• 25 Sentyabr 2020
logo
Prezident İlham Əliyev: Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik

Prezident İlham Əliyev: Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik

Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik.

Bunu Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Gəncə şəhərində modul tipli xəstəxana açılır. Bu əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm.

Qısa müddət ərzində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxana artıq istifadəyə verilir. Nəzərə alsaq ki, koronavirusla mübarizə davam edir, bu xəstəxananın çox böyük əhəmiyyəti vardır.

Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır.

Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilmişdir. O vaxt xəstələrin sayı kifayət qədər az idi. Eyni zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq, hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır.

Bütövlükdə deyə bilərəm ki, əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir. Sonuncu xəstəxana Samux şəhərində istifadəyə veriləcəkdir. Bu məqsədlər üçün vəsait ayrıldı və əlavə vəsait də ayrılacaq. Bu gün Bakı şəhərində koronavirus xəstələri daha çox son illər ərzində inşa edilmiş xəstəxanalarda müalicə alırlar. Xüsusilə “Yeni klinika”nı qeyd etməliyəm. O, ölkəmizdə ən gözəl, ən müasir klinikadır və ən böyük tibb ocaqlarından biridir. Təxminən 600 çarpayılıq klinikada bu gün xəstələr müalicə alır. Eyni zamanda, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə tikilmiş Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpuslarının fəaliyyəti hesabına biz xəstələri müalicə edirik".