• 26 Sentyabr 2020
logo
Dövlət başçısına yazırlar: “Siz bütün fəaliyyətinizi vətəndaşların rifahının yaxşılaşdırılmasına həsr etmisiniz”

Dövlət başçısına yazırlar: “Siz bütün fəaliyyətinizi vətəndaşların rifahının yaxşılaşdırılmasına həsr etmisiniz”

Vətəndaşlardan Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təşəkkür məktubları gəlməyə davam edir.

Baymedia.az məktublardan bəzilərini təqdim edir:

Bu gün ölkəmiz Sizin qabaqlayıcı tədbirləriniz və məqsədyönlü addımlarınız sayəsində dünyanın bir çox ölkələri ilə müqayisədə koronavirusa qarşı az itki ilə mübarizə aparmaqdadır. Bu ağır gündə aztəminatlı ailələrə göstərdiyiniz diqqət, onlara göndərdiyiniz maddi və ərzaq yardımları və ölkənin birinci xanımı Mehriban Əliyevanın da dəstəyi bir daha sübut etdi ki, Siz hər zaman xalqın yanındasınız.

Bu proseslərin gedişi ərəfəsində bütün ölkədə olduğu kimi, bizim rayonda da tikinti-quruculuq, abadlıq işləri aparılır. Rayonumuzda illərdir təmirsiz olan doğum evində aparılan abadlıq işləri bizim üçün böyük bir hədiyyə oldu. Yaşadığımız Arbatan kəndinə Sizin göstərişiniz əsasında çox gözəl yeni asfalt çəkilməsi rayona gediş-gəlişimizi asanlaşdırıb. Bizim üçün ən sevindirici hal isə 1964-cü ildə tikilib istifadəyə verilən kənd məktəbinin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanılmasıdır.

Möhtərəm cənab Prezident, bu işlərə görə biz Arbatan kənd sakinləri Sizə öz təşəkkür məktubumuzu ünvanlamağı qərara aldıq. Biz bir daha əyani şahidi olduq ki, Siz bu çətin günlərdə belə xalqın üzərindən diqqət və qayğınızı əskik etmirsiniz. Sizə bütün kənd sakinləri adından minnətdarlığımızı çatdırırıq. Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Allah Sizi və ailənizi daim qorusun, ucaltsın, ölkəmizi çiçəkləndirsin, uğularınızı əbədi etsin. Biz Sizinlə birlikdə güclüyük.

Hörmətlə,

Ələkbərli Sevinc Dostu qızı

Babayeva Şükufə İman qızı

İsayeva Əfruzə Fərzi qızı

Rzayeva İradə Əliağa qızı

Abuşova Vüsalə Zakir qızı və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Arbatan kəndi”.

“Hörmətli cənab Prezident.

Mən həmişə Sizin fəaliyyətinizi dəstəkləyən bir Azərbaycan vətəndaşıyam. Siz bütün fəaliyyətinizi vətəndaşların rifahının yaxşılaşdırılmasına həsr etmisiniz. COVID-19 pandemiyasına qarşı səmərəli və düzgün siyasətiniz bunu bir daha sübut etdi.

Hazırda dünyanı iqtisadi böhran bürümüşdür. Amma Siz öz müdrik siyasətinizlə Azərbaycanı bu bəladan qorumaqdasınız. Bu çətin vəziyyətdə Siz regionlara səfərlər edir, xalqın firavan yaşayışı üçün yeni obyektlər açır, videokonfranslar və videogörüşlər vasitəsilə mühüm məsələləri müzakirə edir, öz münasibətinizi bildirirsiniz. Böyük siyasətiniz, yüksək zəkanız və uzaqgörənliyiniz sayəsində buna nail olursunuz.

Cənab Prezident, millətimizə, xalqımıza göstərdiyiniz bu böyük və məsuliyyətli əməyinizə görə Sizə öz adımdan və ailəmin adından təşəkkür edirəm. Qoy Ulu Tanrı Sizə hər zaman kömək olsun.

Hörmətlə,

Əliyev Bayraməli Alxan oğlu

İkinci qrup əlil

Azərbaycan Respublikası, Saatlı rayonu, Əhmədbəyli kəndi”.

“Hörmətli cənab Prezident.

Şəhid ailələrinə, Qarabağ qazilərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğınız bizim həyatımızda misilsiz rol oynayır. Sizin bu qayğıkeş münasibətinizdən digərləri ibrət götürürlər. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, lazımi tədbirlər görülür.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən Vətən uğrunda bir oğul itirsəm də, əvəzində minlərlə oğul qazanmışam və bununla fəxr edirəm. Başda Siz olmaqla, şəhid ruhuna və şəhid anasına böyük hörmət və ehtiram bəsləyən hər kəsə alqış və dua edirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Əliyeva Xatirə Rəşid qızı

Şəhid anası

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu”.

“Möhtərəm Prezident.

Mən Qarabağ müharibəsi veteranıyam. Həm Qarabağ müharibəsi veteranları və əlillərinə, həm də şəhid ailələrinə göstərilən qayğıya, onların problemlərinin həllinə görə Sizə və Mehriban xanıma bu kateqoriyalardan olan bütün insanlar adından təşəkkürümü bildirirəm.

Sizin Fərman və Sərəncamlarınızdan irəli gələn tapşırıqların icrası nəticəsində həyat şəraitimiz yaxşılaşmış, narahatlıq doğuran bir sıra məsələlər öz həllini tapmışdır. Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər.

Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Yusif Rza oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.

“Hörmətli cənab Prezident.

Mən Quba rayonunun Çartəpə kəndində yaşayan 82 yaşlı təqaüdçüyəm. Yaşımın bu çağında doğma kəndimi abad, həyatımı firavan görmək mənə çox xoş gəlir. Həyat eşqim artır, ilhamlanıram. Kəndimizdə son illər ərzində xeyli təmir-tikinti işləri görülmüşdür. Elə rayon mərkəzindən kəndə qədər uzanan asfalt yol nəyə desəniz dəyər. Əvvəllər rayon mərkəzinə bir saata güc-bəla ilə çatırdıq. İndi isə bunun üçün cəmi 15 dəqiqə kifayət edir. Qonşu rayon olan Qusara da gediş-gəlişimiz asanlaşmışdır. Hazırda kəndə içməli su xəttinin çəkilməsi istiqamətində işlər gedir.

Möhtərəm Prezident, ürəyimdən gələn bu sözləri Sizə çatdırmağı özümə borc bildim. Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Nəcəfov Seyidbala Əsgər oğlu

Azərbaycan Respublikası, Quba rayonu, Çartəpə kəndi”.

“Hörmətli cənab Prezident.

Siz həmişə biz yaşlıları düşünürsünüz. Yaşayış şəraitimiz yaxşılaşsın deyə təqaüdlərimizi artırırsınız. Bu bizi sevindirir. Buna görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Sizi bir Prezident, bir övlad kimi sevirik. Sizə arxalanırıq, Sizə güvənirik. Ümummilli liderimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirirsiniz.

Siz mütəmadi olaraq neçə-neçə şəhid ailəsinə, Qarabağ qazisinə, aztəminatlı kasıb ailələrə öz humanist Sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz. Mənim mənzillə təmin edilməyim, bir şəhid anasını sevindirmək, ən azı şəhidlərin ruhu qarşısında böyük ehtiramdır. Bu sevinc ailəmiz üçün necə bir şirin töhfədir, bir Allah bilir. Mənim Sizə təşəkkürüm sonsuzdur. Allah Sizi qorusun.

Hörmətlə,

Rzayeva Xırda Abdulla qızı

Şəhid anası

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi”.

“Möhtərəm cənab Prezident.

Sizin müdrikliyiniz və gördüyünüz təqdirəlayiq işlər sayəsində ölkəmiz son illər ərzində sürətlə inkişaf etmiş və daha da gözəlləşmişdir. Üzləşdiyimiz taleyüklü məsələlərdə və keşməkeşli həyat yollarında xalqımız Sizin həlledici addımlarınızla nicat tapıb, min bir çətinliyə sinə gərib. Son vaxtlar dünyaya meydan oxuyan pandemiya dövründə biz bir daha bunun şahidi olduq. Əvvəlki illərdə çoxlu sayda tibb müəssisələrinin tikilməsi və ya təmir olunması, ölkəmizin maddi ehtiyatlarının formalaşdırılması, texniki imkanların genişləndirilməsi bu çətin məqamda köməyimizə çatdı. Bax budur uzaqgörənlik.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, cənab Prezident. Sizin işlərinizi görənlər görür və qiymətləndirir, görməyənlərin gözünə isə Allahdan nur arzulayırıq. Bir də onu arzulayırıq ki, Allah bu pandemiya bəlasını tezliklə ölkəmizin üzərindən götürsün, Azərbaycan yenidən əvvəlki günlərinə qayıtsın.

Hörmətlə,

Sadıqova Gülnar Famil qızı

Azərbaycan Respublikası, İmişli rayonu, Ağamalılar kəndi”.

“Möhtərəm cənab Prezident.

Bu gün bəşəriyyətin böyük sınaqla üzləşdiyi çətin dövrdə, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda güclü mübarizə aparılmasına baxmayaraq, dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində, Amerika qitəsi ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir. Lakin koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk gündən etibarən Sizin qəbul etdiyiniz qərarlar və qabaqlayıcı tədbirlər pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı. Sizin çevik və yüksək idarəetmə bacarığınız sayəsində infeksiyaya yoluxmaların sayı aşağı həddə saxlanılmaqdadır.

Cənab Prezident, bu xeyirxah işinizə görə Sizə uzun ömür, cansağlığı arzulayır, işlərinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

Əhmədov Nicat Hüseyn oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, 689 saylı qəsəbə”.

“Hörmətli cənab Prezident.

Ölkəmizin sürətli inkişafı, iqtisadi sahənin tərəqqisi Azərbaycanda mədəniyyət və turizm mühitinin də yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsi isə “Beşbarmaq Dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 8 iyun 2020-ci ilin tarixində imzaladığınız Sərəncam oldu. Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin qədim köklərə malik olduğunu sübut edən bu tarix-təbiət abidəsinin diqqətinizi cəlb edərək Dövlət Qoruğu elan edilməsi xəbəri Siyəzən sakini və tarix müəllimi kimi məni çox sevindirdi. Dünyanın ən qədim insan məskənlərindən, bəşər sivilizasiyanın ilk beşiklərindən olan Azərbaycan daim məşhur səyyahların diqqətini özünə cəlb etmişdir. Azərbaycan dövləti tarixi dəyərlərə söykənən təməl üzərində quruldu. Son illərdə isə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Sizin rəhbərliyinizlə ölkədə aparılan iqtisadi islahatların nəticəsində ölkəmiz dünyada tanınmış, regionda lider dövlətə çevrilmişdir. Biz gələcəyə nikbinliklə baxırıq, gələcəyimizin daha da gözəl olacağını görürük. İnanırıq ki, imzaladığınız bu Sərəncam da ölkəmizdə turizmin inkişafına öz töhfəsini verəcəkdir.

Cənab Prezident, yeritdiyiniz müdrik siyasəti, qəbul etdiyiniz qətiyyətli qərarları ürəkdən dəstəkləyirəm və Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nailə Quliyeva

Azərbaycan Respublikası, Siyəzən rayonu”.

“Hörmətli cənab Prezident.

Bir gənc olaraq Sizə minnətdarlığı özümə həm vətəndaşlıq, həm də vicdan borcu bilərək bu təşəkkür məktubunu Sizə ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də səhiyyə cəhətdən ağır sınaqdan keçir. Artıq məlum məsələdir ki, dünyada super güc hesab edilən ölkələrdə pandemiyanın ağır fəlakətləri üzə çıxmağa başlayır. Dünyanın bu mənzərəsi qarşısında ölkəmizdəki stabillik, sosial yardımlar Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir. Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun.

Hörmətlə,

Taleh Mansurov

Yeni Azərbaycan Partiyasının üzvü, Yasamal rayonunun ictimai fəalı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

“Hörmətli cənab Prezident.

Bu məktubu yazmaqla Sizə təşəkkürümü bildirirəm. Bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız hər bir vətəndaş kimi məni də qürurlandırdı və ruhlandırdı. Əminik ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyaya qalib gələcəyik. COVID-19 pandemiyasına qarşı gördüyünüz işlərə, qəbul etdiyiniz qərarlara, vətəndaşlarımızı qorumaq istiqamətində fəaliyyətinizə, həmçinin məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə Füzuli rayon Üçbulaq kənd tam orta məktəbinin müəllim kollektivi adından təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük, əziz Prezidentimiz. Sizə uzun ömür, cansağlığı və gördüyünüz hər bir işdə uğur arzu edirəm. Allahın nəzəri daim üzərinizdə olsun.

Dərin hörmət və ehtiramla,

Mütəllimli Gülü

Füzuli rayon Üçbulaq kənd tam orta məktəbinin müəllimi

Azərbaycan Respublikası, Füzuli rayonu”.

“Hörmətli cənab Prezident.

Mən Sizə Ağcabədidən yazıram. Sadə bir vətəndaşam. Vətənə layiqli övladlar yetişdirməyi bir vətəndaşlıq borcu hesab edirəm. Necə ki, Siz gördüyünüz işləri təkcə vəzifə borcu kimi yox, həm də vətəndaşlıq borcu kimi həyata keçirirsiniz. Sizə sevgimiz sonsuzdur. Biz anaların istədiyi əmin-amanlıq, sakitlikdir ki, övladlarımızı qorxusuz, sevgi ilə böyüdə bilək. Siz bunu bizə vermisiniz. Ölkəmiz gündən-günə abadlaşır, bütün sahələrdə inkişaf gedir. İnanırıq ki, işğal altında olan torpaqlarımızı da qan tökülmədən, can alınmadan azad etməyə nail olacaqsınız. Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Aytəkin Mamedova

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

“Hörmətli cənab Prezident.

Öz adımdan və Hacıqabul rayon sakinləri adından Sizə təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanı cənginə alan COVID-19 virusuna qarşı apardığınız müdrik işlər sayəsində Azərbaycan yoluxma sayının az olduğu və minimum zərər çəkmiş ölkələr sırasında yer alır. Bu ağır və çətin vəziyyətdə Azərbaycan xalqının yanında olaraq maddi və mənəvi kömək etdiniz. Ən başlıcası xalqı düşünmək, onun mənafeyini hər şeydən üstün tutmaq böyük diqqət və fədakarlıqdır.

Cənab Prezident, xalqa olan bu diqqətinizə və rayonumuzda son illərdə görülən işlərə görə Sizə bir daha təşəkkür edir, gələcək işlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Vəliyev Orxan Hüseynxan oğlu

Azərbaycan Respublikası, Hacıqabul rayonu”.

“Hörmətli cənab Prezident.

Mən Şirvan şəhər sakini olaraq, Sizin bu çətin günlərdə atdığınız addımları yaxından izləyirəm. Siz Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edib, onu zirvələrə doğru aparırsınız. Siz xalqımız üçün bu ağır dövrdə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, sağlamlığının qorunması istiqamətində genişmiqyaslı işlər görürsünüz. İnanıram ki, pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyiniz bütün tədbirlər müsbət nəticəsini verəcək və biz birlikdə infeksiyaya qalib gələcəyik.

Əziz Prezidentimiz, xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə öz adımdan və bütün şirvanlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz şirvanlılar dövlətçiliyimizin inkişafı uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyirik və Sizinləyik. Müstəqil, güclü Azərbaycan naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Xudayeva Şahsənəm Balahməd qızı

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

“Hörmətli cənab Prezident.

Mən azərbaycanlı olmağımla fəxr edirəm. Azərbaycan mənim Vətənim, ana yurdumdur. Azərbaycanda yaşadığım üçün sevinc və qürur hissi keçirirəm. Amma ən böyük fəxrim Sizsiniz, hörmətli Prezidentim. Sizin öz vətəndaşlarınıza göstərdiyiniz qayğı məni qürurlandırır. Bütün dünyanın iqtisadi böhran içində çapaladığı bir dövrdə Sizin atdığınız addımlar, o cümlədən iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışı xalqımızın rifahı, onun xoşbəxt gələcəyi naminə edilir. Buna görə Sizə minnətdaram. Var olun. Tanrı Sizi qorusun.

Hörmətlə,

Elçin Həsənov

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

“Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan gənci kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Dünyada, eləcə də Azərbaycanda gedən prosesləri, fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yaxından izləyir, gənc nəsilə verdiyiniz xüsusi önəmi yüksək qiymətləndirirəm. Dünyanın koronovirus adlı görünməz düşmənlə savaşdığı bir dövrdə ölkəmizin dünyanın inkişaf etmiş ölkələrinə nisbətən daha az itki verməsi məhz Sizin tərəfinizdən həyata keçirilən çox ciddi, davamlı və təsirli tədbirlər nəticəsində olmuşdur. Azərbaycan xalqı Sizin məhəbbətinizi daim hiss edib və Sizə daim dəstək olmuşdur. Vəziyyətin belə ağır vaxtında Sizin Ağdama olan səfəriniz bizə sevinc bəxş etdi. Bütün ağdamlılar, qarabağlılar bu səfərinizi yüksək qiymətləndirdi və bir daha tək olmadığımızı gördük. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə dərin təşəkkürümü bildirirəm. Gənc nəsil Sizinlədir. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da.

Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Teymurov Elmir Habil oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi”.