik normalar çərçivəsində qınağa məruz qoymalı, tətbiq olunan qaydaların onların, doğmalarının həyatı üçün vacib olduğunu yorulmadan izah etməlidir.
Çünki bu, Prezident İlham Əliyevin də bildirdiyi kimi milli təhlükəsizlik məsələsidir, ümummilli məsələdir. Ümummilli məsələlərin həllində isə millət, xalq olaraq vahid mövqedən çıxış etmək, hərəkət etmək lazımdır.