• 25 Sentyabr 2020
logo
AŞPA-nın Bərabərlik və Ayrı-seçkilik Komitəsinin videokonfransı keçirilib

AŞPA-nın Bərabərlik və Ayrı-seçkilik Komitəsinin videokonfransı keçirilib

Bu gün AŞPA-nın Bərabərlik və Ayrı-seçkilik Komitəsinin videokonfransı keçirilib.

Onlayn toplantıda “Xarici siyasətin gender ölçüsü”, "namus” cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi”, “COVID-19 böhranının qadın hüquqlarına təsiri” və digər aktual mövzularda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Toplantıda ölkəmizi təmsil edən, Milli Məclisin deputatı, AŞPA-nın Bərabərlik və Ayrı-seçkilik Komitəsinin üzvü Könül Nurullayeva çıxış edərək, diqqəti qadınlara qarşı törədilən “namus cinayətləri”nə yönəldib. Bunu insan hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib.

“Bu cür cinayətkarlar öz əməllərinə bəraət qazandırmaq məqsədilə guya ailələrində əxlaq dəyərlərini qorumaq naminə bu addımı atdıqlarını iddia edirlər. Lakin bu cinayətlər heç şübhəsiz qadınlara qarşı ayrı-seçkiliyin ən dəhşətli nəticələrindən biridir” deyən K.Nurullayeva qeyd edib ki, baxmayaraq ki, “namus cinayətləri” həm kişilərə, həm də qadınlara qarşı törədilir, bununla belə müqayisədə qadınlar daha çox təhlükə riski altındadır. Belə cinayətlərin əsasən ailələrdə baş verdiyini vurğulayan millət vəkili qeyd edib ki, İstanbul Konvensiyası və 1681 saylı Qətnamə qadınlara qarşı "namus cinayətləri" ni pisləsə də hələ də Avropada bu cür zorakılıq hallarına yol verilməsi, beynəlxalq konvensiyanın tələblərinin kobud şəkildə pozulması faktlarına rast gəlinir və əksər hallarda cinayətlər ailələr tərəfindən gizlədildiyindən və dövlətlərin bu cinayətləri daha az ciddiyə almasına görə ölkələrin statistikaları da dəqiq deyil.

K.Nurullayeva çıxış yolu kimi ilk növbədə bu belə cinayətlərə qarşı daha sərt və təsirli qanunların qəbul edilməsinin vacibliyini təklif edib. Eyni zamanda deputat KİV-lərin cəmiyyətə təsir imkanlarını nəzərə alaraq, media etikası və və ictimai məlumatlılığın artırılmasına paralel olaraq, hüquq-mühafizə sisteminin effektivliyini artırmaq və bu cinayətlərin qarşısının alınması və effektiv təqibi üçün təlimlərin keçirilməsini nəzərdə tutan proqramların qəbul olunmasını məqsədəuyğun hesab edib:

“Bundan əlavə, qurbanları qorumaq və dəstəkləmək üçün müvafiq sosial iş və digər müdafiə mexanizmləri də daxil olmaqla zərərçəkənlərin kompleks müdafiəsi mexanizmləri mövcud olmalıdır” deyən K.Nurullayeva hesab edir ki, “namus” ifadəsinin mühafizəkar cəmiyyətlərdə xüsusi həssaslıqla qarşılanması əslində təhlükənin miqyasını daha da genişləndirir. Odur ki, cinayət əməli heç bir halda “şərəf” və “namus” ifadələri ilə assosiasiya olunmamalıdır”.