• 27 İyul 2024
logo
Azərbaycan ilə Yaponiya arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Yaponiya arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Yaponiyadakı səfəri Gürsel İsmayılzadənin bu Gündoğar ölkə parlamentinin müşavirlər palatasının prezidenti xanım Akiko Santo ilə görüşündə iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə əvvəlcə A.Santo G.İsmayılzadəni Azərbaycanın Yaponiyaya səfiri təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, G.İsmayılzadə qəbula, səmimi təbrikə və xoş arzulara görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Azərbaycanda hazırki siyasi, iqtisadi və ictimai vəziyyət barədə ətraflı məlumat verən səfir, ölkəmizdə həyata keçirilən geniş iqtisadi islahatlar, qeyri-enerji sektorunun inkişafı istiqamətində atılan addımlar barədə danışıb. Qarşı tərəfə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının uğurla alınması, iqtisadi sabitliyi qorumaq üçün atılan vacib addımlar haqqında məlumat verən diplomatımız, ölkə başçısının ilk növbədə xalqın həyatı və sağlamlığına prioritet verdiyini vurğulayıb.

Verilən məlumatlara görə təşəkkürünü bildirən A. Santo da Yaponiyada COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində hökumət tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi barədə məlumat verən G.İsmayılzadə onun 1918-1920 illərdə müsəlman dünyasında parlament Respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğunu, qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi müsəlman dövləti olduğunu qeyd edib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan xalqının böyük nailiyyətidir. Həmin vaxt ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dil kimi, Azərbaycanın bayrağı və digər dövlət atributları qəbul edilib, Azərbaycan Silahlı Qüvvələri yaradılıb. Həmçinin, Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

Müşavirlər palatasının prezidentinə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da geniş məlumat verilib.

Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunan səfir Yaponiyanın Azərbaycan üçün Asiya regionunda çox vacib tərəfdaş olduğunu, ölkəmizin Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, Azərbaycan – Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın, xüsusən də, iqtisadi cəhətdən genişləndirilməsinin vacibliyini vurğulayıb.

Müşavirlər palatasının prezidenti öz növbəsində qeyd edib ki, Yaponiya da Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişafında maraqlıdır. A.Santo bildirib ki, qeyd olunan istiqamətdə lazımı dəstəyini heç zaman əsirgəməyəcək.

Görüşdə müşavirlər palatasının prezidenti Azərbaycan Milli Məclisinin sədrinə bu vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırmağı da xahiş edib.