• 27 İyul 2024
logo
Azərbaycan Prezidenti: Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik

Azərbaycan Prezidenti: Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik

Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik.

Bunu Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib:

"İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir.

İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün.

Bütün bunlarla bərabər, eyni zamanda, deməliyəm ki, həyat davam edir. Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik. Bu gün Gəncə şəhərində bir neçə vacib obyektin açılışı nəzərdə tutulur. Mən bu gün artıq yeni zavodun açılışında iştirak etdim. Mənə verilən məlumata görə, orada 300-dən çox insan işlə təmin ediləcək. Bu zavodda istehsal olunan məhsullar idxalı əvəzləyəcək və yerli bazarı təmin edəcək.

Gəncə şəhərinin tarixi abidələrinin bərpası ilə əlaqədar mənim tərəfimdən müvafiq göstərişlər verilib. Yaxşı bilirsiniz ki, bütün xalqımız üçün çox əziz və müqəddəs olan “İmamzadə” tarixi-dini kompleksinin yenidən qurulması, onun genişləndirilməsi, orada məscidin tikilməsi və digər tikililərin yaradılması təmin edilib. Bu gün “Şah Abbas” və “Uğurlu Xan” karvansaralarının bərpadan sonra açılışını edəcəyik. Mənim göstərişimlə Gəncə şəhərində ikinci “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Çünki indi şəhərin əhalisi çoxalır və “ASAN xidmət” mərkəzlərində xidmətlərin sayı artır. Ona görə növbələr yaranır. Göstəriş vermişəm, yaxın zamanlarda ikinci “ASAN xidmət” də istifadəyə veriləcəkdir. Gəncə Dövlət Dram Teatrının binasının tikintisi gedir. Yadımdadır, mənim Gəncəyə səfərlərimin birində Dram Teatrının artistləri mənə müraciət etmişdilər. Mən bu müraciəti qəbul etdim və göstəriş verdim gözəl Dram Teatrı tikilir. İkinci Olimpiya İdman Mərkəzi tikilir. Çünki o vaxt birinci mərkəz tikiləndə mən hələ prezident vəzifəsində deyildim, Milli Olimpiya Komitəsinin prezidenti kimi bu işi icra etmişdim. Ancaq ikinci idman kompleksinə ehtiyac var".